Читать книгу Qəm yağışı - Xaliq Azadi Məmmədov - Страница 7

1-ci povest: Məhəbbətin gözü kor deyil
6-cı hissə

Оглавление

Bir-iki gün idi işləyirdim. Nə qədər özümü sakit göstərsəm də, daxilimdə mənimlə yaşayan həyacanı, qəmli düşüncələri bir kənara qoya bilmirdim. İlk növbədə Vətəndə mənimlə bağlı xoşa gəlməz hadisələrin əks-sədası, qəmli xatirələri məni narahat edirdi. Bir tərəfdən də İnqanı kimləsə bir yerdə görmək ağır zərbə oldu mənə. Mən onsuz qapanmışdım özümə, İnqanı həyatımnan silmək düşüncəsi isə məni daha da üzürdü. Nə qədər çətin də olsa, qəbul etdiyim qərara – İnqaya qarşı biganə olmağa çalışırdım. Bu hərəkətimin İnqanın nəzərindən nə dərəcədə yayındığını deyə bilməzdim. Yəqin ki, hiss edirdi nəsə. Çünki, ilk vaxtlar hər vasitə ilə onunla görüşdən qaçmağa çalışırdım. Ürək ağrısı ilə atdığım bu addımların – səhv addımların – arası kəsilmirdi.

Bir dəfə ikinci növbə işləmək üçün parkdan çıxıb başlanğıc yerimə- Predmostnaya deyilən meydana girdim. Burada qeyd olunur və xəttə buradan çıxırıq, ilk dayanacağımız və son dayanacağımız buradır. Təzəcə girmişdim meydana, İnqanı gördüm. Uzaq da olsa tanıdım, bizim dayanacaqda dayanmışdı. Avtobusu görmüşdü. O dəqiqə çıxdım meydandan. Boş-boşuna. Üz tutdum qaraja. İşdən yarımçıq qayıtmağımın səbəbini soruşa bilərdilər. Hər ehtimala qarşı, avtobusun mühərrikə gedən naqillərinə əl gəzdirdim, pis işləməyi üçün. Parka girdim, maşının pis işlədiyin deyib, təmirə ehtiyac olduğunu bildirdim. O gün işləmədim. Bir gün sonra İnqanın birinci növbə olduğnu bildiyim üçün mən də qrafiki dəyişdim ki, görüşmək imkanımız olmasın…

Rəfiqəsi mindi avtobusa. Son dayanacaqda hamı düşəndə yaxınlaşıb söhbət etmək istədiyini bildirdi:

– Azad, vaxtın var oturub danışmağa?

– Yox! – dedim, – bağışla. Nəsə vaxtı çatdıra bilmirəm.

Yenidən durdum dayanacağa, marşruta getmək üçün.

– İnqa xahiş edirdi, vaxt edib görüşərdin.

– Salam deyərsən ona. Hələlik vaxt edə bilməyəcəm. İşdən sonra tikinti işindəyəm. Yaxın dostlardan biri ev tikir, kömək edəcəm bir neçə gün, – ağlıma gələn yalanları quraşdırırdım!

Sonrakı təsadüfü görüşlərdə çalışdım söhbətimiz dərinə getməsin. Bacardığım qədər tənha görüşlərdən uzaq qaçdım. Beləcə vəziyyəti sabitləşdirdim. Nə qədər düzgün edirdim, mən düşünmürdüm. İstəyirdim ondan uzaq olum, müəyyən vaxt buna nail oldum. Yalnız müəyyən bir vaxt ərzində.

İnqanın mənim ürəyimdə nə qədər dərin yer tutduğunu görməmək, düşünməmək üçün etdiyim cəhdlərin gücü bir – iki aya güclə çatdı…

Qəm yağışı

Подняться наверх