Читать книгу Qəm yağışı - Xaliq Azadi Məmmədov - Страница 14
1-ci povest: Məhəbbətin gözü kor deyil
13-cü hissə
ОглавлениеFevralda Baysal köçdü dünyadan. Həyatdan aldığı zərbələrə dözə bilməyən bədən daha tab gətirə bilmədi, məchul bir gücə təslim oldu. Baysalın həyatdan getməyi dost-tanışları qəmgin etsə də, gözlənilməz olmadı. Onun günü-gündən sap-sarı saralmağı, qurumağı hamını çoxdan hazırlamışdı belə finala.
Dostlar, iş yoldaşları yığıldıq. Son mənzilə yola saldıq cavan bir insanı…
19 yaşlı qarı- bəli, mən səhv salmamışam- 19 yaşlı bir qoca qarı söykənmişdi mənə. Dilsiz-ağızsız, yalnız inildəməyə gücü çatan heysiz. bədbəxtliyə düçar bir neçə aya qocalmış qız-qarı…
İnqa özünə gələ bilmirdi. Saatlarla susur, bəzən verilən suala cavab vermirdi. Kimlərsə incimişdi, İnqanın susmağını saymamazlıq tək qəbul edənlər də olmuşdu. Axı, daxilində dağ boyda dərdi gəzdirən bir insanın həmsöhbət olmağı, gülümsəməyi asan idimi? Onun hər baxışı, hər «ah» çəkməyi yalvarış idi, köməyə çağırış idi. Mənim üçün çox ağır idi bütün bunların şahidi olmaq.
– Belə olmaz, İnqa! Ayrıl dünənindən, özünü ələ al. Danış bizimlə, çıx gəz bizimlə, başını qat. Bütün ömrün qabaqdadır.
Xeyri yox idi sözlərimin!
– Məni qorxudursan, İnqa! Mən bacarıqsızam sənin qarşında!
Başını tərpədir, “hə”, “yox”, “bilirəm” deyir, amma heç nə dəyişmirdi.
Nə etmək lazım olduğunu isə bilmirdim. Yemək üçün ona alınan nə olsa da əl vurmurdu. Vursa da, mənim xahiş və tələblərimə son qoymaq xatirinə bir azacıq.
Bir aydan artıq keçmişdi ki, İnqa üçün təcili yardım çağırmaq lazım gəldi. Feldşer müayinə edə-edə:
– Nə yemisən? – dedi.
– Heç nə…
– Haçan, heç nə?
– Bilmirəm!
Biz də bilmirdik.
İndi İnqanın vəziyyəti çətin idi. Təzəcə ailə həyatına qədəm qoyan gənc qadının aldığı aramsız zərblər, ər itgisi, ilk uşağının itgisi onu az qala dəli olmağa gətirib çıxarırdı. Nə qədər çalışsaq da, inqanı evdən bayıra çıxarmaq, nəyləsə başını qatmaq mümkün deyildi. Vaxtilə dünya gözəli adına layiq sayıla biləcək bir qız, indi, sözün həqiqi mənasında quru cəsədi xatırladırdı. Onun xarici görkəminin nə dərəcədə dəyişməsini sözlə ifadə etmək çətin məsələydi. Nə yeyirdi, bilən yox idi. O qədər ağlamışdı ki, göz yaşları yox idi, səsi də ki yalnız pıçıltı idi.
Arada iki dəfə bayıra çıxara bildim, amma, köməyi olmadı. Qrupumuzda adam qalmamışdı, hamısını İnqanın yanına gətirmişdim. Düşünürdüm, dost-tanışları görmək bəlkə ona ruhi dəstək ola, qəm-kədəri unutdura. Heç nə dəyişə bilmədim. Dərd məni götürmüşdü, nə edəcəyimi bilmirdim.
Axır bu qərara gəldim ki, anasını çağırım. Bilirdim ki, anası xəstədir, elə varlı da deyil. Məsləhətləşib, aviapoçta ilə bir məktub yazdıq, vəziyyəti başa saldıq. Hər ehtimala qarşı, ona 75 manat da pul göndərdik. Əgər yol pulu olmasa, istifadə etsin.
Haradasa, 10–12 gün keçmiş, anası gəldi. 40–42 yaşlı, arıq, amma gözəl, orta boylu bir qadın idi. İnqanın bu vəziyyətini görəndə az qaldı dəli osun.
– Mən dünya gözəli böyüdüb yola salmışdım, boylu-buxunlu, gözəl həyata layiq. Nə görürəm, Allah! Qayıdaq, qayıdaq öz evimizə, bala. Sənə yaşamaq lazımdır.
