Читать книгу Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya - Əli Şamil - Страница 3

Yol qeydləri, yoxsa türk xalqlarının keçmişinə və gələcəyinə baxış

Оглавление

Azərbaycandan hər il yüzlərlə elm adamı müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq konfranslara qatılır. Əksəriyyətimiz oralardan döndükdən bir neçə gün sonra səfər təəssüratlarımızı unudur, bu barədə yazmaq heç ağlımıza da gəlmir. Ən yaxşı halda öz fəaliyyətimizi reklam etmək üçün saytlara bir neçə cümləlik yazı, 3–4 dənə şəkil verir, bununla da işimizi bitmiş hesab edirik. Əli Şamilin kitabını oxuyarkən düşündüm ki, müəllif hamımızdan yaşca böyük olsa da, necə zəhmətkeşdir. Biz getdiyimiz ölkələrdə konfransın o günə olan proqramı yekunlaşdıqdan sonra daha çox gəzməyə və istirahət etməyə üstünlük veririk. Əli müəllim isə həm gəzib, həm də müşahidələrini qələmə alıb.

Əsəri oxumağa başlayarkən fikirləşirdim ki, görəsən, bunlar ölkəyə döndükdən sonra, yoxsa konfrans zamanı yazılıb? Kitabın müəyyən hissələri məndə belə bir fikir yaratdı ki, müəllif elə xaricdə olduğu zaman, konfransların gedişi zamanı qeydlər edir, həmkarları oteldə istirahət edərkən, bəlkə də, o, təəssüratlarını yazırmış. Sonradan rastlaşdığım cümlələr – müəllifin sanatoriyaya müalicə üçün gedəndə bilgisayarını da özü ilə aparmasını sözarası qeyd etməsi, Kırımı gəzərkən Ediye xanımın yolboyu dediyi tatar yer-yurd adlarını dəftərçəsinə elə yoldaca yazması gümanımın doğru olduğunu təsdiqlədi.

Kitabda hadisələr o qədər aydın və xırda detallara qədər təsvir olunaraq yazılıb ki, sanki oxucu da Əli Şamillə birgə o yerləri gəzir, konfrans salonlarında oturur, məclislərdə iştirak edir, söhbətlərə qulaq asır. O, nəinki konfranslara qatılanda, hətta sanatoriyalara müalicə məqsədilə gedəndə belə gördüklərini qələmə alır.

Əli müəllim ancaq müalicə, səyahət, elmi simpoziumlara qatılmaq məqsədilə deyil, özünün də etiraf etdiyi kimi həm də o yerləri öyrənmək üçün gedirmiş: “Sanatoriyaya getmək həvəskarları sırasında xanımım və mən də vardıq. Biz müalicə olunmaqdan çox qədim türk yurdlarını tanımaq, aydınlarla görüşmək üçün sanatoriyaların imkanlarından istifadə edirdik. Kırımdakı, Quzey Qafqazdakı sanatoriyalarda olarkən yerli radio-televiziyada, qəzet və jurnal redaksiyalarında, nəşriyyatlarda da olurduq. Oradan malkar (balkar), qaraçay, noqay, qumuq dillərində yazılmış kitablar, qəzet-jurnallar alıb gətirir, peşə yoldaşlarımıza, dostlarımıza oxumağa verir, sonra da müzakirələrə başlayırdıq”. O, hətta görüşdüyü insanlardan folklor nümunələri toplayırmış: “Sadə urumlular ilə söhbətimiz şirin keçirdi. Həvəslə bayatılar, dastanlardan parçalar, nağıllar, ata sözləri və s. söyləyirdilər. Səslərini yazmağa texniki avadanlıqlarım olmadığından danışıqları qələmlə kağıza yazmağa çalışırdım”. O illərdə belə imkanlardan bu cür ağılla istifadə etmək hər adamın düşünəcəyi bir məsələ deyil.

Müəllifin xarakterində olan yumor hissi, hazırcavablıq qabiliyyəti onun yazılarına da sirayət edir, bəzi hissələri oxuyarkən adamın dodağı qaçır (məs., “Öpücü baba”), bəzən onun qarşısındakına keçdiyi “dərs” oxucuda rəğbət oyadır (“Mövcud olmayan dövlətin işğal olunmuş torpaqları”, “Quzey Qafqaz Sovetlərin çöküşündən sonra” adlı bölümdə urumlularla söhbət hissəsi və s.). Bəzən də adam Əli Şamilin cəsarətinə heyrətlənməyə bilmir. Gömrük məntəqələrində rus məmurlara verdiyi cavablar hər bir Azərbaycan vətəndaşının ürəyindən keçənləri əks etdirir.

