Читать книгу Qəm yağışı - Xaliq Azadi Məmmədov - Страница 2
1-ci povest: Məhəbbətin gözü kor deyil
1-ci hissə
ОглавлениеGözəl bir dövr idi. Bahalı komfortlu avtomobillər, internetlər, kompyuterlər yox idilər. Hələ hamı bir-birinə qonaq gedirdilər, kitablar oxunardı, sevənlər sevgililərini kinoya dəvət edirdilər.
Sevgi həmişə var. Amma, kim nə deyir-desin, Sovet dövrünün verdiyi tərbiyə daxilində qurulan, yaranan sevgi bu günkü sevdalardan fərqli idi. Riyazi hesablama təsiri yox idi bizim məhəbbətimizdə. Hələlik saf, təmannasız – yalnız sevən ürəyin əmrinə tabe olan məhəbbətlər yaşayırdı ürəklərdə.
Baysalla eyni yataqxanada qalırdıq. Bir parkda da işləyirdik, mən sürücü idim, Baysal elektriklik edirdi. Qazaxıstanın Çimkənt vilayətindən idi. Görkəmcə qəşəng deyildi, qarayağız, burnunun enli ucu dördkünc bir insan idi. Gülər üzlü, duzlu zarafatları, mәrdliyi, nəcibliyi, düz danışmağı ilə әksәriyyətin mәһəbbәtini qazanmışdı. Çox güclü və dəmir bədəni, dəmir pəncələri var idi. Nəyi sıxıb tutsaydı, əlindən almaq çətin söhbət idi. Əlləri əsil dəmirçi əli idi. Keyfdəydim, klubda dava olsun, yataqxanada lap qırğın olsun, vecimə deyildi. Baysal məsələni hər vaxt bizim xeyrimizə həll edirdi. Rəqiblərin say çoxluğu bu insanı heç vaxt maraqlandırmırdı. Bir dəfə noyabr bayramı axşamı ikimiz də TEM-2 – nın yataqxanasında təşkil olunmuş bala getmişdik. Bizim yerli qızlarla rəqsimiz, deyəsən, buranın cavanlarının planlarına uyğun deyildi. Gah qabağımızda durardılar, gah bizi çiyinləri ilə itələyirdilər, ünvanımıza söz atırdılar. Vəziyyət bir azdan çox ciddiləşdi, bir-iki xırda çəkişmələrimizdən sonra azından 25–30 nəfər bizi əzişdirməyə hazır idilər. Və Baysal vəziyyətdən çıxış yolu tapdı. O vaxtlar klublarda, rəqs zallarında 3–4 yerli taxta oturacaqlar olurdu. Baysal bu oturacağı izdihamın qabağında elə məharətlə fırladırdı ki, san ki, karandaş idi. Yıxılan-yıxıldı, yıxılmayan qaçdı, aralandı. Oturacaq Baysalın qoltuğunda, çıxdıq çölə. Heç kim bizə yaxınlaşmağa cəhd etmədi. O gündən biz buranın hörmətli iştirakçılarına çevrildik…
Baysal idman zalına yazılmışdı, karate bölməsinə. Axşamlar gedib gələrdi. Mənim də karate bölməsinə getməyim üçün əlindən gələn bütün vasitələrdən istifsdə edirdi. Psixoloji, mənəvi təsirlərin rəngbarəngliyi sərhəd bilmirdi. Uşaqlıqdan idmanla çox da dostluq etməyən mən tək bir insanın karateyə getməsi mənim özümə gülməli görünürdü. Axır ki, bir neçə psixoloji hücumdan sonra, mən razı oldum. Boş axşamlarım olanda Baysala qoşulub gedirdim idman zalına. Mənim bu cəld insanlara qoşulub tullanmağım, köbələk tək yuvarlanmağım, diz üstə qaçmağım onunla qurtardı ki, mən qəti olaraq idmandan uzaq insan olduğumu başa düşdüm. Doğrudur, bu anlayışın kəlləmdə yer tutmağında təlim vaxtı aldığım bir – iki təpik zərbəsi də böyük rol oynadı.
O da məni tək insitutun axşam şöbəsində oxuyurdu, İnşaat insitutunda, mənsə Politexnikdə.
Dərslər həftədə 4 gün, axşam saat 19 radələrində başlayırdı.
Çox vaxt iş növbəmlə dərs saatlarım üst-üstə düşəndə xətdən yayınmağa məcbur olurdum. Dispetçer qızlar yaxşı bilirdilər mənim axşamlar oxuduğumu. Ona görə də dərsə öz işlədiyim avtobusumla gedib – gəlməyimə həmişə göz yumurdular.
– Gələcəkdə müdür olsan, unutma ki, bizim də zəhmətimiz olub bu prosesdə! – deyərək, zarafat edirdilər.
Tanış tələbələr də məndən istifadə edər, mənimlə gedib-gələrdilər: müftə və bu qapıdan düz insitutun qapısına.
Mahnılarla, şən "qəh-qəhə"lərlə qayıdardıq dərsdən. Kimsə lətifə danışar, kimsə zarafat edər, qızlı-oğlanlı gülüş səsi avtobusu başına götürərdi. Hamını imkan daxilində, yaşadıqları yerə yaxın düşürərdim.