Читать книгу QRAF MONTE-KRİSTO - Александр Дюма - Страница 13
I CİLD
BİRİNCİ HİSSƏ
XI. KORSİKALI ADAMYEYƏN
ОглавлениеXVIII Lüdovik polis nazirinin ümidsiz sifətini gördükdə oturduğu masanı var gücü ilə itələdi.
– Sizə nə olub, baron? – o, ucadan soruşdu. – Nəyə görə belə təlaş içindəsiniz? Doğrudanmı bu təlaş hersoq Blakasın və onun sözlərini təsdiq edən cənab Vilforun təxminlərinə görədir?
Hersoq cəld barona yaxınlaşdı, lakin saray əyanının qorxusu dövlət xadiminin bədxahlığını üstələmişdi: əslində məsələ onda idi ki, bu vəziyyətdə özünü pis halda görmək, polis nazirini pis halda görməkdən daha münasib olardı.
Baron kəkələdi:
– Zati-aliləri…
Kral dedi:
– Dillənin, danışın!
Ümidsizliyə qapanmış polis naziri XVIII Lüdovikin qarşısında diz üstə çökdü, kral qaşlarını dartıb bir addım geri çəkildi.
– Siz danışacaqsınız, ya yox?
– Ah, zati-aliləri! Bu nə bədbəxtlikdir! Mən nə edim? Mən ümidsizəm!
XVIII Lüdovik dedi:
– Mərhəmətli cənab, sizə danışmağı əmr edirəm.
– Əlahəzrət, qəsbkar iyirmi səkkizi fevralda Elba adasını tərk edib, biri martda sahilə yan alıb.
Kral tez soruşdu:
– Harada?
– Fransada, əlahəzrətləri, Juan körfəzində, Antiba yaxınlığında, kiçik bir limanda.
– Biri martda qəsbkar Fransada, Juan körfəzində, Antiba yaxınlığında, Parisdən iki yüz əlli lye uzaqlıqda quruya çıxıb və siz bundan bu gün, üçü martda xəbər tutmusunuz!… Xeyr, mərhəmətli ağa, bu ola bilməz; ya sizi aldadıblar, ya da dəli olmusunuz.
– Əfsus, əlahəzrətləri, bu tamamilə doğrudur!
XVIII Lüdovik qəzəbindən, həm də qorxudan sanki gözlənilməz bir zərbə ürəyinə sancılmış kimi əsməyə başladı. O qışqırdı:
– Fransada! Qəsbkar Fransada! Onda belə çıxır, bu adamı izləmirmişlər? Bəlkə də onunla əlbirmişlər?
Hersoq Blakas ucadan dedi:
– Cənab, baron Dandre kimi bir adamı satqınlıqda günahlandırmaq olmaz! Zati-aliləri, bizim hamımız kor olmuşuq və polis naziri də ümumi korluğa qapılıb, vəssalam!
– Lakin… – deyə Vilfor başladı, birdəncə dili dolaşdı, baş əyərək dedi, – bağışlayın zati-aliləri, mərdcəsinə bağışlayın. – Canfəşanlığım məni çaşdırıb; zati-aliləri, bağışlayasınız.
Kral dedi:
– Danışın, cənab, cəsarətlə danışın. Təkcə siz bizi bu bədbəxtlikdən xəbərdar edə bildiniz; onu dəf etməyə vasitə tapmağa da kömək edin.
– Əlahəzrət, cənubda qəsbkara nifrət edirlər, hesab edirəm, o, cənubdan keçmək istəsə Provans və Lanqedoku ona qarşı qaldırmaq bir o qədər də çətin olmaz.
Nazir dedi:
– Düzdür, lakin o, Qap və Sisteron istiqamətindən gəlir.
Kral onun sözün kəsərək dedi:
– Gəlir! Belə çıxır ki, o, Parisi ələ keçirməyə gəlir?
Polis naziri cavab vermədi, əks halda bu etirafa bərabər olardı.
Kral Vilfora müraciət edərək soruşdu:
– Bəs Dofine? Sizcə bu əyaləti Provans əyaləti kimi ona qarşı qaldırmaq olarmı?
– Zati-aliləri, mənə bu sərt həqiqəti sizə demək ağırdır, lakin Dofinedə əhval-ruhiyyə Provans və Lanqedokdakından daha acınacaqlıdır. Əlahəzrətləri, dağlılar Bonapart tərəfdarlarıdır.
