Читать книгу Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya - Əli Şamil - Страница 4
Rəsmi təbliğat və gördüyünü danışan insanlar
Оглавление“Yol qeydlərim (Quzey Qafqaz, Kırım, Qaqauz Yeri və Güney Koreya)” kitabın nəşriyyata göndərmək istərkən dönüb keçmişimə baxdım. Gördüm 73 ili arxada qoymuşam. 18 xarici ölkədə elmi simpoziumda iştirak etmişəm, 200 yaxın məruzə oxumuşam. İstər Azərbaycanda, istər vətənimdən kənarda nəşr etdirdiyim məqalələrin, oxuduğum məruzələrin əsas qayəsi zülmə, haqsızlığa etiraz olub.
Etirazımın, narazılığımın səbəbi mənə edilən haqsızlıqdırmı? Yazılarımda və çıxışlarımda demək olar ki, buna rast gəlinmir. Sovet rejiminin yalnız məni deyil, ailəmi, qohumlarımı, ətrafımdakıları necə əzdiyini, çıxılmaz vəziyyətə saldığını görmüşəm. Biliyim artdıqca, oxuduğum kitablar, məqalələr, arxiv sənədləri çoxaldıqca bilmişəm ki, təkcə mənim ailəm, qohumlarım, kəndim, millətim əzilməyib. Son yüzilliklərdə Türksoylu xalqlara, onların cəsur, millətsevər övladlarına edilən ədalətsizlik içimi göynədib. Ağrılarımı, acılarımı üsyankarcasına oxucuya çatdırmamışam, sakit-sakit sətirlərimə hopdurmağa çalışmışam.
Ucqar bir dağ kəndində doğulmuşam. Ailəmizdə, oxuduğum məktəblərdə müəllimlərim arasında açıq antisovet, milliyətçi təbliğat aparan olmayıb. Gördükləri, şahidi olduqları hadisələri də nə gizlədiblər, nə də ona siyasi rəng qatıblar. Uşaqların əksəriyyəti kimi mən də dərsə getməyəndə, təsərrüfat işləri görməkdə ailəyə, qohum-əqrabaya kömək etməyəndə adamların toplaşdığı dükanın yanında olmuşam. Daha çox özümdən böyüklərin söhbətlərini, zarafatlarını dinləmişəm. Yeniyetmə ağlımla onların dediklərinin qəzetlərin, jurnalların yazdıqları, radio-televiziyada, iclaslarda deyilənlərə düz gəlmədiyini hiss etmişəm. Kəndimizin adamları şahidi olduqları, eşitdikləri, gördükləri hadisələrə bir az da bəzək-düzək vuraraq danışırdılar. Görünür, bu da onların aşıq mühitində böyümələrindən, dastançılıq ənənəsinin təsirindən çıxa bilməmələrindən irəli gəlirdi.
Məktəbdə, dərsliklərdə, qəzet və jurnallarda, radio və televiziyada, rəsmi toplantılarda Sovetlərin qazandığı böyük qələbələrdən söz açılırdı. Kənd içərisində isə, nimdaş, yamaqlı paltar geymiş atalar övladlarını ali məktəblərə qəbul etdirmək üçün qəpik-qəpik pul toplamalarından, kolxoz malını rəhbərlərin oğurladıqlarından, talançılıqdan, ölkədə rüşvətin baş alıb getdiyindən danışırdılar. İl boyu kolxozda işləyən bu adamlar həkimə getmək üçün, ailə üzvlərini şəhərə yola salmaq üçün, ali və orta ixtisas məktəblərində oxuyan balalarına beş-on manat göndərmək üçün borc almağa dəfələrlə müəllimlərin üstünə qaçtığının şahidi olmuşam. Müəllimlər də hər zaman pul verə bilmirdilər. Maaş verilən vaxtı gözləmək lazım gəlirdi.
Çoxlu mal-qara, toyuq-cücə saxlayan kəndlilərin evində aylarla ət xörəyi, yumurta yeyilmirdi. Necə deyərlər, ət, yun, yağ, pendir, yumurta və b. kənd təsərrüfatı məhsullarının çoxu bazarda satılmaq üçün hazırlanırdı. Oradan əldə edilən pul ailə üzvlərinə geyim, ev əşyaları alınmasına, xeyir-şərə xərclənirdi.
