Читать книгу Dəli Çəmənli - Vahid Çəmənli - Страница 16

Dəlidən doğru xəbərlər
Düzdə qalan düzlük…

Оглавление

Qəribə ifadə idi… göydən yerə bulud-bulud yuxu yağır. Bu sətirləri «Facebook» səhifələrində bir dostum yazmışdı. Əvvəlcə sadəcə «xoşum gəldi» kimi qeyd edib keçmək istədim. Hətta kursoru düymənin üstünə də gətirdim. Amma sonra kəlama şərh yazmaq istədim. Bir anlığa fikrə getdim. Bəlkə, şən əhval-ruhiyə yaradan bir cümlə yazım? Məsələn: Yatağanların ən böyük arzusu, yuxudan əziz heç nəyim yoxdur və c. Sonra fikirləşdim ki, əgər göydən kiminsə istəyi ilə bulud-bulud yuxu yağa bilirsə, deməli, onda başqa istəklərimiz də yağa bilər. Bəs nə yağa bilər? Bəlkə də həyatımda ilk dəfə bu sualı öz-özümə verirdim. Necə yəni nə yağa bilər? Hər şey yağa bilər. Amma istəsək…Beləliklə, çox maraqlı bir misra yarandı:-Göydən yerə hər şey yağar…istəsək! İndi mən bu bircə misra ilə nə edim? Bəlkə elə şərhə bunu yazım çıxıb gedim işimin, gücümün dalınca? Belə də etdim. Bu sözləri kəmali-ədəblə şərh yerinə yazdım. Amma məni qane etmədi. Yazını sildim. Ağ vərəq çıxarıb qarşıma qoydum. Həmin sətri vərəqin tən ortasına yazıb fikrə getdim. Dostum Kərimin nə zamansa mənə dediyi bir sözü xatırladım. İnsan Allahdan bir şey istəyəndə gərək bir pis adətindən əl çəkə. Nəyə görə? Yəni deyə bilə ki, mən bu pis adətimi tərk edirəm ki, Tanrıdan nəsə istəməyə üzüm olsun.

Dayan!..

Göydən yerə hər şey yağar… istəsək,


Amma gərək istəməyə üz ola…


Sətirlər mənə ləzzət verdi. Amma… içimdə yatmış bir vulkanı oyatdı. Bir neçə saniyədən sonra bir bənd şer hazır idi:

Göy dayanıb Yer üzünün üstə tək,


Rəbbim onu ölçüb-biçib usta tək,


Göydən yerə hər şey yağar…istəsək,


Amma gərək istəməyə üz ola.


Hər şey yaxşıdır. Amma bir bəndlə şer olmaz axı… Oyanmış vulkan üçün çox azdır. Ən azı gərək üç bənd ola. Amma mən əsas demək istədiyimi demişdim. Bundan artıq nə fikirləşmək olardı? Başımda çoxlu sözlər fırlanmağa başladı: göz ola, üz ola, duz ola, düz ola, söz ola və s. Bunlar hamısı çox işlənib. Məni çox cəlb edən duz ola sözü oldu. Xəyalımda bir neçə dəfə bu sözü «ola» rədifi ilə nə qədər əlaqələndirdimsə, bir şey çıxmadı. Bəlkə də çıxardı, amma o gün nəsə qeyri-adi bir şer yaranmalı imiş. Kağıza baxdım. Bayaq qarşıma qoyduğum ağ vərəqdən əsər-əlamət qalmamışdı. Artıq bir neçə sətir yazıb qaralamışdım. Amma ikinci bənd yaranmırdı ki, yaranmırdı. Deməli, mən öz yazılarımı düzəldə-düzəldə şer yazmaq istəyirəm. Nə? Düzəldə-düzəldə? Nə gözəl sözdür. Görəsən kimsə bunu işlədibmi? Görəsən hər kəs öz səhvini düzəldə bilirmi? Bəs Tanrı yazan bəxti kimsə düzəldə bilərmi? Ogul varmı haqq yazanı düzəldə? Bəh, bəh, bəh, şahanə! Oğul varmı Haqq yazanı düzəldə. Necə düzəldə? Kiməsə yazılan bəxti-taleyi düzəldə bilə, qismətinə yazılanı ya artıra, ya azalda! Bu da ikinci bəndin daha iki sətri:


Ogul varmı, haqq yazanı düzəldə?


Ya az arta, ya çox dönüb az ola…


Bir neçə dəqiqədən sonra ikinci bənd də hazır idi:


Verən əl ol, demə ola duz əldə,


Ürəyimin açarları düz əldə…


Oğul varmı, Haqq yazanı düzəldə?