Bu kitabda biz müəllifin iştirak etdiyi konfranslara qatılan elm adamları, onların məruzələri, səfər etdiyi ölkələrin tarixi, coğrafiyası, hətta siyasətçiləri və gömrüklərdəki vəziyyət haqqında məlumatlar əldə edirik. Kitab sanki bələdçi rolunu oynayır və Aleksandr Düma, Adam Oleari, Övliya Çələbi kimi məşhur səyyahların əsərlərini xatırladır. Onu da qeyd edim ki, “Yol qeydlərim” Əli müəllimin bu seriyadan olan ilk kitabı deyil. Onun “Tanıdığım adamlar”, “Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı” və s. əsərlərində də eyni xətti müşahidə edirik. Adlarını qeyd etdiyim kitablar, təbii ki, yalnız səfər təəssüratlarını yazmaq üçün qələmə alınmayıb. Bunları oxuyan gənc digər Türk cümhuriyyətləri, oralarda yaşayan soydaşları, yaşıdlarının durumu, həmin ölkələrdəki siyasi vəziyyət və s. haqqında da məlumat əldə edir. Bu məlumatlar isə onun dünyagörüşünə və gələcək fəaliyyətinə təsir etməyə bilməz. Müəllif kitabda Azərbaycanın Rusiyada mövcud olan digər Türk cümhuriyyətləri və orada yaşayan türk xalqları ilə zəif münasibətlər qurmasından, bəzi hallarda isə görülən işlərlə bağlı yazıların yazılmamasından şikayət edir, sanki gəncləri bu sahədəki boşluqları aradan qaldırmağa səsləyir.

Əli müəllimin yazılarında daha bir diqqətçəkən məqam da dilimizə digər dillərdən keçən sözlərdən imtina edərək onları milli sözlərlə əvəzləməsidir. O, ziyalını oxumuş, aydın, əsri yüzil, cənubu güney, şimalı quzey, mübarizəni dirəniş və s. kimi sözlərlə əvəz edərək gənclərə örnək olmağa çalışır.

Yazılarda Əli müəllimin etnoqrafik detallara nə qədər həssaslıqla yanaşdığını müşahidə edirik: “Təxminən 250, 500, 800 qramlıq plastik qablardakı kiçik, yumru və çil-çil əriklər diqqətimi çəkdi… Naxçıvanlılar ona qığ ərik deyirlər. Ərik hər yerdə sovuşsa da, burada yeni-yeni yetişir”. Onun burada işlətdiyi qığ ərik və sovuşmaq ifadələri əslində etnoqrafik terminlərdir. Eləcə də, qaqauz qıvırması haqqında məlumat verərkən Azərbaycanda qovurmanın necə hazırlanmasını təsvir etməsi maraq doğurur.

Onun müxtəlif türk xalqlarından bəhs edərkən verdiyi məlumatlar çox lazımlıdır. Bu baxımdan “19-cu yüzilin sonlarında və 20-ci yüzilin əvvəllərində rusların tərəkəmə kimi qeydə aldığı xalq indi qumuq və azərbaycanlı kimi qeydə alınır” cümləsi olduqca qiymətli detaldır. Urumlular, noqaylar, tatarlar haqqında yeri gəldikcə yazdığı faktlar da diqqətçəkicidir. Əli Şamil sanki, yeri gəldikcə, bu cür məlumatları yazaraq onları itib-batmaqdan qorumağa çalışır.

Müəllifin yazılarından hiss olunur ki, getdiyi bütün bölgələrlə bağlı çox məlumatlıdır. Oralarda nəşr olunan dövrü mətbuat, çap olunan kitablar, hətta yaradılan təşkilatlar və s. barəsində bölgənin insanları qədər, hətta bəzən onlardan da çox bilir.

O, nəinki Türk cümhuriyyətləri və muxtar vilayətlərini gəzir, eyni zamanda Güney Koreya kimi uzaq ölkələrə də səyahət edərək oralardakı durumlarla maraqlanır, tanınmış universitetlərdə məruzələr oxuyur, bunun üçün mükafat alır, keçirilən konfranslarda əsas çıxışçılardan biri olur, orada yaşayan tələbələrlə görüşür, prosessor Eunkyung Oh kimi alimlərlə fikir mübadiləsi edir, gələcəkdə görüləcək işləri planlaşdırır və s.

Düşünürük ki, müəllifin digər əsərləri kimi bu kitabı da Türk dünyasını daha yaxından tanımağa, problemləri daha yaxşı analiz etməyə kömək edəcəkdir.

Ləman Vaqifqızı (Süleymanova)

Fil.ü.f.d., dos.

Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya

Подняться наверх