Rəsmi təbliğat Sovet Ordusunun İkinci Dünya Savaşındakı möhtəşəm qələbəsindən, adamların orduya könüllü yazıldığından danışırdı. Kəndimizdə bir nəfərdə olsun, “mən əsgərliyə könüllü getdim”, ‒ deyən yox idi. Hamısı məcburi əsgər aparıldığını deyirdi. Əsgərliyə 18 yaşında aparırdılar. Amma savaş illərində kəndimizdən 18 yaşı çatmayanları da səfərbərliyə alıb savaşa göndərmişdilər. Savaşda iştirak edənlər isə aclıqdan, ordudakı başıpozuqluqdan, milli ayrıseçkilikdən söhbət açırdılar. Rus dilini bilmədiklərinə görə komandirlərin müsəlmanları “yoldaş” deyib necə güllələdiklərindən danışırdılar.
Kəndimizdən savaşa göndərilənlərin əksəriyyəti Kırım yarımadasında olmuşdu. Necə deyərlər, güllə səsi eşitməmiş, burunlarına barıt qoxusu dəyməmiş, almanlara bir güllə, bir mərmi atmamış mühasirəyə düşmüşlər. Sahilə yaxın olanlar mühasirədən qurtulmaq üçün əsgər və zabitlərin başıpozuq, düzənsiz halda Kerç boğazından gəmilərlə keçmək istədiklərini danışırdılar. Gəmi az, qaçıb qurtulmaq istəyənlər çox olduğundan basabas yaranırmış. Gəminin yükü çox olmasın, dənizdə batmasın deyə zorla minmək istəyənləri itələyib suya salırlarmış. Hava sahəsi qorunmadığından köhnə gəmilərə minmiş “şanslılar” isə alman təyyarələrindən atılan bombalardan balıqlara yem olmuş, ya da cəsədlərini ləpələr sahilə vururmuş. Sahildəki cəsədləri toprağa basdırmağa təşəbbüs göstərən belə olmurmuş. Əsgər və zabitlərin bir qismi isə 4–5 gün mühasirəyə düşdükləri üçün yüksək rütbəli komandirlərinin onları qoyub qaçdıqlarını bilməmişlər. Ac qaldıqlarında özlərinə yemək tapmaq üçün gedərkən almanların yarımadanı tutduqlarını bilmişlər. Əsirlikdə olanlar almanların onlara ruslardan yaxşı davrandıqlarını danışır, almanların nizam-intizamından, səliqə-səhmanından, qanunlara ciddi əməl etmələrindən qürurla danışırdılar. Biz uşaqlar isə bir-birimizi söymək və təhqir etmək istərkən nemes (alman) deyərdik.
Kəndə gələn kinolarda Sovet ordusunun hünəri, partizanların dözümlülüyü, qəhrəmanlığı tərənnüm olunurdu. “Uzaq sahillərdə” filmindəki Mixaylo uşaqların və yeniyetmələrin sevimli qəhrəmanı idi. Biz savaş iştirakçısı olan, əsir düşən kəndlilərimizdən Mixaylonu xəbər alırdıq. Onlar bizə Apo bəy Düdənginskini, Məhəmmədəmin Rəsulzadəni harada, necə gördüklərini söyləyirdilər.
Kəndimizdən Sovet İttifaqı Qəhrəmanı adı o yana qalsın, yüksək döyüş ordenləri alanlar da yox idi. Hansısa orden-medalı olan vardısa, o da sanki gizlədir, demirdi. Bizim kənddə qəhrəman kimi tanınanlar almanlara qarşı döyüşənlər deyil, ordudan qaçaraq dağlarda Sovet rəhbərlərinə qarşı döyüşənlər idi. Onlar haqqında elə ilhamla danışırdılar, gəl görəsən. Bu söhbətlər bəzən mənə inandırıcı görünmürdü. Çünki bir-iki nəfərin qaçağın 30–40 nəfər təlim görmüş, hər cür silah-sursat və ərzaqla təmin olunmuş sovet əsgər və zabitlərinə qalib gəldiyinə, qaçaq Fərzalının beşaçılanla təyyarəni vurmağına necə inana bilərdim? Amma onlar hadisələri elə təfərrüatı ilə danışırdılar ki, etiraz etməyə yer qoymurdular. 20-30-cu illərdə olduğu kimi, İkinci Dünya Savaşı illərində də kəndimizdan 8–9 nəfər qaçaqlıq elədiyinə görə güllələnmiş, bəzilərinin ailə üzvləri həbs edilmiş, Qazaxıstana sürgünə göndərilmişdi.