İki-üç gün idi, Zina xala gəldiyi. Üçüncü axşam dərs in biri olmadığı üçün institutdan tez çıxdıq. Belə qərara gəldik ki, İnqaya baş çəkək.
Bir xeyli oturduq onlarda. Anası istəyirdi İnqa qayıtsın evlərinə. Amma, nə vaxt ki, anası İnqanın onunla qayıdıb getməyi barədə bir söz deyəndə İnqa dəli olurdu. Bircə ifadəni təkrar edirdi:
– Yox! Yenə, yox!
Xeyli oturduq, artıq dağılışmaq vaxtı idi. Evə getməyə hazırlaşdım ki, anası da mənimlə qalxdı ayağa, çıxdı çölə.
– Mümkünsə, 10 dəqiqə dayana bilərikmi?
– Buyurun, əlbətdə! – dedim.
– Azad, oğlum, belə başa düşürəm ki, sən İnqanın xatirini çox istəyirsən, ona pis həyat arzulamazsan? – Zina xala sanki ağlayacaqdı!
– Bu nə sözdü, Zina xala! Əgər İnqanın sevincinə səbəb ola biləcək hansısa bir yol bir səbəb tanısaydım, inanın nəyim var verməyə hazır olardım.
– Elə bir yol var! – Zina xala dedi.
– Deyin, Zina xala. Məndən nə asılıdırsa, edəcəm.
– Mənə kömək et. İnqanı yola gətirək. Sən görürsən onun düşdüyü vəziyyəti. Hanı bir il qabaqkı İnqa? Bir dəri, bir sümük, belə getsə pis olacaq, çox pis olacaq işlər.
Bu həqiqət idi.
– Azad, səni demirəm, bu diyarda İnqanın başqa heç kimsəsi yoxdur. Körpəsini itirib, həyat yoldaşı sağ deyil. Bu dərddən, bu dəhşətdən onu aralamaq lazımdır. İnqa səni öz yaxını sayır. Bu üç gündə sənə necə inandığını, güvəndiyini gördüm. Sənə qulaq asır, sənə güvənir. Kömək et, kömək et, xilas edək mənim qızımı!
Arvad ağlayırdı.
– Getsin, bircə illiyinə getsin. Hətta, yarım il olsun. Sağalsın, dərddən azad olsun, yenə qayıtsın!
Mən indi başa düşdüm Zina xalanın məqsədini. Bu insan Anadır, övladını xilas etmək istəyir! Nə olar, bəlkə də belə yaxşıdı. Yarım il, bir il İnqa üçün kömək olardı.
– Bilmirəm, İnqa mənə qulaq asacaqmı, nə dərəcədə mənim sözüm keçəcək, bilmirəm. Amma, İnqa icazə verdiyi qədər başa salmağa çalışacam, xahiş edəcəm, inanın!
– Bax, sabah saat neçədə gələ bilərsən?
– İstəyirsiniz nahar fasiləsində, istəyirsiniz, axşam 5-də.
– Gəl, oğlum, gəl. 5-də gəl. Naharda gəlsən, tələsərsən.Gəl işdən sonra, 5-də. Gəl başa salmağa çalış. Mən neynəyim, bala, gücüm çatmır.
Mən söz verdim.
– Başa düşdüm sizi, hökmən gələcəyəm!
Olduqca qəmgin halda xudahafizləşib getdim.
İnqanın çıxıb buradan getməsi iki tərəfli və ağır sual idi. Bir tərəfdən, əgər, qəlbimin dərinliyində axtarış aparsaydım, yəqin ki, görərdim ki, İnqanın anası ilə getməsini mən istəmirəm! Mənim üçün əziz olan bir insanın, dostun çıxıb getməsi ağır idi, istəmirdim mən bu ayrılığı!
İndi bu günümdən o illərə mən başqa müstəvidən baxıram. O vaxtlar çox suallara indinin, yəni 30 il sonranın baxışları ilə baxmaq qeyri mümkündür. Bir də ki, hər bir insanın hərəkətini başa düşməyin ən yaxın yolu, o insanın qəlbini görmək, ürəkdə yaşanan səbəbləri başa düşməyə çəhd etməkdir.
Bu, sualın bir tərəfi, qaldı, ikinci tərəfi.
İkinci tərəfdə isə, İnqanın yaxşı yaşamaq şansı, bu ağır dərdin-bəlanın dərin izlərini unutdurmağa şərait yaratmaq imkanı durmuşdu.
