Читать книгу QRAF MONTE-KRİSTO - Александр Дюма - Страница 17

I CİLD
BİRİNCİ HİSSƏ
XV. 34 NÖMRƏLİ VƏ 27 NÖMRƏLİ

Оглавление

Dantes həbsxanada yaddan çıxarılmış məhbusların çəkdiyi bütün əzab-əziyyətlərdən keçmişdi.

Ümid və şüurunun onda yaratdığı günahsızlığının qüruru ilə yaşamağa davam edirdi; sonra günahsızlığına şübhə etməyə başladı, bu da komendantın müəyyən dərəcədə onun haqqındakı dəlilik nəzəriyyəsinin bir təsdiqi idi; nəhayət vüqarın onu qaldırdığı yüksəklikdən düşərək nəinki Tanrıya, insanlara da yalvarmağa başladı; Yaradan – sonuncu sığınacaqdır, insan bəlaya düşdükdə əvvəl Tanrıya üz tutmalıdır, lakin o, bunu bütün ümidlərini itirdikdən sonra edir.

Dantes onu başqa, daha qaranlıq və nəm olan bir zirzəmiyə köçürülməsini xahiş edirdi. Dəyişiklik, hətta pis tərəfə olsa belə, yenə bir dəyişiklik idi və bir neçə günlüyə onu əyləndirə bilərdi. O, gəzintiyə çıxmağa icazə verilməsini xahiş edir, hava, kitablar və alətlər istəyirdi. Ona heç nə vermirdilər, lakin istəməyə davam edirdi. O, əvvəlkindən daha susqun görünsə də həbsxana gözətçisi ilə əlaqə qurub danışmağa nail ola bildi; qeyd etməliyəm ki, lal da olsa, adamla danışmaq onun üçün bir sevinc idi. Dantes öz səsini, eşitmək üçün danışırdı; o, təklikdə danışmağı sınadı, lakin bu ona qorxunc gəldi.

Sərbəst günlərində Dantesin xəyalına tez-tez səfillərin, quldurların və qatillərin qorxulu həbsxana kameralarında düzəltdikləri azğın kef məclisləri və dostluq şənlikləri gəlirdi. İndi o lal, qaradinməz, həvəssiz həbsxana gözətçisinin vücudundan başqa, kiminsə sifətini görmək üçün, belə bir mağarada olmağa sevinərdi, ayağı zəncirlə bağlı, çiyni damğalı, biabırçı bir geyimlə sürgündə cəza çəkən adam olmadığına görə də təəssüflənirdi. Sürgündə olan məhbuslar heç olmazsa özlərinə aid bir cəmiyyətdə yaşayırlar, hava alır, səmanı görürlər, sürgündə olan məhbuslar xoşbəxtdirlər. O, həbsxana gözətçisinə, yanına, kimliyindən asılı olmayaraq, hətta haqqında eşitdiyi rahib belə olsa, bir yoldaş verilməsi üçün yalvarırdı. Ən kobud həbsxana gözətçisinin ciddi zahiri görüntüsü altında, insani varlığın qalıqları yatır. Dantesin həbsxana gözətçisinin, üzdə göstərməsə də, qəlbində həbsə düşdüyü üçün ağır sarsıntı keçirən bu zavallı gəncə yazığı gəlirdi; 34 nömrəli məhbusun xahişini komendanta çatdırdı; lakin komendant siyasi xadimlərə xas olan bir ehtiyatla, Dantesin dustaqları qiyama təhrik etməyə və yaxud qaçmaq üçün onların dəstəyini almağa cəhd etdiyini düşünərək, xahişi rədd etdi.

Dantes bütün insani vasitələri sərf edib qurtarmışdı. Ona görə də Tanrıya üz tutdu. Bədbəxt, taleyi tərəfindən əzilmiş adamlara ruh verən dini fikirlər onun qəlbini canlandırdı; anasından öyrəndiyi duaları xatırladı, onlarda indiyə qədər onun dərk etmədiyi mənalar aşkarladı; çünki xoşbəxt adamlar üçün dua – gələn bəla, onların allahla danışdığı ürəkdən gələn səmimi bu sözlərə dərin məna verməyincə yeknəsəq və boş söz yığınıdır. O, səylə deyil, hiddətlə ibadət edirdi. Dantes dua edərkən artıq öz səsindən qorxmurdu; hər bir tələffüz etdiyi sözlə hiddətlənir, sanki Tanrını görürdü; məhv olmuş həyatında baş verən bütün əhvalatları allahın iradəsinə bağlayır, ondan dərs çıxarırdı, öz-özünə əhd-peyman bağlayaraq bütün dualarını, sanki insanın Tanrıdan daha çox adamlara müraciət etdiyi tamahkar sözlərlə bitirirdi: biz bizə borclu olanları bağışladığımız kimi, sən də bizim bizə olan borclarımızı bağışla.

