Читать книгу QRAF MONTE-KRİSTO - Александр Дюма - Страница 12
I CİLD
BİRİNCİ HİSSƏ
X. TÜİLRİDƏ KİÇİK OTAQ
ОглавлениеVar gücü ilə üç hissədən ibarət olan və mal-qaranın sürülməsi üçün nəzərdə tutulan Paris yoluyla çapan Vilforu bir yana qoyub, iki-üç qonaq otağını keçərək Tüilridə kiçik bir mənzilə baş çəkək. Yarımdairəvi pəncərələri olan bu mənzil, Napoleon və XVIII Lüdovikin, sonra isə Lui-Filippin sevimli iş otağı olmağı ilə məşhur idi.
Qeyd olunan iş otağında, Qartveldən gətirilən qoz ağacından hazırlanmış masa arxasında, dahi şəxsiyyətlərə məxsus qəribə bir şıltaqlıqla oturmuş XVIII Lüdovik pərişan halda, ağ saçlı, kübar sifətli, gözəl geyimli, əlli yaşlarında olan bir adamı dinləyirdi. Eyni zamanda o, Qrifius nəşriyyatı tərəfindən Horatsinin nəşr edilmiş, çox da dəqiq hesab edilməyən, lakin pərəstiş edilən, əsərinin səhifələri kənarında qeydlər aparırdı, bu qeydlər, əlahəzrətlərinə hiyləgər ədəbi müşahidələr aparmaq üçün, geniş qida mənbəyi idi.
Kral dedi:
– Cənab, deməli siz deyirsiniz ki…
– Əlahəzrətləri, mən hədsiz dərəcədə narahatam.
– Doğrudan? Siz yuxuda yeddi arıq, yeddi kök inək görməmisiniz?
– Əlahəzrətləri, xeyr. Bu bizə yalnız yeddi il aclıq, yeddi il isə bolluq gözlədiyindən xəbər vermiş olardı; əlahəzrət, sizin kimi tədbirli kralın yanında aclıqdan qorxmağa dəyməz.
– Əziz Blakas, bəs onda sizi narahat edən nədir?
– Əlahəzrət, mənə elə gəlir, cənubda dolu var.
XVIII Lüdovik cavab verdi:
– Əziz hersoq, mənə elə gəlir, belə bir vəziyyətdə siz pis məlumatlanırsınız. Əksinə mən dəqiq bilirəm, orada hava əladır.
XVIII Lüdovik bilikli adam olsa da, yüngül zarafatları sevərdi.
De Blakas dedi:
– Cənab, heç olmazsa sadiq qulunuzu sakitləşdirmək üçün Lanqedok, Provans və Dofine əyalətlərinə dəqiq məlumat gətirməyə etibarlı adamlarımızın göndərilməsinə izin verin.
Kral Horatsi səhifələrinin kənarlarında qeydiyyat apara-apara cavab verirdi:
– Canimus surdis.[6]
– Əlahəzrətləri, – özünü Venetsiya şairinin yarım bənd şeirini başa düşən kimi göstərmək istəyən saray əyanı gülərək davam etdi: – Əlahəzrətləri, ola bilsin, Fransanın sadiqliyini nəzərə alaraq, siz haqlısınız; lakin düşünürəm ki, hər hansı bir cəhddən çəkinməklə, mən də haqlı hesab edilə bilərəm…
– Kimin tərəfindən?
– Bonapart, yaxud onun partiyası tərəfindən.
Kral dedi:
– Əziz Blakas, sizin qorxunuz mənə işləməyə imkan vermir.
– Cənab, sizin rahatlığınız isə məni yatmağa qoymur.
– Əzizim, durun gözləyin: ağlıma gözəl bir məzəmmət gəldi, Pastor quum traheret;[7] gözləyin, sonra deyərsiniz.
Sükut çökdü, kral Horatsi səhifələri yanında kiçik xətlə bir neçə sətir nə isə yazdı.