Quzey Qafqazda yaşayan qumuqların, noqayların, malkarların, qaraçayların, kırım tatarlarının, qaqauzların, axısqalıları bizimlə eyni dildə danışdıqlarını ilk dəfə zorla savaşa göndərilmiş kəndlilərimizdən eşitdim. Onlar soydaşları olan, tərcüməçisiz bir-birlərini başa düşdükləri qazaxlarla, qırğızlarla, özbəklərlə, türkmənlərlə, başqırdlarla bir-birlərini necə qoruduqlarından ilhamla söz açırdılar.
Məktəbdə milliyətimizin azərbaycanlı olduğunu öyrədirdilər. Qəzet-jurnallar da elə yazırdı, radio-televizyada da elə deyirdilər. Rayon mərkəzinə gedəndə ermənilərin uşağı da, böyüyü də, rəhbər vəzifədə işləyənləri də bizə türk deyirdi. Türklərin onların ata-babalarını qırdığından danışırdılar. Kitablarımızda da türklər işğalçı, qəddar kimi təsvir edilirdi. Bizim savadsız kəndlilərimiz, müəllimlərimiz isə türklərin xilaskarlığından söz açırdılar. Ermənistanın ermənilər yaşayan, türklər yaşayan, hətta ruslar yaşayan kəndlərində yazılar erməni dilində, Gürcüstanda gürcü dilində olduğu halda, Azərbaycanda rus dilində idi. Özbəkistana, Türkmənistana, Qazaxıstana, Qırğızıstana və b. türk xalqları yaşayan bölgələrə gedən kəndlilərimiz oradakı yazıların da rus dilində olduğunu söyləyirdi. İçimdə sual yaranırdı: Nədən xristian respublikalarında yaşıyan xalqlar öz dillərində yaza bilər, rəsmi dilləri ana dillərindədir, amma müsəlman respublikalarında yaşayanlar rus dilində yazmalıdılar?!
Oxumağa getmək istəyən yeniyetmələrin pasport almaq üçün günlərlə rayon milis idarəsinin qarşısında növbəyə durduqlarının, rüşvət verənlərin növbəsiz pasport aldıqlarının şahidi olurduq. Üç aylıq, altı aylıq, bir illik müddəti olan bu pasportlar yalnız SSRİ daxilində qüvvədə idi. Onunla xaricə getmək olmazdı. İkinci, üçüncü dəfə pasport alanlara beş illik və daha üzunmüddətlisini verdilər.
Bakıda, Sumqayıtda və ya Rusiyanın hər hansı bir bölgəsinə getmək istəyəndə gərək rayona gedərək rüşvət verib qeydiyyatdan çıxaydın. Azərbaycanda da rüşvət vermədən yataqxanaya və ya hansısa qohumunun evinə qeydiyyata düşmək, arayış almaq mümkünsüz idi. Ermənilərin, rusların və başqa digər millətlərdən olanların Bakıya asanlıqla qeydiyyata düşdüklərini, bizə isə keçilməz sədd yaradıldığını görmüşdük. Tələbələrin bir qismi yanımızdaca valideynlərinin onların ali məktəbə, texnikuma qəbul olmaları üçün hansı müəllimə nə qədər pul verdiyini, imtahandan kəsilməmək üçün öncədən necə pul topladıqlarını, kəsilənlərin isə tapşırtdırılaraq və ya pul verərək qiymət yazdırdıqlarının şahidi olurduq.
Universitetdə bizə Marksın, Engelsin, Leninin əsərlərini, Sov. İKP plenumlarının, qurultaylarının qərar və qətnamələrini oxudurdular. Marksın pambıqçı əməyinin qul əməyi adlandırdığını, Leninin sosializmdə istiqraz, lotereya olmayacağını oxuyurduq. Hər yerdə istiqraz, lotereya satıldığını görürdük, hətta tələbələrin təqaüdündən müəyyən məbləğ kəsib əvəzində lotereya verirdilər. Zorla qəzetlərə abunə yazdırırdılar, lotereyanı almaq istəməyəni, qəzetə abunə olmaq istəməyəni təhdid edir, məktəbdən qovacaqları ilə hədələyirdilər.