Qızğın ibadətlərə baxmayaraq, Dantes həbsxanada qaldı.

Onun ruhu qaralıb duman kimi gözlərini örtdü. Dantes sadə, savadsız adam idi; elm onun üçün gələcəyi gizli saxlayan pərdəni açmadı. O, həbsxanada tənhalıq içində, düşüncə səhrasında keçmiş əsrləri xəyalında canlandıra bilmədi, qədim şəhərləri də dirçəldə bilmədi, təsəvvürü ona möhtəşəmlik və poeziya bəxş edərək daxili baxışında Martinin[14] Vavilon rəsm əsərlərində olduğu kimi, səma alovları saçırdı. Dantesin qısa keçmişi, qaranlıq indisi və naməlum gələcəyi var idi; o, sonsuz gecələr boyu yaşadığı işıqlı on doqquz il haqda düşünməli idi! Ona görə də heç nə onu əyləndirə bilmirdi – işgüzar, əsrləri ötüb keçə bilən zəkası dar bir çərçivəyə, qəfəsə salınmışdı. Belə olduqda o, bir düşüncə üzərində, fəlakətli vəziyyətin gəlişi hesabına, onun səbəbsiz yerə dağılmış xoşbəxtliyi barədə düşüncə üzərində dayanıb durdu. O, bu fikir üzərində çox vuruşub çalışırdı, hərtərəfli vəziyyətdə dişləri ilə ondan yapışaraq, Dantenin təsəvvür etdiyi cəhənnəmdə, amansız Uqolinonun baş yepiskop Rudjierinin kəlləsini çeynədiyi kimi çeynəyirdi. Dantesin yalnız gücə əsaslanan keçici bir inamı var idi; başqaları uğur qazandıqda bu inamı itirdiyi kimi o da tezliklə onu itirdi, lakin uğur qazanmadan.

Dindarlıq yerini kütləşməyə verdi. Dantes kafirlərə elə pis söyüşlər yağdırırdı ki, həbsxana gözətçisi onun qarşısında dəhşət içərisində geri çəkilirdi. Kiçicik bir narahatlıqdan, tozdan, saman çöpündən, hava axınından başını həbsxana divarlarına vururdu. Dantes daima, Vilforun ona göstərdiyi, öz əllərində saxladığı şeytançılıq barədə məlumatı yada salırdı; onun hər sətri Valtasarın divarda alov saçan hərflərlə yazdığı “Mene, Tekel, Fares”[15] sözlərini xatırladırdı. Öz-özünə belə deyirdi; “Məni uçuruma salan Tanrının qəzəbi deyil, insanların nifrətidir”; o, onları qızğın təxəyyülün verə biləcəyi hər cürə cəzaya məhkum edir, lakin çox yumşaq olduqlarını düşünürdü, başlıcası isə onların uzun müddətli olmamağından gileyli idi; çünki edam ölüm deməkdir, ölümdə isə – rahatlıq olmasa da, ona bənzər hissiyyatsızlıq var.

Öz düşüncələrini yada saldıqca durmadan ölümün rahatlıq, daha da ciddi cəzalandırmanın ölüm olmamalı olduğunu təkrarlayır, beləliklə də özünü öldürmə fikirləri yaradan bir vəziyyətə, mat qalma vəziyyətinə salırdı. Bu dərdli, əzablı yolda belə qəmgin fikirlərə düşən insanlara heyf! Bu mavi suya bənzər suyu olan ölü dənizdir, lakin içində üzgüçü, qatranlı cilin ayaqlarına necə sarıldığını, çəkib apardığını və dəfn etdiyini hiss edir. Səmadan ona kömək göstərilməzsə, hər şeyi bitmiş hesab etmək olar, xilas olmaq üçün göstərilən bütün cəhdlər, onu ölüm dünyasının daha dərinliyinə qərq edər.

14

Con Martin – ingilis rəssamı (1789–1854).

15

Bölünüb, ölçülüb-biçilib, birləşdirilib (Bibliya).

QRAF MONTE-KRİSTO

Подняться наверх