Kral pıçıldadı:
– O, yaxşı məlumatlandırılıb. Qoşunu nə qədərdir?
Polis naziri dedi:
– Zati-aliləri, bilmirəm.
– Necə yəni bilmirəm? Siz bunu öyrənməyi unutmusunuz? – Kral istehza ilə gülərək əlavə etdi, – düzdür, bu o dərəcədə də vacib deyil.
– Zati-aliləri, mən bunu öyrənə bilmədim; depeşa yalnız qəsbkarın quruya çıxması və onun keçəcəyi yol haqda məlumat verir.
Kral soruşdu:
– Siz bu depeşanı necə əldə etmisiniz?
Nazir başını aşağı salıb xərçəng kimi qızardı.
– Zati-aliləri, teleqrafla.
XVIII Lüdovik bir addım irəli getdi və Napoleon kimi əllərini sinəsində çarpazlaşdırdı. O, qəzəbindən ağarmış halda dedi:
– Beləliklə, yeddi müttəfiq ordu bu adamı devirə bilmədi; iyirmi beş illik sürgündən sonra mən bir möcüzə sayəsində təzədən əcdadlarımın taxt-tacına geri qayıtmışdım; bütün bu iyirmi beş ili mənə vəd olunan o Fransanın işlərini və adamlarını öyrənir, tanıyır, düşünürdüm, nəyə görə? Ona görə ki, arzularımın məqsədinə çatdığım anda, əlimdə saxladığım o güc ildırım kimi məni vurub məhv etsin?
Nazir donquldandı:
– Zati-aliləri, bu taledir, bu taleyin çəkə bilmədiyi yük altında insanı əzmək olar.
– Belə çıxır ki, düşmənlərimiz, bizim haqqımızda nə demişdilərsə doğrudur: heç nə öyrənmədik, heç nəyi də unutmadıq! Əgər mənə onun kimi xəyanət etsəydilər, bəlkə də təsəlli tapardım. Lakin rütbələrlə, şan-şöhrətlə bəzədiyim adamların içində olarkən onlar məni özlərindən daha da artıq qorumaq məcburiyyətində olmalı idilər, çünki mənim xoşbəxtliyim – onların xoşbəxtliyi demək idi: mənə qədər onlar heç kim idi, məndən sonra yenə heç kim olacaqlar və iradəsizliyi ucbatından məhv olmaqları, onların öz günahıdır!
– Bəli, rəhmli əlahəzrət, siz haqlısınız, bu taledir!
Bu qorxunc cavabı nazir başını qaldırmağa cəsarəti olmadan dinləyirdi. Blakas üzündəki təri silirdi; Vilfor isə öz dəyərinin artdığını hiss edərək daxilində gülürdü.
Monarxiya qarşısında yaranmış uçurumun dərinliyini ilk baxışdan anlayan XVIII Lüdovik davam etdi:
– Devrilmək! Devriləsən və öz devrilməni teleqrafdan öyrənəsən. Mən qardaşım XVI Lüdovik kimi eşafota qalxmağımı məsləhət bilərdim, nəinki qırmanc və istehzalı gülüşlər altında Tüilri pilləkənini enməyi… Rəhmli hökmdarın, siz bilmirsiniz, Fransada masqara altına düşməsi nə deməkdir, amma bunu bilməli idiniz.
Nazir donquldandı:
– Zati-aliləri, rəhm edin!…
Kral nisbətən uzaqda duran və dövlət əhəmiyyətli söhbətə nəzarət edən gəncə müraciət etdi:
– Cənab Vilfor, yaxın gəlin, yaxın gəlin və ona deyin ki, bilmədiklərini əvvəldən də öyrənmək olardı.
– Zati-aliləri, texniki cəhətdən, qəsbkarın hamıdan gizli saxladığı niyyətini, qabaqcadan öyrənmək mümkün deyildi.
– Texniki cəhətdən mümkün deyildi! Necə də kəskin dəlildir! Təəssüflər olsun ki, kəskin dəlillər, çəkisi artıq olan adamlar kimi bir şeydir, mən onların dəyərini bilirəm. Sərəncamında bütün bir idarə, departamentlər, agentlər, xəfiyyələr, casuslar və milyon yarım franklıq gizli fondu olan nazirin, Fransa sahillərindən altmış mil uzaqlıqda baş verənləri öyrənməsi mümkün deyilmiş. Budur, əlində sizdən fərqli olaraq bu vəsaitlərdən heç birinin olmadığı sadə bir məhkəmə məmuru, bu gənc, sizin bütün polislərinizlə birlikdə bildiyinizdən daha artıq məlumata malikdir. O, sizin kimi teleqrafı idarə etmək hüququna malik olsaydı, mənim taxtı-tacımı xilas edə bilərdi.