– Başqasının fikrini təhlil edərkən özünü yeni bir fikrə gəlmiş adam kimi göstərən kral, başını özündən razı halda qaldıraraq dedi, – əziz hersoq davam edin. – Mən sizi dinləyirəm, davam edin.
Balakas əvvəlcə Vilforun gətirdiyi xəbərdən özü yararlanmaq istəyirdi, odur ki, sözə belə başladı:
– Əlahəzrətləri sizə deməliyəm ki, boş şayiələr və əsasız sözlər məni çəkindirmir. Ağıllı, etibarımı tamamilə qazanmış və tərəfimdən Fransanın cənubuna nəzarət etməyə təyin olunan, – hersoq bu sözləri deyərkən bir az tutuldu, – məlumat çatdırmaq üçün poçt faytonu ilə çaparaq gəlib: kralı qorxulu təhlükə gözləyir. Əlahəzrət, ona görə də sizin yanınıza gəlməyə belə tələsirdim.
Kral qeydlərinə davam edə-edə dedi:
– Mala ducis avi domum.[8]
– Əlahəzrət, ola bilsin, siz mənim bu mövzunu bağlamağımı istəyirsiniz?
– Xeyir, xeyir, əziz hersoq, lakin əlinizi uzadın…
– Hansını?
– Hansını istəyirsiniz; bax ora, sol tərəfə…
– Əlahəzrət, burada?
– Mən sol tərəfə deyirəm, siz isə sağ tərəfdə axtarırsınız; məndən sol tərəfə demək istəyirəm; bəli, burda; burada polis nazirinin dünənki tarixlə məlumatı olmalıdır… Bax, bu da Dandrenin özü… Deyəsən siz cənab Dandre dediniz? – Kral Polis nazirinin gəlişini xəbər vermək üçün içəri daxil olan otaq xidmətçisinə müraciətlə davam etdi.
Otaq qulluqçusu cavab verdi:
– Bəli, ser, baron Dandre.
– Bəli, baron, – deyə, XVIII Lüdovik hiss edilməyən gülüşlə dedi, – gəlin, baron, cənab Bonapart haqda bütün son xəbərləri hersoqa xəbər verin. Vəziyyət nə qədər ciddi olsa da heç nəyi gizlətməyin. Elba adasının bir vulkan olduğu, ətrafa küllü və alovlu müharibə püskürdüyü doğrudurmu: bella, horida bella?[9]
Dandre, iki əli ilə gözəl bir şəkildə oturacağın arxasına söykənərək dedi:
– Əlahəzrət, dünən mənim məlumatımla tanış olmaq şərəfinə nail olmuşdumu?
– Oxudum, oxudum; lakin onu tapa bilməyən hersoqa özünüz danışın, orada nə yazılmışdı? Qəsbkarın öz adasında nə ilə məşğul olduğuna dair, ona ətraflı məlumat verin.
Baron hersoqa müraciət edərək dedi:
– Əlahəzrətin bütün sadiq qulları kimi, Elbadan alınan son məlumatlara sevinməyə məcburuq. Bonapart…
Dandre XVIII Lüdovikə baxdı, o, hansısa qeydiyyatla maraqlandığından başını belə qaldırmadı.
Baron davam etdi:
– Bonapart ölümcül şəkildə darıxmaqdadır; bütün gün ərzində Porto-Lanqone limanında mina düzənlərin işini izləyir.
Kral əlavə etdi:
– Əylənmək üçün də qaşınır.
Hersoq dedi:
– Qaşınır? Əlahəzrətləri, siz nə demək istəyirsiniz?
– Məgər siz unutmusunuz ki, bu böyük adam, qəhrəman, yarı Tanrı dəri xəstəliyindən əzab çəkir?
Polis naziri davam etdi:
– Hersoq, bu azmış kimi, biz əminik ki, yaxın vaxtlarda qəsbkar dəli olacaq.
