Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 26
Sobada odun yox
ОглавлениеSobada odun yox…
Odum da yoxdu,
Bəlkə… bu sobanı yaxıb gedəsən.
Çaydana tökməyə suyum da yoxdu,
Bəlkə… çaydanıma axıb gedəsən.
Hasarlar əyilib, haçası üçüb,
Evimin divarı, bacası uçub…
Şeirimin misrası, hecası uçub,
Bəlkə… vərəqləri yığıb gedəcən.
Bilmirəm, başımda ta nələr oynar?
Bağımda yel əsər, yengələr oynar.
Quru torpaq üstə kölgələr oynar,
Bəlkə… yağmur kimi yağıb gedəsən.
Bağda bağlı qalıb qara Bəyənək,
Çürük salxımlardan əyilib tənək.
Naxırdan qayıdıb Sarıqız inək,
Bəlkə… bu inəyi sağıb gedəsən.
Mən özüm hardaym, xəyalım harda?
Yetmir harayıma ana da, yar da.
Nə işin var idi özgə diyarda?
Niyə xatirəyə sığıb gedəsən
Vahid, bu xəzana bağladın ümid,
Xəzan keçib getdi, qoydu naümid…
Vallah, mən deyiləm sən gəzən igid,
Bəlkə…
Vədəsində çıxıb gedəsən?
25.11.2019