Polis naziri böyük kədər içində, qalib gəlmiş adam kimi başını aşağı sallayan Vilfora baxdı.
Kral davam etdi:
– Blakas, mən sizin barənizdə heç nə deyə bilmərəm, siz heç nə müəyyən etməsəniz də öz şübhələrinizdə o dərəcədə ağıllı idiniz ki, daima təkid edirdiniz; başqası cənab Vilforun məlumatına, ola bilsin, əhəmiyyət verməyərək boş bir şey hesab edər və ya bunun şəxsi tamahkarlıq olduğunu düşünə bilərdi.
Bu polis nazirinin bir saat bundan əvvəl çox əminliklə söylədikləri sözlərə bir işarə idi.
Vilfor kralın bu oyununu başa düşmüşdü. Onun yerində bir başqası olsaydı qalib gəlmənin təsiri altında özünün tərif edilməsinə göz yumardı; lakin o polis naziri şəxsində qorxulu düşmən qazanmaqdan çəkinirdi, hərçənd, nazir artıq tamamilə məhv olmuş vəziyyətdə idi. Lakin böyük səlahiyyətə malik olmasına baxmayaraq Napoleonun fikirlərini müəyyənləşdirə bilməyən nazir, can vermə təlaşı içərisində, Vilforun sirrini aça bilərdi: bunun üçün onun Dantesi dindirməsi kifayət idi. Bu baxımdan da Vilfor nazirin axırına çıxmaq yerinə onun köməyinə gəldi:
– Əlahəzrətləri, hadisələrin ildırım surəti ilə cərəyan etməsi sübut edir ki, yalnız qasırğanı göndərən Tanrı onu saxlamağa qadirdir. Sizin mənə aid etdiyiniz uzaqgörənlik, yalnız təsadüf nəticəsidir; mən yalnız sadiq bir qul kimi bu təsadüfdən istifadə etmişəm. Cənab, ilkin təəssüratlarınızdan təəssüflənməyəsiniz deyə məni layiq olduğumdan artıq qiymətləndirməyin.
Polis naziri bir gözəl baxışla Vilfora öz minnətdarlığını bildirdi, Vilfor isə kralın etimadını itirmədən öz məqsədinə çatmaqla yanaşı, ehtiyacı olduğu halda köməyinə güvəndiyini bilən dost qazanmış oldu.
– Qoy belə olsun, – kral dedi. O, Blakas və polis nazirinə müraciətlə sözünə davam etdi: – İndi isə, cənablar, artıq mənə lazım deyilsiniz, gedə bilərsiniz… Yerdə qalan işlərin görülməsi isə hərbi nazirin səlahiyyətlərinə daxildir.
Hersoq dedi:
– Xoşbəxtlikdən, biz orduya güvənə bilərik: əlahəzrətlərinə məlumdur ki, o, sizin taxt-tacınıza necə sadiqdir.
– Mənə məlumatlar haqda danışmayın; indi onlara necə inanmaq olduğunu bilirəm. Bəli, baron, yeri gəlmişkən məlumatlar haqda: Sen-Jak küçəsinə dair nə yenilik var?
Vilfor özündən asılı olmayaraq uca səslə dedi:
– Sen-Jak küçəsinə dair? – Lakin anında özünə gəldi, – cənab, bağışlayın, sizin işinizə olan sadiqliyim vaxtaşırı sizə olan ehtiramımı deyil, onun qəlbimdə dərin kökləri var, etiket qanunlarını unutdurur.
Kral cavab verdi:
– Buyurun, bu gün siz soruşmaq hüququna maliksiniz.
– Cənab, – deyə polis naziri sözə başladı, – əlahəzrətləri, mən də bu işə dair toplanmış yeni məlumatlar haqda sizə məruzə etmək istəyirdim, lakin əlahəzrətləri, sizin diqqətiniz Juan körfəzində baş verən qorxunc hadisələrlə məşğul idi; əlahəzrətləri, indi bu məlumatlar sizin üçün heç bir maraq kəsb etmir.
Kral dedi:
– Əksinə, mənə elə gəlir, bu iş tamamilə general Kenelin ölümü ilə bağlıdır və bizi daxildəki böyük sui-qəsdin izinə çıxaracaq.
