Читать книгу Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya - Əli Şamil - Страница 9
Quzey Qafqaz sovetlərin çöküşündən sonra
Acıbiylə söhbət
ОглавлениеMahaçqaladan Vladiqafqaza gedən avtobusa öncədən bilet sifariş etmək istədim. Hotelin qeydiyatçısı, bir müddət Türkiyədə işləmiş xanım: “Özünüzü yormayın, öncədən bilet sifariş verə bilməyəcəksiniz. Biletləri avtobusun yola düşməsinə bir-iki saat qalmış satırlar”, – dedi.
Rahatsız olduğumuzu gördükdə: “Bizim hotelin xidmətindən əsasən türkiyəli qonaqlar istifadə edir. İşimizi Türkiyədəki kimi qura bilməsək də, onları yamsılamağa çalışırıq. Tanıdığımız taksi sürücüləri var, qonaqlarımızın çoxunu onlar qarşılayır və yola salır. Narazılıq edənini görməmişən. İstəyirsiniz onlara deyim sizi aparıb yola salsınlar”, – dedi.
Razılaşdım.
Səhər yeməyi üçün aşağı enəndə hotel işçisi taksi sürücüsünün gəldiyini söylədi və əlavə etdi ki, rahat yeməyinizi yeyin, taksi sizi gözləyəcək.
Sürücü ilə görüşdük. Gənclərin çoxunun səhər tezdən evdən çıxarkən tənbəllikləridən qəlyanaltı etmədiklərini bilirdim. Ona görə də taksi sürücüsündən bizi hotelin yeməkxanasına aparmasını xahiş etdim. Yeməkxanada birlikdə qəlyanaltı etməyi təklif etdim. O, təşəkkürünü bildirib geri dönmək istəyəndə: “Dağlılar qonaqpərvər olur. Bəs sən qonağı qoyub hara gedirsən? Əyləş, qəhvəaltı edək, bir az da söhbətləşək. Dağıstanı mənə tanıt”, – dedim. Gülümsədi və utancaq bir görkəmlə bizimlə bir süfrədə oturdu.
Adını soruşdum. Adının Acıbiy olduğunu dedi. Mən də özümün, xanımımın adını dedim və vizit kartımı verdim. Həmin dəqiqə vizit kartını diqqətlə gözdən keçirərək: “Neçənci azərbaycanlıdır ki, vizit kartının öz dilində və ingilis dilində yazıldığını görürəm. Nədən rus dilində yazmırsınız?” – sualını verdi. “Əsarətlərində olduğumuz 200 ildə rusların çox yaramazlıqlarını gördük, ona görə”, – dedim.
Şəkil 5. Əzizə xanım Murtaza İsgəndər oğlunun kiçik bağ evinin qarşısında.
Fikrə getdi və heç bir cavab vermədi. Mən ondan: “Haralısan?”, – deyə xəbər aldıqda “mahaçqalalıyam”, – dedi. Mən bir də soruşdum: “Harada doğulubsan demədim, atan-babanın haralı olduğunu soruşdum”. Gülümsəyərək: “Bizdə də haralısan deyəndə babalarımızın yaşadığı yeri soruşulduğunu başa düşürük. Ata-babam tabasaranlıdır. 1960-cı illərdə “kiçik dağ kəndlərinə yol çəkmək, orada məktəb, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana açmaq sərfəli deyil” deyərək əhalisini köçürüb qumuqlar yaşayan bölgələrdə, Xasavyurd və Dərbənd ətrafına yerləşdirdilər. Babamgil deyir ki, dağdan köçənlər Xəzər ovalığının isti havasına, suyuna, üzüm və tərəvəz əkməyə alışa bilmədilər. Bir çoxu öldü. Babamgili də Xəzər ovalığına köçürüblərmiş. 1990-cı illərdə kəndlərdə iş olmadığından atamgil Mahaçqalaya köçüb. Mən də Mahaçqalada doğuldum, orta məktəbi də, universiteti də burada oxudum. İki ali təhsil diplomum olsa da, ixtisasıma uyğun iş tapa bilmirəm. Özümü dolandırmaq üçün taksi işlədirəm”, – dedi.
– Bir zaman Azərbaycanda Tabasaranski familyalı adamlar olub, özü də rəhbər vəzifədə işləyiblər. İndi Tabasaranski familyasına heç rast gəlmirəm. Bilmirəm uşaqları köçüb gedib, ya familyalarını dəyişiblər, – deyəndə elə bil Acıbiyin gözləri parladı.
– Dostlarımla ildə bir-iki dəfə Bakıya gedirik. Mən də heç Tabasaranski familyasına rast gəlməmişəm. Bakı gündən günə gözəlləşir. Mahaçqalaya baxan yoxdur. Binalar köhnədi, nə onları təmir eliyən var, nə yollara asfalt döşəyən, nə də yeni parklar salan, – dedi.
Qəlyanaltını etdikdən sonra yol çantalarımızı gətirib taksiyə əyləşdik.
Acıbiy Türkiyə və Azərbaycanda yaşamağı çox arzuladığını dedi. Mən Azərbaycanda və Türkiyədə dağıstanlıların sayının az olmadığını deyəndə Acıbiy “Türkiyədə ləzgilərin toplu yaşadığı yerdə yaşamaq istəmərəm”, – cavabını verməsi məni çox heyrətləndirdi.