– Dəli olacaq?
– Şərhsiz; onun ağlı qarışır, gah acı göz yaşları tökür, gah var gücü ilə qəhqəhə çəkir; bəzən saatlarla sahildə oturub suya daş atır, əgər daş beş-altı dəfə sapırsa, onda yenidən Marenqo, yaxud Austerlits döyüşündə qalib gəldiyi kimi sevinir. Razılaşarsınız ki, bu əsl dəlilik əlamətləridir.
XVIII Lüdovik gülərək dedi:
– Yaxud, cənab baron, müdriklik, keçmişdə böyük sərkərdələr, əyləncə saatlarında, suya daş atmaqla əylənərdilər; Plutarxı açın və Afrikalı Sipionun həyatına nəzər salın.
Həm kralda, həm də nazirdə bu laqeydliyi görən de Blakas fikrə getdi. Vilfor, başqalarının onun sirrindən istifadə etməməyi üçün hamısını açıqlamayıb, lakin onları narahat etmək üçün kifayət edəcək qədər məlumat vermişdi.
– Dandre, davam edin, – kral dedi: – Blakas hələ tam əmin deyil. Qəsbkarın necə haqq yoluna qayıtmasından danışın.
Polis naziri baş əydi.
– Haqq yoluna? – Hersoq Vergili çobanları kimi növbə ilə danışan krala və Dandreyə baxaraq pıçıldadı: – Qəsbkar haqq yoluna qayıdıb?
– Sevimli hersoq, sözsüz.
– Hansına?
– Xeyirxahlıq yoluna. Baron, izah edin.
Nazir tamamilə ciddi şəkildə sözə başladı:
– Hersoq, məsələ ondadır ki, Napoleon bu yaxınlarda baxış keçirib; onun köhnə deyingənlərindən ikisi, ya üçü Fransaya qayıtmaq arzusunda olduqlarını bildirib; o, onları təkidlə xeyirxah krala xidmət etməyi məsləhət görərək buraxıb; hersoq, sizi əmin edirəm, bu onun öz sözləridir.
Kral, qarşısındakı açıq şəkildə durmuş nəhəng kitabdan qoparaq, təntənəli surətdə soruşdu:
– Hə, Blakas, necədir? Buna nə deyirsiniz?
– Mən daha təmtəraqlı demək istəyirəm, ikimizdən biri səhv edir: ya cənab polis naziri, ya da mən; lakin sizin əmin-amanlığınızı və cəlalınızı qoruyan polis nazirinin səhv etməsi mümkün olmadığından çox güman, mən səhv edirəm. Lakin əlahəzrət, sizin yerinizdə olsaydım, məruzə edən adamı heç olmazsa sorğu-suala tutardım; mən hətta ona bu şərəfi göstərməyinizi təkidlə xahiş edirəm.
– Hersoq, izin verin; sizin göstərişinizlə mən kimi istəsəniz qəbul edərəm, lakin onu əlində silah qəbul etmək istəyirəm. Cənab nazir, sizin daha yeni məlumatlarınız yoxdur? Bunun üzərində 20 fevral göstərilib, bu gün isə mart ayının üçüdür.
– Xeyir, əlahəzrət, lakin mən hər an yeni məlumat gözləyirəm. Evdən səhər çıxmışam, ola bilsin, mən olmayanda artıq xəbəri alıblar.
– Prefekturaya gedin, əgər o hələ də alınmayıbsa, onda… – Lüdovik güldü, – onda özünüz quraşdırın; deyəsən, axı bu belə edilir?
Nazir cavab verdi:
– Cənab, Tanrıya şükürlər olsun ki, bizə heç nəyi uydurmaq gərək deyil, hər gün müxtəlif, ətraflı xəbərlərlə bol-bol təmin edirlər; onların göstərmək istədikləri, lakin göstərə bilmədikləri xidmət qarşılığında bəzi şeylər almaq ümidi ilə, hər cür başı bəlalı adamlar yazırlar. Onlar xoşbəxt təsadüfə ümid edirlər və gözlənilməz bir hadisənin onların bu ümidlərini doğruldacağını gözləyirlər.
