Читать книгу Dəli Çəmənli - Vahid Çəmənli - Страница 9
Tanrının sevdiyi bəndə
Qiyamətdən betər gündür, ay Ağa…
ОглавлениеGeri qayıdanda yol boyu çox dalğın idim. Dostum Mahir şirin-şirin söhbət edir, səfərimizlə bağlı aldığı təəssüratlarını bölüşürdü. Amma mənim danışmağa həvəsim yox idi. Bayaq kağız parçasına yazdığım sətir yavaş-yavaş ağlımı başımdan alırdı. Kağız-qələmi yenidən cibimdən çıxarıb, elə maşındaca sinəmin odunu onun üstünə tökməyə başladım:
Qarabağda qara günlər yaşanır,
Zaman bizi bir-bir çəkir sınağa.
Torpağımız torba-torba daşınır,
Qiyamətdən betər gündür, ay Ağa…
Vətən üçün kasıb, məzlum döyüşür,
Varlı çəkir yaxasını qırağa.
Kişilərin qiyafəsi dəyişir,
Qiyamətdən betər gündür, ay Ağa…
Baş istəyən meydanımız boş qalıb,
Nərə səsi daha gəlmir qulağa.
Əlimizdə güllə deyil, daş qalıb,
Qiyamətdən betər gündür, ay Ağa…
Bahar gedib, yay sovulub, qış qalıb,
Tənha dağlar qalıb qara, sazağa.
Yaylağımız, yurd yerimiz boş qalıb,
Qiyamətdən betər gündür, ay Ağa…
Vətənimdə yağı düşmən gəzirsə,
Dərdli Vahid necə dözsün bu dağa?
Haqqın özü haqsızlığa dözürsə, —
Qiyamətdən betər gündür, ay Ağa…
Ağdam, Çəmənli, 06 mart 2011-ci il.
Çəmənlidə Seyid Lazım Ağa ziyarətgahı
Axırıncı iki sətir məni əməlli-başlı xoflandırdı. Bu nədir, Uca Tanrıya asimi oluram? Küllikainatın hər yerində haqqı bərqərar edən Rəbbimi haqsızlığa dözməkdə ittihammı edirəm? Əllərim əsdi, dizlərim taqətdən düşdü, rəngim ağappaq ağardı, gözlərimə qaranlıq çökdü. Misraların üstündən xətt çəkdim, başqa misralarla əvəz etmək istədim, amma nə qədər fikirləşdimsə ağlıma bir şey gəlmədi. Şer yazılan vərəqi cırmaq istədim. Amma cırmadım. Büküb cibimə qoydum. Hər dəfə şeri açıb oxuyanda axırıncı misralar yenə ağlımı başımdan alırdı. Bu dəfə dostum Əli mənə yardım etdi. O dedi ki, Cənabi-Haqqın haqsızlığa dözməyində bir anlaşılmazlıq yoxdur. Allaha hər şey əyandır. O haqsızlığı bir anda məhv edə bilər. Lakin, ən böyük səbr sahibi özü bizi tərbiyələndirir, səbrli olmağı öyrədir, bəlkə də layiqincə qədrini bilmədiyimiz, dəyərincə qiymətləndirə bilmədiyimiz nemətlərlə bizi imtahan edir, yenidən o nemətlərə sahib olma istəyimizi gücləndirməklə, bizi mübarizəyə – cihada çağırır. Nə gözəl… Oturub, bizə qarşı törədilən soyqırımlara görə Cənabi-Haqqa üsyan eləməkdənsə, müqəddəs Kitabımızda onun bizə etdiyi tövsiyələrlə yaşamalıyıq. Biz bunu edə bilirikmi? Danmağın nə yeri var, axı, biz hamımız bir nəfər kimi əlimizə silah alaraq quduz düşmənlə ölüm-dirim savaşına qalxmadıq. Başımızı yağlı vədlərlə aldadan əcnəbi dövlətlərin bizə yardım edəcəyinə, sadəlövhlüklə bizim əvəzimizə bizim torpaqlarımızı azad edəcəyinə inandıq. Dədə-babalarımız gözəl demişdi: «Qonşuya ümid olan şamsız qalar». Amma biz şamsız yox, Qarabağsız; – Şuşasız, Xocalısız, Ağdamsız, Laçınsız, Kəlbəcərsiz, Cəbrayıllısız, Qubadlısız, Zəngilansız, Füzulisiz, Xankəndsiz, Agdərəsiz, Xocavəndsiz qaldıq. Zəngəzurda, Göyçədə olan minlərlə obalarımız, oylaqlarımız düşmənin əlinə keçdi. Borçalıda soydaşlarımız bir küncə qısnandı. Torba-torba daşıdılar torpağımızı, analarımız-bacılarımız ağlar qaldı, balalarımız əli-qolu bağlı düşmən torpaqlarına sürüldü, «yurd balaları yadlara qul oldu» (ifadə Şahmar Əkbərzadənindir).
Ağdam dərdinə bir şair fəryadı:
Ağdam mənzərələri