Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 53

Can deyənim bol idi…

Оглавление

Tək bir gülü axtarırdı gözlərim,

Aman Allah, necə şirin çağ ıdi.

Boğazıma ilişməzdi sözlərim,

Süzülərdi, elə bil ki, yağ idi.


Günüm, ayım necə gəlib gedərdi?

Kim yolumu, yolağımı güdərdi?

Səhərəcən göyləri seyr edərdim,

Dünya mənə gül-çiçəkli bağ idi.


Yuxularım çin olurdu həmişə,

Kədər məndən gen olurdu həmişə…

Bir sevincim min olurdu həmişə.

Cavan baxtım bəmbəyazdı, ağ idi.


Ot yığardım, pambıq, üzüm dərərdim,

Fərəhimi çəmənimə sərərdim.

Hər bir işə öz çiynimi verərdim,

Arzularım ümidlərə tağ idi.


Görməmişdim hələ böyük şəhəri.

Gülər üzlə qarşılardım səhəri…

Tanımazdım intizarı, qəhəri,

Babam Abbas nəzərimdə dağ idi.


Bir yol vardı, Ağdam-Bərdə yoluydu,

Yolun üstü kəndlər ilə doluydu,

«Gəl» deyənim, «can» deyənim boluydu,

Xalalarım, atam, anam sağ idi…


Tək bir gülü axtarırdı gözlərim,

Aman Allah, necə şirin çağ ıdi.

Boğazıma tıxanmazdı sözlərim,

Süzülərdi, elə bil ki, yağ idi.

Bu yay da belə keçdi̇

Подняться наверх