Kral dedi:
– Yaxşı, gedin, unutmayın ki, mən sizi gözləyirəm.
– Əlahəzrət, on dəqiqədən sonra burdayam…
– De Blakas dedi, – əlahəzrət mən də gedib xəbərçimi gətirim.
Kral dedi:
– Dayanın, dayanın. Bilirsiniz, Blakas, mən sizin gerbinizi dəyişməliyəm; sizə qanadlarını açmış, caynaqlarında əbəs yerə qurtulmaq üçün çırpınan, şikar tutan və başı üzərində belə bir: Tenax[10] şüarı olan qartal vermək istəyirəm.
Hersoq əsəbindən dırnaqlarını çeynəyərək cavab verdi:
– Sizi dinləyirəm, zati-aliləri.
– Mən sizinlə bu şeir haqda məsləhətləşmək istərdim: Molli fugiens anhelitu…[11] Söhbət qurdun maralı təqib etməyindən gedir. Siz gərək ki, ovcu, həm də baş yegermeystersiniz; sizə bu necə xoş gəlir, Molli anhelitu?
– Əlahəzrət, əla. Lakin mənim xəbər gətirənim siz dediyiniz o marala bənzəyir, çünki üç gündən az bir müddət ərzində poçt faytonunda iki yüz iyirmi lye[12] yol qət edib.
– Bizim bunu üç, ya dörd saat ərzində fasiləsiz edə biləcək teleqrafımız olduğu halda, artıq əmək və narahatlıqdır.
– Uzaqdan çaparaq, zati-aliləri, sizi xəbərdar etməyə gəlmiş gənci, layiqincə dəyərləndirmirsiniz. Heç olmasa, onu mənə zəmanət verən qraf Salvyonun xətrinə xahiş edirəm, qəbul edəsiniz.
– Qraf Salvyo? Mənim qardaşımın kamergeri?
– Bəli, özüdür.
– Bəli, bəli, axı o, Marseldədir.
– Mənə elə ordan yazıb.
– O da bu sui-qəsd haqda məlumat verir?
– Xeyir, lakin cənab de Vilfora zəmanət verərək onu sizə, zati-aliləri, təqdim etməyi mənə tapşırır.
Kral ucadan dedi:
– Vilfor! Deməli onun adı Vilfordu?
– Bəli, cənab.
– Marseldən gələn də odur?
– Özüdür ki, var.
Kral dedi:
– Bəs əvvəlcədən onun adını niyə demirdiniz?
Onun sifətində yüngül bir narahatlıq hiss edildi.
– Cənab, mən düşündüm ki, əlahəzrət, onun adı sizə tanış deyil.
– Xeyr, xeyr, Blakas; bu adam işgüzar, sağlam düşüncəli, başlıcası isə şöhrətpərəstdir. Siz ki, onun atasını tanıyırsınız, heç olmazsa adına görə…
– Onun atasını?
– Bəli, Nuartye.
– Jironda tərəfdarı? Senator?
– Əlbəttə.
– Siz, əlahəzrət, dövlət vəzifəsini belə bir adamın oğluna etibar etmisiniz?
– Blakas, mənim dostum, siz heç nə başa düşmürsünüz; mən sizə dedim ki, Vilfor şöhrətpərəstdir; irəliləmək üçün hər şeyi qurban verər, hətta doğma atasını da.
– Onda əmr verirsiniz, onu gətirək?
– O, hardadır? Bu dəqiqə.
– Aşağıda gözləyir, mənim faytonumdadır.
– Onun dalınca gedin.
– Bu dəqiqə, qaçıram.
