Читать книгу Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya - Əli Şamil - Страница 8

Quzey Qafqaz sovetlərin çöküşündən sonra
Axsayı görə bilmədim

Оглавление

Mahaçqaladakı görüşümüzdə professor Eldar Hacıyev və İmperiat Xalipayeva ilə mədəniyyət və elm mərkəzi olan Axsaydan, oradakı mədrəsədən və mədrəsənin məzunları olan Yusup Axsavi (Qılıcyev),Muhammed Efendi Osmanov, Minay Alibekov, Nuhay və Zeynalabdin Batırmurzayevlər, Abdulla Muhammadov, Alim Paşa Salavatov, Abdul Vahab Süleymanov, Siraceddin Toqbolatov, Ş.Alberiyev, Mahammad Atabayev, Latip Hajaqayev, Mahammad Amin Adilxanov,Yunus Alimxanov kimi şair, yazıçı, publisistlərdən, Ahmat Sayıp Əfəndi kimi araşdırıcı müəllimlərdən, Rəşid xan Qaplanov kimi dövlət xadimindən, rus yazıçısı Bulqakovun dostu və onunla birlikdə pyes yazmış, uzun illər Vladiqafqazda hüquqşünas işləmiş Tajuttin Penzullayev və başqalarından danışdıq. Seyid Əzim Şirvani də Axsay mədrəsəsində oxuyub. Yalnız qumuqların deyil, Quzey Qafqazda yaşayan xalqların övladlarının çoxu Axsay mədrəsəsində oxuyub.

Təəssüfləndik ki, mədrəsə haqqında indiyədək ciddi araşdırmalar aparılmayıb, sanballı kitablar, məqalələr yazılmayıb.

Eldar Axsay məscidinin imamı ilə dost olduğunu söylədi. Ona zəng vurub xeyli danışdı. Mənim mədrəsə ilə bağlı fakt toplamaq üçün Axsaya getmək istədiyimi bildirdi. Çox şirin söhbət etdilər. Eldar kənddə yaşayan Anvar Baysunqurovun Axsay mədrəsəsi ilə bağlı çoxlu material topladığını, muzey açmağa can atdığını söylədi.

Axsay yolumuzun üstündəki Xasavyurd şəhərindən 15–17 kilometr aralıda idi. Eldar Hacıyevin söhbəti və verdiyi bilgi ürəyimdən oldu. Düşündüm ki, arzumu reallaşdırmağa yaxşı imkan yaranıb. Yolüstü Axsaya gedər, vaxtilə o mədrəsənin məzunu olmuş Seyid Əzim Şirvani haqqında da bilgilər toplayaram.

Planımı Eldar Hacıyeva bildirdim. O, təklif etdi ki, Axsaya kimi onun maşını ilə gedək. Orada tanıdığı adamlarla görüşək, bilgilər toplayaq. Sonra da bizi gətirib Xasavyurddan Vladiqafqaza gedən taksilərlə yola salsın. Sözarası yol məsrəflərini ödəyəcəyimi söylədim. Eldar Hacıyev etiraz etmədi.

Restorandan ayrılıb biz hotelə, qumuqlar isə evlərinə yola düşdülər. Çantalarımızı hazırlayırdıq ki, səhər tezdən yola düşək, telefon zəng çaldı. Zəng edən İmperiat xanım idi. Utancaq bir tövrlə dedi ki, Axsayda görüləsi elə bir şey yoxdur. Mədrəsənin binası Sovet dövründə uçurulmuşdu, indi yerində məscid tikilib. Çeçenistanla sərhəddə olduğundan oraya rusların və yerli məmurların həssasiyəti çoxdur. Siz orada gəzib, bir-iki şəkil çəkdirsəniz, görüşdüyünüz adamları sorğu-suala çəkəcəklər.


Şəkil 4. Əli Şamil və İsgəndər oğlu Vladiqafqaz parkındakı xatirə abidəsinin qarşısında.


İmperiat Xalipayevanın söhbətindən anladım ki, onlar bizdən ayrılandan sonra kimlərləsə məsləhətləşiblər. Eldar Hacıyev bizimlə Axsaya getmək fikrindən daşınıb. Özü bunu deməyə utandığından İmperiat xanıma dedirdib. Mən də İmperiat xanımı sakitləşdirməyə çalışdım. Axsaya getmək planımızı dəyişdirdiyimizi dedim. İmperiat xanım məsləhət gördü ki, Vladiqafqaza avtobusla getsək, yaxşı olar. Taksilərlə getsək, yolda rus hərbçiləri, polisləri bizi daha çox çək-çevirə salarlar. Mən də ona təşəkkürümü bildirdim və avtobusla gedəcəyimizi söylədim.

Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya

Подняться наверх