Читать книгу Qadinlar Nə Istəyir? Kişilər Nə Verir? - Mustafa Kılınç - Страница 13

İKİNCİ HİSSƏ

Оглавление

Yetkinliyə Gedən Yolda Ünsiyyət

“Ünsiyyətin mənası sizin nə danışdığınızda yox, qarşınızdakının nə anladığındadır”.


Həyatınızda təsirli bir ünsiyyətə sahib olmasanız, yola təkbaşına çıxarsınız. Çünki ünsiyyət bilgi və anlayışın bir yerdən başqa bir yerə keçməsi mərhələsidir. Ünsiyyət həm də, iki və daha artıq insanın bir-birini anlamasına, düşüncə və duyğu mübadiləsinə, qarşılıqlı müzakirə və bölüşməyə, ayrı-ayrılıqda və ya birgə hərəkət etməyə söykənən bir münasibətdir. Qısacası, ünsiyyət beyindən-beyinə ötürülən siqnaldır.

Həyatın ən təsirli və təməl mövzularından biri ünsiyyətdir. Qadın və kişi münasibətlərinin təməlində də ünsiyyət dayanır. Ünsiyyət münasibətlərin səviyyəsinə və gələcəyinə təsir edən təməl bir faktordur. O, fərdi səviyyədə insanın qarşısındakı ilə bütünləşməsini, sevgi və hörməti, “biz” anlayışını və bir münasibətin davam edib-etməyəcəyini müəyyən edir.


“Həyatda uğur qazanıb-qazanmamağınız ünsiyyətinizdən və münasibətlərinizdən asılıdır”.

“Mustafa Kılınç”

Münasibət və Ünsiyyətinizdə Sehr Yoxdur, Sadəcə Sehrbazlar Var

Qədim zamanlarda bir kral və onun gənc oğlu var idi. Gənc kral 3 şey istisna olmaqla, hər şeyə inanırdı. İnanmadığı 3 şey bunlar idi: kraliçalar, adalar və tanrı. Atası ona dünyada bu üç şeyin mövcud olmadığını demişdi. Atasının krallıq dövründə bu 3 şeyin varlığını sübut edən bir nişanə belə, yox idi. Gənc də atasına inanırdı. Bir gün gənc kral atasının sarayından qonşu bir ölkəyə qaçır. Orada bir çox ada, adalarda da adlarını belə, bilmədiyi varlıqlar görür. Adalara getmək üçün qayıq axtararkən yanına çadralı, üzü qapalı adam yaxınlaşır. Gənc həmin adamdan adaların həqiqət olub-olmadığını soruşur. Adam da “əlbəttə, həqiqətdir” cavabını verir.

– Yaxşı, bəs bu qəribə görünüşlü varlıqlar?

– Onlar həqiqi kraliçalardır.

– Belə çıxır ki, tanrı da var?

Qapalı qiyafəli adam bir qədər önə əyilərək “mən tanrıyam”, – deyir. Gənc tələm-tələsik saraya qayıdır. Və atasına təəccüblə “adalar gördüm, kraliçalar gördüm, tanrını gördüm”, – deyir. Qoca kral bu sözlərdən qətiyyən təsirlənmir və “həqiqi adalar, həqiqi kraliçalar və həqiqi tanrı yoxdur”, – cavabını verir.

Oğlu: “Axı, mən onları gördüm”, – deyərək israr edir. Kral soruşur: “De görüm, tanrı nə geyinmişdi?”. Oğlu cavab verir: “Uzun qara libas”.

“Yaxşı, libasının qollarını yuxarı çəkmişdimi?” – atası soruşur.Gənc kral xatırlayır ki, onun libasının qolları həqiqətən çəkilmişdi. Atası gülümsəyərək “Elə də bilirdim”, – deyir və davam edir: “O gördüyün bir sehrbaz geyimidir, səni aldadıblar”.

Bir müddət sonra gənc kral adaya qayıdır və həmin qumluğa doğru gedir. Qara libaslı adam yenə orada olur. Gənc kral “Atam mənə sənin kim olduğunu dedi. Ötən dəfə məni aldatdın. Bir daha aldada bilməzsən. Artıq bilirəm ki, nə adalar, nə kraliçalar həqiqətdir. Üstəlik, sən də sehrbazsan”, – deyir. Qumluqdakı adam gülümsəyərək cavab verir: “Əslində səni aldadan elə atandır, ey gənc. Atanın krallığında çoxlu adalar və kraliçalar var. Sən atanın sehri altında olduğun üçün onları görə bilmirsən”. Gənc kral fikirli şəkildə evinə qayıtdığında atası gözlərinin içinə baxırdı: “Ata, sənin həqiqi bir kral olmadığın, bir sehrbaz olduğun doğrudurmu?”. Qoca kral gülümsəyir və paltarının qollarını yuxarı qatlayır: “Düzdür, oğlum, mən sadəcə bir sehrbazam”.