Kenelin adını eşidən Vilfor diksindi.
– Zati-aliləri, doğrudan da, – deyə polis naziri sözünə davam etdi, – bu əvvəl zənn edildiyi kimi intihar deyil, qəsdən öldürülmədir. Görünür, general Kenel Bonapart klubundan çıxdıqdan sonra yoxa çıxıb. Həmin gün səhər bir nəfər naməlum şəxs ona yaxınlaşmış və Sen-Jak küçəsində görüş təyin etmişdi. Təəssüflər olsun ki, generalın sacını darayan otaq qulluqçusu, naməlum şəxsi otağa gətirəndə onun generala Sen-Jak küçəsində ancaq görüş təyin etməsini eşitsə də ev nömrəsini yadında saxlamayıb.
Polis naziri bu məlumatları krala verdiyi müddətdə hər sözə diqqətlə qulaq asan Vilfor gah solur, gah da qızarırdı.
Kral ona tərəf dönərək:
– Cənab Vilfor, siz necə bilirsiniz, qəsbkarın tərəfdarı hesab edilən general Kenel, əslində isə o, tamamilə mənim tərəfimdə idi, Bonapart tərəfdarları tərəfindən öldürülməyib?
– Zati-aliləri, bu mümkündür; lakin doğrudanmı əlavə olaraq daha heç bir məlumat əldə edilməyib?
– Artıq görüş təyin edən adamın izinə düşüblər.
Vilfor təkrar etdi:
– İzinə düşüblər?
– Bəli, ev qulluqçusu onun əlamətlərini xəbər verib; əlli-əlli iki yaşlarında, qara saçlı, qara gözlü, sıx qaşları, bığlı, əynində hava rəngli sonadək düymələnmiş uzun ətəkli kişi köynəyi olan bir adamdır; ilgəyində Fəxri legion lenti də var. Dünən bu əlamətləri olan belə bir adam izlənilib, lakin Jüsen və Kok-Eron küçələrinin tinində gözdən itirilib.
Vilfor nazirin ilk sözlərindən başlayaraq kreslonun arxasına söykəndi, onun ayaqları əsirdi, lakin naməlum adamın polisdən qaçdığını eşidəndə rahat nəfəs almağa başladı.
Kral polis nazirinə dedi:
– O adamı tapın, çünki bizə indi hədsiz dərəcədə lazımlı olan general Kenel bir qatil tərəfindən öldürülüb, istər Bonapart tərəfdarı olsun, istərsə də bir başqası, mən onun qatilini tapılmasını və ən ağır cəza ilə cəzalanmasını istəyirəm.
Kralın son sözlərinin Vilforu vahiməyə salmamağı üçün, o bütün soyuqqanlılığını tam şəkildə ortaya qoydu.
Kral təəssüf hissi ilə dedi:
– Polis hesab edir ki, hər şey bitib, lakin o, qətl törədildiyini, bütün tədbirlərin görüldüyünü deyib sonra da cinayətkarların izinə düşüldüyünü əlavə edəndə ortaya qəribə iş çıxır.
– Zati-aliləri, bu halda əminəm, siz razı qalacaqsınız.
– Yaxşı, görərik; baron, mən sizi artıq saxlamıram. Cənab de Vilfor, uzun yol qət etdiyinizdən yəqin, yorulmusunuz, gedin istirahət edin. Siz yəqin, atanızgilə yerləşmisiniz?
Vilforun gözləri qaraldı.
– Xeyir, zati-aliləri, mən Turnon küçəsində, “Madrid” mehmanxanasına yerləşmişəm.
– Bəs onu görmüsünüzmü?
– Zati-aliləri, mən gəldiyimdə, tam olaraq hersoq Blakasın görüşünə getmişəm.
– Lakin onu görəcəksiniz, elə deyilmi?
– Düşünmürəm, zati-aliləri!
Kral dedi:
– Bəli, düz deyirsiniz. – Onun təbəssümündən bu sualların hamısının istehza ilə verildiyi hiss olunurdu. – Sizin cənab Nuartye ilə dostluq münasibətində olmadığınızı unutmuşam, bu mənim taxtım üçün verilən bir qurbandır və bunun üçün sizi mükafatlandırmalıyam.
– Zati-aliləri, sizin mənə rəhmkarlığınız arzuladıqlarımdan çox yüksəkdə durur, ona görə də kraldan artıq heç nə istəmək əzmində deyiləm.