İnqanın, bu gözəl və cəsur qızın yenidən ayağa durmağı üçün onun bu yerlərdən uzaqda olmağı lazım idi. İnqa dəyişməliydi mühitini, ətrafını. Yoxsa, belə getsəydi, bir neçə ay keçməmiş İnqanın həyatı sona çatacaqdı…
Uzun görünsə də, bir il tez keçəcəkdi…
Səhərisi günü, axşam üstü gəldim onlara. İki nəfər idilər, rəfiqəsi- qrup yoldaşımız, bir də İnqa özü. Anası yox idi. Yəqin ki, istəyib ki, biz rahat danışa bilək. Ona görə, gedib harasa.
Salamlaşdıq.
– Necəsən, İnqa? Çöldə yazdır, sən qapanıb oturmusan! Quşlar oxuyur, dur gedək, qulaq asaq.
– İstəmirəm, qoy mənsiz oxusunlar.
– İnqa…
– Bilirəm, nə deyəcəksən! Mən getmək istəmirəm.
– Mənim ilk sözüm çölə, təmiz havaya çıxmaq məsləhəti oldu. Sən çölə, bayıra çıxmaq istəmirsən. Sən getmək istəmirsən. Axı bizə də demirsən nə istədiyini!
Diqqətlə mənə baxdı. Dəyişməyən, yalnız gözlər idi, baxışlar idi.
– Azad, mən sənə inanıram və tam etibar edirəm. Ona görə də bir sual verəcəm sənə. Bu sualı rəfiqəmə də vermişəm: Sən mənim bu şəhərdən, sizin həyatınızdan silinib getməyimi istəyirsənmi? Azad istəyirmi İnqanın getməyini?
Bəli, sual olduqca düz-düzünə qoyulmuşdu, cavabı da elənçi olmalıydı. İnqa sual verməyi bacarırdı.
– Mən sənin yenidən gülməyini istəyirəm. Get evinizə, qoy həyatında yeniliklər yaransın.
– Axı, mən getsəm ən qiymətli nəyim var, burada qalır, siz burada qalırsınız. Bir də ki, həyat mənim gözümdə qiymətini çoxdan itirib. Yaşamağım, yaxud, yaşamamağım mənim üçün vacib rol oynamır.
– Ona görə də, dəyiş həyatının dəyərlərini. Səni dərd çəkən görmək bizə ağırdır. Get, 5–6 ay qal evinizdə, özünə gəl.
– Məni başa düşürsənmi, Azad? Axı, nələri itirdiyimi bilirsən! Çıxıb getsəm, demək, sizi də itirirəm. Mən bacarmayacağam, sən məni başa düşürsənmi, nə deyirəm?
– Bilirəm, İnqa! Nə demək istədiyini bilirəm!
– Bəs onda necə “get!” deyirsən?
– Doğma evinizdə yaşa bir az, səhhətin qaydaya düşsün, sonra gələrsən. Nə vaxt istəsən əlaqə yarada bilərsən bizimlə. Anana yazığın gəlsin. Bizə də yazığın gəlsin! Bayaq sual verdin: Azad istəyirmi İnqanın getməyini? Sualına sualla cavab verəcəm: inqa istəyirmi Azadın dərdinin azalmağını, ürəyinin yükünün yüngülləşməyini? İnqa görmürmü Azadın bu ayları nələr çəkdiyini?
İnqanın əllərini aldım əlimin içinə:
– Mən sənə bir söz də deyəcəm, İnqa! Bilmirəm, bəlkə də, yeri deyildi. Səndən ayrılmaq mənim üçün ən böyük cəzalardan biridir! İndiyə kimi itirə-itirə gəlmişəm! Bilirsən ki, indi daha da ağır olacaq mənə! Amma, deyirəm: get! İstəyirəm, rahat yaşya biləsən bir müddət, özünə inamın qayıtsın. Mən sənin yenidən özünü gözəl qız olan İnqa olmağını hiss etməyini istəyirəm. Mən istəyirəm, bir vaxtı rəsmixətt dərsində gözəl saçlarını çiyninə tökmüş həmin İnqanı görüm!
Mənim söylədiyim bu uzun nitq, o cümlədən, rəsmixətt dərsini yada salmağım İnqanı tam dəyişdirdi. Gülümsəməyi çoxdan yadırğamış üzündə bir sevinc hissi yarandı.
– Sağ ol, Azad! – deyə bildi. Göz yaşları yayılmış üzündə təbəssüm yarandı.