Nəinki ali və orta ixtisas məktəblərinin tələbələrini, 4-cü sinifdən yuxarı siniflərin şagirdlərini rəsmi surətdə pambıq yığımına cəlb edirdilər. Hətta bəzi yerlərdə birinci sinifin uşaqlarını belə pambıq yığmağa aparırdılar. Tualeti, içməli suyu, normal yeməyi və yatmağı olmayan uşaqlar, yeniyetmələr və gənclər qəzalardan, xəstəliklərdən ölürdülər. Amma onların heç birini istehsalat qəzası kimi qeydə almırdılar.
Rəsmi yazılan və deyilənlərlə yaşantıların uyğun gəlmədiyi bir cəmiyyətin burulğanında dünyagörüşümüz formalaşırdı.
Kənd meydanında eşitdiklərimi ali məktəbdə oxuduqlarımla, xüsusilə, 1920-1930-cu illərdə oxuduğum qəzet və jurnallarla zənginləşdirdim. 1937-ci ildə baş verən repressiyanın millətimin savadlı, vətənsevər oğullarının məhvinə yönəldildiyini bildim. Onların (repressiya olunanların) haqlı olduğunu başa düşdüm.
Beləcə, məndə türksoylu xalqları yaxından tanımağa maraq artdı. Gördüm ki, onların taleyi də Azərbaycanlılardan heç nəyi ilə fərqlənməyib. Azərbaycanlıları cəzalandırmaq üçün Qazaxıstana, Qırğızıstana, Sibirə sürgün ediblər. Oxuyanda ki, Qazaxıstanda, Qırğızıstanda, Sibirdə də kütləvi sürgünlər olub, heyrət məni bürüdü. Necə yəni sürgün yerindən də sürgün olurmuş?
Ali məktəbin son kursundan başlayaraq türk xalqlarını daha yaxından tanımaq üçün onların yaşadıqları bölgələrə getdim, aydınları ilə görüşdüm. Bu görüşlər, söhbətlər haqqında yazdıqlarımın çoxu redaksiyalar tərəfindən bəyənilmədi, lakin ruhdan düşmədim.
Sovetlərin çöküşü isə vəziyyəti tamam dəyişdi. Yazdığım məqalələrin nəşri imkanları artsa da, maddi sıxıntı üzündən getmək imkanlarım azaldı. Yaxşı ki, elmi toplantılarda bəzi təşkilatçılar yol, qalmaq və yemək xərclərini ödədilər. Ondan yararlandım. Getdiyim və şahidi olduğum hadisələr haqqında yazdım. Lakin qəzet və jurnalların həcmi, radio və televiziya verilişlərinin vaxt məhdudiyyətləri yazdıqlarımın hamısını oxucuya, dinləyiciyə çatdırmaq imkanı vermədi. Buna görə də onları kitab halında oxucuya təqdim etməyi qərara aldım.
İlk dəfə bu mövzuda “Quzey Kıbrıs” kitabım işıq üzü gördü. Sonra da yol qeydlərimi “Qaşqaylar və onların folkloru”, “Albaniya və Azərbaycandakı albanlar” kitablarımda verdim. Türküstana gedərkən yazdığım məqalələrin üzərində yenidən işləyərək “Parçalanmış Türküstanı gəzərkən” kitabına daxil etdim.
“Yol qeydlərim (Quzey Qafqaz, Kırım, Qaqauz Yeri və Güney Koreya)” kitabın nəşrə hazırlayarkən tanış olduğum insanların bəzilərinin mənə verdiyi vizit kartları tapa bilmədim. Diqqətsizlikdən bəzilərinin də adını, soyadını öyrənməmişdim. Belələrinin şəkilini kitabda verərkən adlarının yerinə nöqtələr qoydum.
Kitabı nəşrə hazırlayarkən ayrı-ayrı məqalələrin ilk oxucusu, redaktoru və məsləhətçisi olmuş iş yoldaşlarım Aynurə Sadıq qızı və Məhsəti Vaqif qızı oldu. Bakıda ali təhsil almış Tudora Arnaut qaqauzlar, Nigar İsmət qızı Kırım tatarları haqqında yazdıqlarımı oxudular ki, yanlışlıqlar olmasın. Kitabın hazırlanmasında mənə təmənnasız kömək etmiş bu insanlara, eləcə də “Köhlən” nəşriyyatının əməkdaşlarına təşəkkürümü bildirirəm.