– Narahat olmayın, hər halda biz sizi unutmayacağıq; hələlik isə, – kral həmişə göy frakı üzərində Müqəddəs Lüdovik xaçı yanında, Karmil ilahi ana və Müqəddəs Lazar ulduzu üstündə daşıdığı fəxri legion xaçını Vilfora verdi, – hələlik bunu alın.
Vilfor dedi:
– Zati-aliləri, əfv edərsiniz, bu xaç zabitlər üçündür.
– Dəxli yoxdur, onu götürün, mənim başqasını gətirtmək üçün zamanım yoxdur. Blakas, cənab de Vilfor haqqında fərman verilməsini təmin edin.
Vilforun gözlərində qürur göz yaşları parladı; o, xaçı qəbul edib, onu öpdü.
– Zati-aliləri, mənə daha nə əmriniz var?
– İstirahət edin, unutmayın, Parisdə mənə qulluq etmək iqtidarında deyildinizsə, Marseldə böyük xidmətlər göstərə bilərsiniz.
Vilfor baş əyib dedi:
– Zati-aliləri, bir saatdan sonra Parisi tərk edəcəyəm.
Kral dedi:
– Gedin, sizi unutsam (kralların yaddaşı zəif olur) onda özünüz haqda məlumat verməkdən çəkinməyin… Baron, əmr edin hərbi naziri yanıma çağırsınlar. Blakas, siz qalın.
Tüilridən çıxdıqdan sonra polis naziri Vilfora dedi:
– Bəli, cənab, siz qapını səhv salmamısınız, uğurlu gələcəyiniz təmin olunub.
Vilfor, xidməti həyatı bitmiş nazirlə vidalaşaraq:
– Uzun müddətəmi? – deyə pıçıldadı və gözüylə fayton axtarmağa başladı.
Sahildən fiakr keçirdi, Vilfor əl edib çağırdı, fiakr yaxınlaşdı; Vilfor faytona atılıb, ünvanı söyləyərək şirin xəyala daldı. On dəqiqədən sonra artıq qaldığı yerə gəlmişdi, iki saatdan sonra isə ona atların verilməsini tələb edib, yemək söylədi.
Masaya əyləşmək istəyirdi ki, bir güclü əl zəng çaldı. Qulluqçu qapı açmağa getdi, Vilfor onun adını söyləyən bir səs eşitdi.
Kral prokurorunun köməkçisi fikirləşdi: “Mənim Parisdə olduğumu kim bilə bilər?” Qulluqçu geri döndü. Vilfor:
– Orada nə baş verir, – deyə soruşdu. – Zəng çalan kim idi? Məni kim soruşurdu?
– Tanış olmayan bir cənabdır, öz adını da söyləmək istəmədi.
– Necə yəni? Öz adını söyləmək istəmir? Bəs məndən nə istəyir?
– Sizinlə məsləhətləşmək istəyir.
– Mənimlə?
– Bəli.
– Mənim adımı çəkdi?
– Bəli.
– Bəs necə bir adamdır?
– Əlli yaşlarında bir adamdır.
– Kiçik boyludur? Hündürdür?
– Sizinlə bərabər gələr.
– Sarışındır, yoxsa qarabuğdayı?
– Qarabuğdayı, tünd qarabuğdayı; qara saçlı, qara gözlü, qara qaşlı.
Vilfor tez soruşdu:
– Geyimi necə idi? Necə geyinib?
– Əynində göy rəngli sonadək düymələnmiş, sinəsində Fəxri legion lenti olan uzun kişi köynəyi geymiş bir adamdır.
Vilfor rəngi qaçmış halda pıçıldadı:
– Bu odur!
Əlamətlərini artıq iki dəfə təsvir etdiyimiz adam:
– Lənətə gələsən! – deyərək qapı ağzında göründü. – Nə qədər nəzakətlisiniz! Yoxsa Marseldə oğullar atalarını qəbul otağında gözlətməyə adət ediblər?
Vilfor ucadan:
– Ata! – deyə səsləndi, – deməli səhv etməmişəm… Mən belə də düşünürdüm, bu sizsiniz…
Qonaq əl ağacını küncə, şlyapasını oturacağa qoyub sözünə davam etdi:
– Bunun mən olduğumu düşünürdünsə, icazə ver, əzizim Jerar, məni gözləməyə məcbur etməyinin sən tərəfdən bir nəzakətsizlik olduğunu deyim.
Vilfor dedi:
– Jermen, gedə bilərsiniz.
Qulluqçu heyrət içində çıxdı.