Hersoq gənclərə məxsus bir çevikliklə qaçıb çıxdı; səmimi padşahpərəstliyi ona iyirmi yaşlı gəncin gücünü verirdi.
Yalnız qalan XVIII Lüdovik nəzərini yenə Horatsinin yaradıcılığına yönəldib pıçıldadı: “Justum et tenacem propositi virum…”[13]
De Blakas getdiyi kimi də tələsik geri döndü, lakin qəbul otağında kralın iradəsinə əsaslanmalı oldu: Vilforun tozlu və əzilmiş paltarı, geyimi qətiyyən saray etiketlərinə cavab vermədiyindən, markiz de Brezenin narazılığına səbəb olmuşdu, o, bu gəncin belə bir geyimdə əlahəzrətin qəbuluna gəlmə cəsarətinə təəccüblənməyə bilmirdi. Lakin hersoq, təşkilatçı hələ də donquldansa da, bir kəlmə sözlə:
– Əlahəzrətin əmri ilə, – deməklə bütün maneələri dəf etdi, Vilfor kabinetə daxil oldu.
Kral, hersoqun onu gördüyü yerdən tərpənməmişdi. Qapını açan Vilfor özünü kralın qarşısında gördü; gənc ani olaraq donub dayandı.
Kral dedi:
– Gəlin, cənab Vilfor, gəlin!
Vilfor bir neçə addım atıb baş əydi və kralın sualını gözləməyə başladı.
XVIII Lüdovik sözə başladı:
– Hersoq Blakasın dediyinə görə, cənab Vilfor, sizin mənə deyəcəyiniz vacib nə isə vardır.
– Cənab hersoq düzünü deyir, mən də əminəm ki, siz də zati-aliləri onunla razılaşacaqsınız.
– Ən əvvəl, deyin görüm, təhlükə məni inandırmaq istədikləri dərəcədə ciddidir?
– Zati-aliləri, onu ciddi hesab edirəm; lakin mənim çevikliyimi nəzərə alsaq, güman edirəm ki, o qarşısı alınandır.
– Utanmayın, ətraflı danışın, – kral özü də hersoqun sifətindəki və Vilforun səsindəki həyəcandan nəsibini alaraq dedi: – Lakin əvvəldən başlayın, mən hər yerdə və hər işdə nizamı sevirəm.
– Mən sizə, zati-aliləri, ətraflı hesabat təqdim edəcəyəm; lakin mənim utancaqlığım səbəbindən bəzi sözlərin mənasının örtülü şəkildə verilməsini üzrlü hesab edin.
Bu üstüörtülü girişdən sonra, krala yönəlmiş baxış Vilfora əlahəzrətin onu iltifatla qəbul etdiyini deyirdi. O, iradəsini toplayıb davam etdi:
– Zati-aliləri, mən belə tələsik Parisə gəlməkdə vəzifə etibarı ilə hər hansı bir adi, əhalinin və ordunun aşağı təbəqələri tərəfindən yaradılan, boş və lüzumsuz cəmiyyət müəyyənləşdirməyim haqda məlumat vermək deyil, söhbət sizin taxt-tacınıza, zati-aliləri, zərər verə biləcək bir sui-qəsddən gedir. Cənab, qəsbkar üç gəmi silahlandırır; o hansısa yeni bir hərəkat hazırlığındadır. Bəlkə də bu ağılsız bir hərəkatdır, bu baxımdan daha da təhlükəlidir. Bu dəqiqələrdə ola bilsin, o, Elba adasını tərk edib harasa yollanıb. Hara? Bilmirəm. Şübhəsiz, o ya Neapolda, ya Toskani sahillərində, hətta ola bilsin, Fransanın özündə quruya çıxmağa cəhd göstərəcək. Sizə, zati-aliləri, məlumdur ki, Elba adasının hökmdarı Fransa və İtaliya ilə əlaqələrini saxlayır.
