Читать книгу Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya - Əli Şamil - Страница 6
Quzey Qafqaz sovetlərin çöküşündən sonra
Gürcüstan, Azərbaycan və Rusiya gömrük məntəqələrinin fərqi
ОглавлениеRusiyaya gedən qatarların vaqonlarının, avtobusların köhnəliyi və göstərilən xidmətin səviyyəsinin aşağı olması bizi vadar etdi ki, heç olmasa, Mahaçqalayadək taksi ilə gedək. 2017-ci il iyulun 28-də Bakıdan yola çıxdıq. Azərbaycanla Rusiya arasında 4 keçid məntəqəsi açılsa da, yenə tələbatı ödəmir. Adamlar keçid məntəqələrində saatlarla gözləməli olur. Sıxlıq vaxt itkisi yaratmaqla yanaşı keçid məntəqəsində işləyən gömrük işçilərinin gəlir mənbəyinə çevrilib. Onların bilərək növbənin pozulmasına şərait yaratmaları qanıqaraçılıq, əsəbilik yaradır.
Şəkil 2. “Mayak” sanatoriyasının həyəti. Soldan: Burxan Berberov, Əli Şamil və Ahmed Sozayev
Bizi aparan taksi sürücüsü təcrübəli idi. Sərhədə yaxınlaşanda telefonla kimdənsə keçid məntəqələrindəki vəziyyəti öyrəndi. Maşın və adam seyrək olan məntəqədən keçmək ona da sərfəli idi. Çünki axşam Mahaçqalada yatıb dincəlməli, səhər tezdən müştəri tapıb yenidən Bakıya qayıtmalıydı. Bəzən müştəri tapanda onlar yorğunluqlarını unudub elə həmin gün də Bakıya qayıdırlar.
Seyrəklik olan keçid məntəqəsi bizə də sərfəli idi. Oraya gələndə növbədə 4–5 minik maşını vardı. Növbəmiz çatanda Azərbaycan gömrük işçilərinin qoyduqları qaydaya əsasən taksidən endik. Yol çantalarımızı sürüyüb manitor olan otağa getməli olduq. Azərbaycanın quru sərhəd keçidlərinin hamısında belədir. Gürcüstan tərəfin keçidində isə maşından enməyə, çantalarını sürüyə-sürüyə manitor otağına aparmağa ehtiyac qalmır. Sərhədçilər və gömrük işçiləri bütün əməliyyatları maşında oturduğun yerdə gülərüzlə həyata keçirirlər.
Şükür ki, Azərbaycan gömrüyündə yüklərimizi töküb-töküşdürməyə ehtiyac duymadılar. Manitorda baxmaqla kifayətləndilər. Sərhəd nəzarət-buraxılış məntəqəsində də pasportlarımıza sakitcə möhür vurdular. Daha heç bir çək-çevir, vaxt uzatma, təmənna olmadı. Yenidən çantaları sürüyə-sürüyə aparıb taksinin baqajına yüklədik.
50-60 metr o tərəfdəki Rusiyanın gömrük-keçid məntəqəsində taksidən enməyi, yüklərimizi də özümüzlə yoxlama otağına aparmağı əmr etdilər. Qocalar da, şikəstlər də min bir zülümlə çantalarını dartıb yoxlama otağına apardılar. Manitorun yanında yaşlı bir gömrük məmuru oturmuşdu. Yükümüzü manitora qoymaq istəyəndə o əsəbi və amiranə tərzdə yol çantalarımızı qarşısına qoymağı və ağzını açmağı tələb etdi. Sonra da ayaqlarının arasına aldığı yol çantalarımızın içərisindəkiləri töküb-töküşdürməyə başladı. O, nəyəsə nəzarət edəndən, yoxlayandan çox, paltarları, ayaqqabıları qurdalamaqdan ləzzət alana oxşayırdı. Xeyli qurdalandıqdan, səliqə ilə yığılmış paltarları qarışdırdıqdan sonra çantalarımızı götürməyə icazə verdi. Çantalarımızı səliqə-səhmana salmağa azı yarım saat vaxt itirdik.
Qarşısında manitor ola-ola gömrük məmurunun çantaları əl ilə yoxlaması mənə təəccüblü gəldi. Bu, vaxt itkisinə səbəb olur, boş yerə növbələr yaradır. Narazılığımı gömrük məmuruna bildirdikdə əsəbiliklə: “Biz belə tələb edirik, bizi öyrətməyəmi gəlibsiniz?” cavabını aldıq.
Səfərə çıxarkən xanımım paltarlarımı səliqə ilə çantaya yığır. Səfər müddətində isə çirkli paltarları necə gəldi çantaya atıb evə gətirirəm. Geri qayıdacağımızı gözümün qarşısına gətirirəm. Demək, bu gömrük məmuru mənim çirkli alt paltarlarımı da beləcə, özündənrazı halda əlləşdirəcək.
Hər dəfə quru yolla xarici ölkələrə gedib-gələndə Azərbaycan gömrükçülərinin və sərhədçilərinin yoxlama metodu qanımı qaraldır. Düşünürəm ki, nədən böyük xərclər hesabına onları xarici ölkələrə təcrübə mübadiləsinə göndərirlər. Elə beş-on metr o tərəfdəki Gürcüstana göndərsələr, olmazmı? Gürcüstanın sərhəd keçid məntəqələrində adam özünü mədəni və inkişaf etmiş bir ölkədə hiss edir. Bir sözlə, Gürcüstanla bizim aramızdakı fərq nə qədərdisə, Azərbaycanla Rusiya gömrük yoxlamaları arasında da fərq o qədərdir desəm, yəqin ki, yanılmaram. Ölkənin giriş qapısındaca Azərbaycanın Rusiyadan nə qədər öndə olduğu görünür.