Читать книгу Qəm yağışı - Xaliq Azadi Məmmədov - Страница 12

1-ci povest: Məhəbbətin gözü kor deyil
11-ci hissə

Оглавление

Sabah 7 noyabr idi. Dövrümüzün ən böyük bayramına hazırlıq gedirdi. Bütün bu böyük ölkə bayram donuna bəzənmişdi. Hər il 7 noyabr günü bizləri hansısa müəssisələrə təhkim edərdilər. Səhər 8-də avtobuslar yğılardı zavodların, fabriklərin qabağına. Gözəl və yaraşıqlı geyimlər geyinən fəhlələr, idarə işçiləri əllərində bayraqlar, ala-bəzək şarlar, şüarlar dolardılar avtobuslara. Aparardıq o biri sahilə. Nümayişlər həmişə orada olurdu. Nümayiş qurtaranda, həmin vətəndaşları yenə qaytarardıq götürdüyümüz yerə. Bu dəfə mən biirdim ki, məni zavoda təhkim ediblər.

Axşam Baysalla İnqaya təklif etdim ki, gəlim sizin dalınızca, oturub gedırsiz mənlə. İnqa:

– Yox, mən öz kollektivimizlə gedəcəm. Kim nə aparacağı danışılıb. – dedi.

Təklifimi Baysal da qəbul etmədi:

– Mənsə getməyəcəm bu il nümayişə. İdman zalı boş olmağından istifadə edəcəm. Gedəcəm məşqə. Yoxsa, gəlirsən, gözlə, kim nə boşaldacaq.

İndi, illər keçib, düşünürəm: heç olmasa, 7 noyabrda onu özümlə nümayişə apara bilsəydim, görəsən qisməti nə olacaqdı?

Səhər tezdən gəldik zavodun meydançasına. Gözəl geyimli, əllərində al-əlvan şarlar və şüarlar tutan insanlar doldular avtobuslara. Getik lazım olan meydana. Hər şey lazım olunan tək keçdi. Xalq gözəl əhvali ruhiyyə ilə nümayişi qurtardılar. Sərnişinlərimizi düşürüb gəldik parka. Avtobusu öz yerinə qoydum, yol vərəqinə qeydlər edib gətirdim dispetçerə. Yol vərəqini verib aralanmaq istəyirdim ki, dispetçer:

– Dayan, Azad! – dedi, – Zəng edib, sənə bildirməyimi xahiş etdilər ki, dostun düşüb xəstəxanaya. Xəstəxana – filan, şöbə – filanıncı!

– Kim idi zəng edən, demədi ki?

– Qadın idi, deyəsən, ağlayırdı…

Evə getmədim. Nəsə hadisə olduğunu hiss edirdim.

Üz tutdum xəstəxanaya. Bu gün bayram günü idi, və ona görə də xəstəxana sanki, boş idi. Çərrahiyə şöbəsinin qəbul otağına girdim, qəbul saatı olmadığı üçün bura bağlı idi. Getdim növbətçi oturan yerə.

– Bağışlayın mənə bura təzə daxil olmuş bir xəstə barədə məlumat verə bilərsinizmi? Adı bu, famili – bu.

Baxdı dəftərə.

– Bəli, buradadır. Palata 7. Bu gün onun yanına düşə biləcəyinə güman yoxdur.

– Niyə, bilmək olarmı?

– Qərar qəbul etsələr əməliyyat olacaq. Onurğa sistemində zədə!

Onurğa! Beyin kütləsi bədənin kompyütoru, onurğa onun dayağı. İlahi, kömək ol hamıya!

Qapını açıb çölə çıxdım. Bir az gəzişmişdim ki, İnqanı gördüm. Bu gün gördüyüm İnqa dünən gördüyüm insan deyildi! Bu günkü gündə, bircə günün içində nə qədər dəyişmişdi, qocalmışdı, səsi xırıldayırdı. Yuxarıda imiş, xəstənin otağında.

Bircə ifadəsini başa düşə bildim:

– Belini sındırıb! – İnqa hönkürüb ağlayırdı.

Bu iki kəlmə məni sanki, kəsdi ortadan! Bu pis xəbər üstəgəl İnqanın ağlamağı, mən dözə bilmədim, asılı olmayaraq göz yaşlarım axdı. İki cavanın burada boyun-boyuna verib göz yaşları tökməsi heç kimi təəcübləndirə bilməzdi. Bura xəstəxananın həyəti idi…

Hadisə idman zalında baş verib. Çox güman ki, Baysal ştanqa qaldıra biləcəyindən ağır olan yük qoyub. Qaldıra bilməyib, ya büdrəyib, hər nə olubsa, ştanq düşüb üstünə.