Kral bərk həyəcan içində dedi:
– Bəli, lap bu yaxınlarda Bonapart tərəfdarlarının Sen-Jak küçəsində toplandıqlarını öyrənmişdik, xahiş edirəm, davam edin; bu məlumatları necə əldə etmisiniz?
– Zati-aliləri, mən bu məlumatları bir Marsel dənizçisinin istintaqından əldə etmişəm. Çoxdandır ki, onu izləməyə başlamışdım, bura gələn günü onun həbs edilməsi haqda əmr verdim. Bu adam şübhəsiz, Bonapart tərəfdarıdır və gizli olaraq Elba adasına getmişdi; orada marşalla görüşüb onunla, adını öyrənə bilmədiyim, Paris Bonapart tərəfdarlarından birinə şifahi tapşırıq vermişdi; tapşırıq ondan ibarət idi ki, tərəfdarları onun (zati-aliləri, xahiş edirəm nəzərdə saxlayasınız ki, mən mühakimə olunanın sözlərini təkrarlayıram), ən yaxın zamanlarda baş tutacaq qayıdışına hazırlaşsınlar.
Kral soruşdu:
– O adam hardadır?
– Zati-aliləri, həbsxanada.
– İş sizə ciddi göründü?
– O dərəcədə ciddi ki, mən bunu ailə şənliyində, öz nişan günümdə öyrənən kimi nişanlımı, dostlarımı, hər şeyi bir tərəfə buraxıb sizin yanınıza gəlib ayaqlarınıza düşərək, mənim böyük narahatlığımı və sizə olan sədaqətimi bildirmək istədim.
Lüdovik dedi:
– Bəli, axı siz mademuazel de Sen-Meranla evlənməli idiniz.
– Sizin sadiq qullarınızdan birinin qızı ilə.
– Bəli, bəli; lakin cənab de Vilforun bu əlbirliyinə qayıdaq.
– Zati-aliləri, qorxuram ki, bu şəriklikdən daha da yüksəkdə durur, bu sui-qəsddir.
Lüdovik gülümsəyərək cavab verdi:
– Bizim zamanımızda sui-qəsd hazırlamaq asan idi, lakin onu həyata keçirmək çətin olurdu, çünki biz əcdadlarımızın taxt-tacına qayıtdığımız zaman, keçmişə, günümüzə və gələcəyə nəzər yetiririk. Budur, artıq on aydır mənim nazirlərim diqqətlə Aralıq dənizi sahillərinin ayıq-sayıq qorunmasını izləyirlər. Bonapart Neapolda quruya çıxarsa, Pyombinoya çatmamış bütün koalisiya ona qarşı qalxacaq; yox, Toskanedə quruya çıxmış olarsa, onda düşmən torpaqlarına girmiş olacaq; Fransada bir ovuc adamı ilə quruya çıxarsa, biz onu asanlıqla məğlub edə bilərik, çünki əhalinin onu görməyə gözü yoxdur. Ona görə də sakit olun və bizim krallığın təşəkkürünü qəbul edin.
Hersoq Blakas ucadan dedi:
– Aha! Bu da cənab Dandre.
Polis naziri əsərək və rəngi qaçmış halda kabinetin astanasında durmuşdu; onun fikri özündə deyildi, sanki huşunu itirirdi. Vilfor çıxmaq istədi, lakin de Blakas onun əlindən tutdu.
6
Biz lal-karlara oxuyuruq.
7
Çoban sürərkən… (Horatsi. Odalar, I, 15).
8
Acı fəlakətə aparırsan (Horatsi. Odalar, I, 15).
9
Müharibələr, dəhşətli müharibələr.
10
Tutduğunu buraxmayan.
11
Və səndə son nəfəsinədək qaçarsan… (Horatsi. Odalar, I).
12
Fransız uzunluq vahidi. Bir lye poçt yolu ilə 3898 metrə bərabərdir – korr.
13
Qərarlarında qəti və dürüst ər… (Horatsi. Odalar, III, 3).