Читать книгу Dəli Çəmənli - Vahid Çəmənli - Страница 6

Salam, Ağdam torpağı

Оглавление

Əvvəlcə ürəyimdən Sizə salam vermək arzusu keçdi. Salam Allah kəlamıdır. Mənası «sizə sülh olsun» deməkdir. Dədə-babalarımızın buyurduğuna görə yetmiş savabı var. Altmış doqquzu salam verənə, biri salam alana düşür. Amma bu gün mən salam alanam. Salamı böyüklər verər. Mən nəkarəyəm? Mən, ulu Vətənim Azərbaycanımın, cənnət Qarabağımın, toy otağı Ağdamımın, beşiyim Çəmənlimin bir zərrəsiyəm. Zərrə nə vaxtdan böyük oldu? Ona görə də boynumu büküb üzümə dəyən həzin vətən mehinə, onun gətirdiyi gül-çiçəyin ətrinə «əleykümə-salam!» deyirəm. Sinəsi dağlı dağlarıma, həsrətdən saralan bağ-bağcalarıma «əleykümə-salam!» deyirəm. Salam Allah kəlamıdır. Allah, dağların, meşələrin, bulaqların, otların, çiçəklərin, yarpaqların dili ilə danışır. Dağlara, meşələrə, bulaqlara, otlara, çiçəklərə, yarpaqlara «əleykümə-salam» deyirəm. Böyüklük göstərin, əfv edin, duyğularıma hakim ola bilmədim, könlümdən salam vermək keçdi. Mən, sizdən qopan bir damlayam. Damlalar ümmana can atar. Mən, sizə can atıram. Mənim ümmanım sizsiniz. Sizə olan məhəbbətim məni enişli-yoxuşlu yollarla həyatımın ugurlarına doğru aparır. And yerim, inam yerim, iman yerim sizsiniz. Həmişə sizə, – əzəli, əbədi məbədimə doğru yol gəlirəm. Məbədə aparmayan yollar kimə lazımdır? Siz mənim məbədimsiniz.

Mənim əzəli, əbədi məbədim, səni düşündükcə ürəyim titrəyir, gözlərim dolur, ruhum pərvaz edərək özümdən qabağa uçur. Xəyalım dağlarında, düzlərində, şır-şır bulaqlarında – Xaçınında, Qarqarında, uşaqlıq xəyallarımın ən coşqun çayı olan Kötəlində… daha haralarda cövlan edir? Həyəcandan özümə yer tapa bilmirəm. Həmişə sənə doğru gələndə belə oluram. Mənim atam, anam, bacım, qardaşım, əmim, dayım, xalam, – ruhum, canım, – Odlar diyarı Azərbaycanımın ən dilbər güşələrindən biri olan, çörəyinin, suyunun, almasının, heyvasının, gilasının, gilənərının, böyürtkanının, güleyşə narının dadı damağımdan getməyən Ağdamım. Bərəkətli dağlarım, düzlərim, muğam sədalı obalarım, duz-çörəkli evlərim…

Elə ürəyimdən keçir sizi səsləyim, hamınıza, -ağsaqqalına, ağbirçəyinə, – salam verim, çayınızı içim, halal çörəyinizdən dadım, ruhuma sərinlik yayılsin, qəlbim sevinsin, damarlarımda qanım təzələnsin. Elə istəyirəm ki, deyəm…


Salam, Ağdam torpağı,

Salam, ey ulu diyar.

Salam, ey dağım, dərəm,

Salam, ey qayam, daşım.

Qucağında yaşadım,

On altı il bəxtiyar,

Salam, ey əmim, xalam,

Salam, bacım, qardaşım…


Salam, ey sinəsində,

Dolandığım oylaqlar.

Salam, zümrüd meşələr,

Salam, sərin bulaqlar,

Salam, yollar, yaylaqlar…


Zaman-zaman yaşayan,

Qədimi yurd yerləri

Sizə salamlar olsun…

Ey bahar yağışları,

Yayın qızmar günəşi,

Soyuq xəzan yelləri

Sizə salamlar olsun…


Salam, Dəli Çəmənlim

Başımın qızıl tacı.

Salam, ulu çinarım,

Qoca palıd ağacım…


Sevgi qanadlarında

Sənə doğru uçuram,

Ürəyim fərəhlənir.

Gözlərimə yaş dolur,

Boğazım kilidlənir.


Baş qoyum torpağına,

Bir səcdənə düşüm mən,

Daşınla, kəsəyinlə,

Gülünlə, çiçəyinlə,

Öpüşüm, görüşüm mən.

Ayaqyalın, başaçıq,

Xoşbəxt körpələrinlə,

Bir atlanım-düşüm mən…


Dırmanım ağaclara,

Payızdan qışa qalan

Bir gilə üzüm dərim,

Çağırım var səsimlə,

Əyləyim üfüqlərdə

Bir durna qatarını,

Neçə qərib dostlara

Odlu salam göndərim.


…Kim nə bilir bəxtimə

Daha nələr düşəcək?

Neçə aylar ötəcək,

Neçə illər keçəcək,

Amma yenə yadıma,

Sənli anlar düşəcək…

Nə zaman geri dönsəm,

O laləli düzlərdə,

Kövrək bir ixtiyarla,

Bir cocuq görüşəcək.


06 mart 2011-ci il,

Ağdam, Çəmənli

Dəli Çəmənli

Подняться наверх