Ya az arta, ya çox dönüb az ola!


Sonuncu bənddə nə yazacağımı bilirdim. Burada axırıncı misra belə olmalı idi:


Düzdə qalmaz, kimsə əgər düz ola.


İndi qalırdı bu sətri daha bir bəndə daxil edib şeri tamamlamaq. Burada sırf sözü fırlatma məharətimə arxayın idim. Bir neçə dəqiqədən sonra şerin üçüncü bəndini də tamamladım:


Mən alovam, sən olsan da buz ada,


Qəsdə dursam gücüm çatar buza da…


Vahid qurban düz ilqara, düz ada,


Düzdə qalmaz, kimsə əgər düz ola.


Əslində şerdəki əsas fikir ifadə olunan «düzdə qalmaz kimsə əgər düz ola» ifadəsi mənim camaat arasında işlənən bir fikrə qarşı üsyanım idi. Çox adam elədiyi yaxşılıqların müqabilində pislik görməsindən gileylənərək bu ifadəni işlədir: “ – düz düzdə qalar». Həmişə (həmişəmi?) məni fikir aparıb: Doğrudanmı, bizim ata-babalarımız heç kimə yaxşılıq etməməyi, düzgün olmamağı tövsiyə ediblər. Düzü, bu ifadəni çox eşitmişdim. Həmişə də bu mənada ki, düzgün olan pis vəziyyətdə qalar! Bu nəinki ata-babalarımızın mənəviyyatına, hətta Ulu Tanrının bizə tövsiyyə etdiyi islam dininə də zidd idi. Mən də bir üsyan kimi yazmışdım ki, düz heç vaxt düzdə qalmaz! Əsas məsələ də buradan başladı. Telefonu götürüb dostum Mahirə zəng vurdum. Şeri oxudum. Bəyəndi. Axırıncı bənddə ata-babalarımızın kəlamında nöqsan tapdığımdan, bu nöqsanı düzəltdiyimdən fərəhlə danışıb dəstəyi asdım. Sonra şeri bir neçə dəfə bərkdən oxudum. Aman Allah, sonuncu iki sətri bir neçə dəfə oxuyandan sonra gördüm ki, ifadə etdiyim fikir çox qeyri-adi səslənir. «Düzdə» sözü bəzən hecaya bölünür, nəticədə «düz də qalmaz kimsə əgər düz ola» kimi səslənir. Başdan-ayağa ziddiyyətlidir. Ay dadi-bidad! Bunu atalarımız başqa cür deyibmiş: Düz də qalar kimsə əgər düz ola! DÜZ İNSAN DÜZDƏ YOX, DÜZ DƏ QALARMIŞ! Sən demə, bu ifadəni təmənna ilə yaxşılıq edən insanlar təhrif edərək bu şəkildə başa düşür və işlədirmiş. Anladım ki, onlar yaxşılıq etmirmiş, sadəcə oz məqsədlərinə nail olmaq üçün cilidə girirmişlər.Belə hallarda adam orta barmağı ilə alnına deşik açılanacan döyəcləmək istəyir.

İnanın, bunu dərk edəndə, içimdə torpağacan əyilib ulu xalqımın ayağının altını öpmək istəyi baş qaldırdı. Bu arada dostum Mahirdən gələn telefon zəngi məni heç təəccübləndirmədi. Dostum da mənə yanlış fikirdə olduğumu deməyə tələsirdi. Çox sağ ol, dostum! Mən səni çox gözəl başa düşürəm. Biz öz xalqımızın hər bir kəlamının içində əsrlərdən gələn möhtəşəm bir həyat təcrübəsinin, böyük bir müdrikliyin olduğuna həmişə inanmışıq. Bu da daha bir sübut! Bu cür müdrik kəlam sahibi olan XALQIMA EŞQ OLSUN!!!


Bir neçə dəqiqədən sonra şer bitkin bir halda yeni bir vərəqdə təzədən yazıldı:

Düz ola

Göy dayanıb Yer üzünün üstə tək,

Rəbbim onu ölçüb-biçib usta tək,

Göydən yerə hər şey yağar…istəsək,

Amma gərək istəməyə üz ola.


Verən əl ol, demə ola duz əldə,

Ürəyimin açarları düz əldə,

Oğul varmı, Haqq yazanı düzəldə?

Ya az arta, ya çox dönüb az ola!


Mən alovam, sən olsan da buz ada,

Qəsdə dursam gücüm çatar buza da.

Vahid qurban düz ilqara, düz ada,

Düz də qalar, kimsə əgər düz ola.

Bakı, 22 iyun 2012-ci il.

Dəli Çəmənli

Подняться наверх