– Mən sehrdən kənarda olan həqiqətləri bilmək istəyirəm. Yalnızca həqiqətləri.

Ata cavab verir: “Sehrdən kənarda bir həqiqət yoxdur”.

Gənc kral qəmli bir şəkildə qışqırır: “Özümü öldürəcəm”.

Kral sehr vasitəsi ilə ölümü oğluna göstərir. Ölüm qapıda gözləyir, həqiqi krala səslənirdi. Gənc kral qorxur. Gözəl, amma həqiqi olmayan adaları, kraliçaları düşünür: “Yaxşı, dözə bilərəm”.

Qoca kral deyir: “Gördünmü oğlum, sən də bir sehrbaz olmağa başlayırsan”.

Qadın-Kişi Münasibətlərinin Sehrli Quruluşu

“Həqiqi sevgini tanıyacaq qədər şanslısansa, bütün qəlbin, ruhun və vücudunla sev”.

F.Kollis Vildman


Qadın və ya kişi ilə ünsiyyətə başladığınızda öz dünya modelinizi əhatə edən beyninizdən qarşınızdakının beyninə keçid edirsiniz. Dünyanı beş əsas sistemlə dərk edirsiniz. Dərk etdiyiniz dünya modelini isə görüntülər, səslər, hisslər, dad və qoxular formalaşdırır.

Bu vaxta qədər qarşınızdakı insanlarla necə ünsiyyət qurduğunuza diqqət etmisinizmi?

Necə danışırsınız? Hansı kəlmələrdən istifadə edirsiniz?

Danışanda vücudunuz sizinlə vəhdət təşkil


edirmi?

Qarşı cinsin gözlərinə rahat baxa bilirsinizmi?

Danışdıqlarınızı vücudunuz, düşüncələriniz və duyğularınız təsdiqləyirmi? Yoxsa siz fərqli, vücudunuz fərqli danışır?

Ətrafınızda “şeytan tükü”nün olduğu söylənilən dostlarınız varmı? Yaxşı, bəs onlar necə ünsiyyət qururlar?

Özünüzə bir addım kənardan baxsanız, necə bir ünsiyyət qurduğunuzu görər və ya hiss edərdiniz?

Məqsədim sizi sual yağışına tutmaq və suallar içərisində boğmaq deyil. Sadəcə, bir anlıq diqqətinizi özünüzə yönəltmək və fərqində olmadığınız davranış qəliblərini dərk etməyinizi istəyirəm.


Yetkinliyə gedən yolda ünsiyyət


Ətrafınızdakı bütün qadın və kişilərin yazarkən, düşünərkən, danışarkən istifadə etdiyi 3 əsas ünsiyyət modeli var. Bu 3 modeli bilmək sizə üstünlük və fərqlilik bacarığı verər. NLPDAP Hissi Qavrama Sisteminə görə, zehni görüntüləri güclü olan qadın və kişilərə “görünüşə meylli”, səslərlə düşünən qadın və kişilərə “eşitməyə meylli”, hissləri ilə düşünən və hərəkət edən qadın və kişilərə isə “təmasa meylli”lər (bədən təması, birinə toxunmaq) deyilir. Kişilərin təxminən 75 %-i “görünüş”, “səs” və “hisslərlə” düşünür. 25 faizində isə yalnız bunlardan biri güclü olur. Siz qadın və ya kişi olaraq təsir etmək, ismarıcınızı tam catdırmaq, istədiklərinizi əldə etmək istəyirsinizsə, “görünüş”, “səs” və “hisslər”dən ibarət ünsiyyət sistemindən istifadə edin. Nəticəni görüb çox sevinəcək və təəccüb edəcəksiniz.


“Fərqi yaradan hər zaman fərqdir.”

“Mustafa Kılınç”

(Karikatura 4)

Görünüşə Meylli Qadın və Kişilərin Əsas Xüsusiyyətləri

“Həyat bir təsadüf deyil. Həyatı necə yaşayırsınızsa, insanlarla necə ünsiyyət qurursunuzsa, həyat da Sizə onu verəcək”.

“Mustafa Kılınç”


Görünüşə meylli insanlar dünyanı görüntülərə görə dərk edirlər. Adətən, sürətli danışırlar. Tez-tez mövzudan-mövzuya keçirlər. “Gözümün qarşısında”, “gözqamaşdıran gözəllik” kimi, ifadələr işlədirlər.

Qadinlar Nə Istəyir? Kişilər Nə Verir?

Подняться наверх