Birdən başını dik qaldırıb mənə baxdı. Xəyallarında nəyisə araşdırırdı. Sual vermək istəyirdi, baxışlarından görünürdü.
– O vaxt saxladığın şəkil… dururmu həmin şəkil?
– Durur!
– Niyə onda, o vaxtları sən heç nə demədin mənə? Niyə o şəkildəki qızın sənin həyatın üçün yox olduğunu, şəkilin yalnız xatirə olduğunu demədin? Niyə sən məni başa salmadın? Axı, sən bilməliydin..!
– Mən düşünürdüm ki, sən başa düşmüsən, İnqa! Kədərimi, fikirlər çəkdiyimi görürdün. Yoxun yasını saxlayırdım və düşünürdüm ki, sən bilirsən! Yadındamı, sən mənə qəmlənməməyi məsləhət edirdin?
– Mən bilmirdim şəkil sahibinin yoxluğunu. Mən bir axşamı, sənin otağında şəkili görüb bir neçə dəfə söz saldım. Hər dəfə mövzunu dəyişdin, şəkili də götürüb gizlətdin… Danışmaq istəmədin! Aylar, illər!.. İlahi! Niyə sən məni onda başa salmadın?
Və ağladı. Həm də ucadan. Sınmış taleni, ərini, uşağını, itirilmiş illəri ağlayırdı. Bu göz yaşları həm də gizlincə ürəkdə yaşayan, çalışıb – çapalayıb çıxmağa çalışsa da, sinədən kənara çıxa bilməyən bir nakam məhəbbətə ağı deyirdi… Bu haraya dözmək mümkün deyildi.
Göz yaşları içində nəsə pıçıldayırdı. Sinəmdə, beynimin içində hər şeyin bir-birinə qarışdığı üçün heç nə eşitmirdim…
O axşamı çox danışdıq. Bəzi söhbətlərdə, xatirələrdə uzaq dünyalara keçdik, xatirələr neçə qəmli-qadalı, gah da şirin çağları atdı ortaya…
Epiloq
Perronda sərnişin vaqonu ilə üzbə üz dörd nəfər gənc dayanmışdı. Onların qəmli baxışları vaqonun kupesində pəncərə önündə dayanan gənc qıza yönəlmişdi. Gənc qız pəncərənin şüşəsinə yapışmışdı. Perrondakı dörd nəfərdən biri çöl tərəfdən pəncərəyə yaxınlaşdı, nəsə demək, zarafat edib ağırlığı yüngülləşdirməyə cəhd etdi. Baş tutmadı. Danışa bilmədi, sözləri qırıq – qırıq alındı. Əlacsız vaqona söykəndi, az qala şüşəyə yapışdı. Qızın yorğun üzünə baxdı, nəsə demək istədilər bir – birinə,deyə bilmədilər. Sükuta daldılar. Qəfildən qızın nazik dodaqları titrəməyə başladı, və birdən hönkürüb ağladı…
Qapılar bağlandı, qatar ürəklərdəki həyacanı son həddə qaldıran bir siqnal verdi, yola düşdü.
– Mən qayıdacam, hökmən qayıdacam! – qışqırdı gənc qız.
– Altı ay nədir ki! – gənc dilləndi ürəyində, san ki, özü-özünə ürək verirdi.
…Bu səfər nə qədər çəkəcək…
Qatar yola düşən tək, İnqanın rəfiqəsi, qrup yoldaşı Azada bir dəfdər ötürdü.
– Bu nədir? – Azad sual verdi.
– İnqa verdi, sənə çatmalıdır.
Bu əzilmiş, bir azca da saralmış vərəqlərdən ibarət dəftər idi.
İnqanın hər gün qeydə aldığı, bəzisi bir – iki cümlədən, bəzisi isə vərəqin yarısını tutan hər bir xatirəsinin üstündə sərlövhə yerində iki parça olmuş ürək şəkli vardı. Sol parça alov içində, sağ parça isə bir az aşağı, aralı, sanki küsmüş vəziyyətdə idi. Hər səhifənin sonunda isə baş-başa dayanaraq qanadlarını qaldırmış iki quşun şəkli qoyulmuşdu. Quşlar san ki, uçmağa hazır vəziyyətdə, nəyisə gözləyirdilər. Bu səhifələrdə sevinc kədərlə, arzular məyusluqla, gülüş- göz yaşları ilə, məhəbbət nakamlıqdan parçalanan ürəyin fəryadı ilə üz-üzə dayanmışdı…