İki insanın onsuz da ağır olan həyatında daha ağır günlər başladı. Radiaktiv şüalanmanın güclü təsirinə məruz qalmış bədən bu zərbədən sonra sağalmaq, ayağa qalxmaq şansını endirdi sıfıra. Həkimlərin müalicə məqsədi ilə bir ay çalışmaları onunla qurtardıki, Baysalı uzanıqlı vəziyyətdə gətirdik evə. Qalxmaq, gəzmək imkanını itirmiş bir insan nələr düşünürdü ürəyində? Bir vaxtları klubda böyük skameykanı əlində çöp kimi fırladaraq bir qoşunun üstünə yeriyən pəhləvan bədən bu gün alt paltarını özü dəyişə bilmirdi. İgid insanın, mərd dostun, etibarlı və sevimli ərin final nöqtəsi bu idimi…

Yodaşlarla tez-tez gedirdik Baysala baş çəkməyə. İstirahət günləri isə gün üzündən orada olardıq. Çalışardıq onların bu çətin həyatlarına bacardığımız qədər müxtəliflik gətirək. Həm də,İnqaya kömək üçün Baysala nəsə verməyə, qulluq etməyə çalışırdıq.

Nə qədər desək də, İnqa insitutu atdı.

– Kim qulluq edəcək Baysala? Mən necə atıb gedə bilərəm dərsə!

– Mən köməkçi taparam!

İş yerimizdə bir süpürgəçi qadın vardı. Olduqca xoş xasiyyət, mehriban bir insan idi. Mən onunla danışdım, müəyyən əmək haqqı almağı şərti ilə razılaşdı həftənin 4–5 günü günortadan sonra Baysala qulluq etməyə. Xərcini mən götürürdüm üstümə. İnqa razılıq vermədi ki, vermədi.

– Nə lazım, özüm qulluq edəcəyəm!

– Axı, köməkçi olsa, sən dərsə gedə bilərsən, İnqa!

– Azad, yox! Bir də yox!

Yanvar ayının sonu çatırdı. Bazar günü idi. Yenə gəlmişdim Baysala baş çəkməyə. O yandan- bu yandan danışdıq, durub getmək vaxtı çatdı. Ayaqqabımı geyinirdim ki, hıçqırq eşitdim. İnqa mətbəxdə ağlayırdı. Mən yaxınlaşdım, barmağını dodaqlarının üstünə qoydu, yəni: "Sakit dur, heç nə demə!" Yəni, onun ağladığını Baysal bilməsin. Ürəyimdə dünyaya və özümə söyə-söyə çıxdım bayıra…

Marşurutumda işləyirdim. Dünən onlara gedə bilməmişdim. Saat 10–11 radələri olardı, qrup yoldaşım, İnqanın rəfiqəsi girdi salona. Sürücü ilə salon arasında olan şüşə arakəsmədə açılan pəncərə vardı. Açdım pəncərəni, yaxınlaşıb salamlaşdı.

– İnqa xəstəxanaya düşdü! -dedi.

– Necə xəstəxanaya? Nə olub?.

Sən demə, İnqa 7 ayın içindəymiş. Neçə vaxt varmış ki, ağrıyırmış. Dünən ağrı güçlənib, aparıblar xəstəxanaya. Oradan yataqxanaya zəng edib, rəfiqəsini çağırıb.

– Axşam və bu səhər baş çəkmişəm, İndi bir iki lazımı əşyalar var, götürüb yenə gedəcəm xəstəxanaya.

– Görəsən, həkimlər nə deyr? Uşaq barədə nə düşünürsən?

– Uşaq barədə bir məlumatım yoxdur. Yəqin bu gün bilərəm. Amma, düşünürəm ki, uşaq qalmayacaq. itirəcək uşağı. İnqa özü də bilir.

Axırda əlavə etdi.

– Mən evə gedirdim. Yolumu dəyişib bura gəlməyimi İnqa xahiş etdi. Səni xəbərdar etməyimi istəyirdi.

Günorta yeməyinə ayrılan vaxtı getdim doğum evinə. Məni tək görüşməyə gələnlər, cavanlar, yaşlılar dolu idi. Hamı pəncərə vasitəsi ilə əlaqə saxlayırdılar. Doğum evinə kənar şəxsin girməyi qadağandır. Mən də dayandım pəncərə ilə üzbə-üz. Palatanın yerini bilirdim. Pəncərəyə üzümü tutdum, çağırdım. Qonşu otaqdan kimsə boylandı. İşarə ilə xahiş etdim ki, qonşu otağı çağırsınlar. Bir az keçmiş İnqa gəldi pəncərənin qabağına. Balaca gözlüyü açdı. Yerdən ikinci mərtəbə ilə danışmaq çox asandır, elə bil, yan-yana durursan Amma biz danışa bilmədik. Daha doğrusu, mən danışırdım, İnqa nədənsə dönmüşdü heykələ.

– Salam, İnqa!

Əli ilə salamlaşdı.

– Necəsən?

– … sükut!

– Həkim nə deyir?

– …

– Nə vaxt gəlim dalınca, səni aparım?

– …

Mən də susdum.

İnqa şüşəyə yapışmışdı. Ağlayırdı.

– Ağlama, İnqa…

– …

Sinəmdən “ah!”lar çıxdı:

– Yalvarıram… ağlama…

– …

Yalvarış dolu baxışlar nəsə danışırdı…

Qəm yağışı

Подняться наверх