Читать книгу Dekameron - Джованни Боккаччо - Страница 16

İKİNCİ GÜN
İKİNCİ HEKAYƏ

Оглавление

Rinaldo Asti var-yoxu qarət edildikdən sonra Kastel Gvilyelmoya gəlir, orada bir dul qadının yanında özünə sığınacaq tapır, çəkdiyi ziyanın əvəzini alaraq, sağ-salamat evinə qayıdır

Neifila Martellinonun başına gələn əhvalatı danışdıqca, xanımlar gülməkdən uğunub gedirdi, cavan oğlanlardan da ən çox gülən, Neifilanın yanında oturan Filostrato idi. Kraliça da elə ona ikinci hekayəni söyləməyi əmr etdi. Filostrato bir an ləngimədən sözə başladı: – Gözəl xanımlar, mən sizə, qismən bədbəxtlik və sevgi ilə əlaqədar olan müqəddəs şeylərdən danışmaq istəyirəm, bunu eşitmək bəlkə də faydalı olar, xüsusilə sevginin təhlükəli, məşəqqətli yolla-rında səyahətə çıxarılar bundan faydalana bilərlər. Sevginin bu təhlükəli yollarında çox vaxt elə olur ki, müqəddəs Yuliana dua oxumayanlar rahat yataqda da pis sığınacaq tapırlar.

Bəli, Ferrara markizi Assonun vaxtında Rinaldo Asti adlı bir tacir öz işi üçün Bolonyaya gəlir. Elə olur ki, o, işini düzəldib evinə qayı-danda, Ferraradan çıxıb Veronaya yola düşəndə üç adama rast gəlir. Onlar tacirə oxşasalar da, əslində quldur və dələdüz adamlarmış. Ri-naldo ehtiyatsızlıq edib, onlarla söhbətə girişir və onlara qoşulur. Bu üç adam görür ki, o, tacirdir, yanında da yəqin ki, pulu var, fürsət düşən kimi onu soymaq qərarına gəlirlər. Buna görə onu şübhələndir-məmək üçün, dinc və abırlı adamlar kimi, onunla ləyaqətli, yaxşı şeylərdən danışırlar, bacardıqca özlərini ona xoşrəftar və itaətkar göstərirlər. Rinaldo da onlara rast gəlməsini çox uğurlu bir təsadüf hesab edirdi, çünki o tək idi, ancaq bir nəfər atlı xidmətçisi vardı.

Bu qayda ilə, yol gedə-gedə söhbət edib bir məsələdən başqa bir məsələyə keçərək (söhbət zamanı çox vaxt belə olur), axırda gəlib dua məsələsi üstünə çıxdılar. Məlumdur ki, insanlar dua ilə allaha müraciət edirlər. Quldurlardan biri Rinaldoya dedi: «hörmətli adam, bəs sən yola çıxanda hansı duanı oxuyursan?» Rinaldo ona cavab verdi: «Düzünə qalsa, belə şeylərdə mən avam, kobud adamam, az dua bilirəm, köhnə qayda ilə yaşayıram, iki soldonu iyirmi dörd dinar bilirəm. Bununla belə mənim həmişə belə bir adətim vardır: səfərə çıxanda, hər səhər mehmanxanadan yola düşəndə müqəddəs Yulianın ata-anasının ərvahına «ya ilahi» və «Məryəm ana» duasını oxuyu-ram, sonra da allaha, övliyalara yalvarıram ki, onlar gecə qalmaq üçün mənə yaxşı bir mənzil yetirsinlər. Ömrümdə çox olub ki, səfərə çıxanda yaman təhlükəyə düşmüşəm, bunlardan qurtarandan sonra yenə də axşamı yaxşı yerdə keçirmişəm, gecəni də rahat yatmışam. Buna görə, lap qəti inanıram ki, müqəddəs Yulianın ki şərəfinə bu duaları oxuyuram, o bu mərhəməti allahdan mənim üçün yalvarıb almışdır. Mənə elə gəlir ki, səhərlər bu duanı oxumasam, yolda pis olacaq, gecə qalmaq üçün də yaxşı mənzil tapmayacağam». Rinaldo ilə söhbət edən adam soruşdu: «Bu gün səhər sən bu duanı oxumu-sanmı?» Rinaldo ona belə cavab verdi: «Əlbəttə!» O adam işin necə olacağını bildiyindən, öz-özünə dedi: «Dua sənə hələ lazım olacaq, çünki bizim işimiz bəd gətirməsə, elə bilirəm, sən gecəni qalmaq üçün pis mənzilə düşəcəksən». Sonra Rinaldoya dedi: «Mən də çox səfərə çıxmışam, amma o duanı heç oxumamışam, hərçənd eşitmi-şəm ki, çoxları bu duanı bəyənirlər. Ancaq mən bu duanı oxumasam da, heç elə olmayıb ki, gecə qalmaq üçün pis mənzilə düşmüş olam. Bu axşam bəlkə də özün görəcəksən ki, kim özünə yaxşı mənzil tapacaq: sən ya mən, – sən dua oxumusan, mən oxumamışam hərçənd mən o duanı yerinə: «Dirupisti» ya «Intemerata» ya da «De profundis» dualarını oxuyuram; nənəm deyərdi ki, bunların adama çox köməyi olur». Onlar bu qayda ilə cürbəcür şeylərdən danışa-danışa yol gedirdilər. O üç nəfər də alçaq niyyətini yerinə yetirmək üçün fürsət axtarır, əlverişli vaxt və yer gözləyirdi. Nəhayət, Kastel Gvilyelmonun o tərəfində, bir çaydan keçəndə o üç nəfər belə hesab etdi ki, vaxt da gecdir, yer də tənha, gözə dəyməyən yerdir, Rinal-donu basmarlayıb soydular, onu piyada və bir köynəkdə qoyub gedəndə dedilər: «Get bax gör sənin müqəddəs Yulianın bu gecə sənə yaxşı bir mənzil yetirəcəkmi, amma bizimki lap yəqin ki, yetirəcək». Onlar çayı keçib əkildilər. Rinaldonun xidmətçisi qorxaq adamdı, sahibinin soyulduğunu görüb, ona kömək eləmədi, atının başını döndərib Kastel Kvilyelmoya sarı qovdu. Axşam ora çatdı, heç nəyin fikrini çəkmədən, gecəni orada yatdı. Rinaldo bir köynəkdə qalmışdı, ayağı yalındı, hava da bərk soyuqdu, qar yağırdı, o bilmirdi nə eləsin. Axşam olduğunu görüb, titrəyə-titrəyə, dişi-dişinə dəyə-dəyə ətrafına baxmağa başladı: bəlkə sığınacaq bir yer gördü, soyuqdan ölməmək üçün gecəni orada qala bildi. Heç bir şey görmədi, çünki bundan bir az əvvəl o yerlərdə müharibə zamanı hər şey yanmışdı. Soyuğun təsirindən Kastel Gvilyelmoya sarı yüyür-məyə başladı. Xidmətçisinin orada olub-olmadığını bilmirdi, güman edirdi ki, özünü ora yetirsə, allah ona bir yerdən kömək göndərər. Lakin qəsrə bir mil qalmış qaranlıq düşdü, ora çox geç çatdı; qəsrin qapıları bağlanmış, körpülər qaldırılmışdı; içəri girə bilmədi. Qəmgin və pərişan halda, gözüyaşlı ətrafına nəzər saldı, heç olmasa üstünə qar yağmamaq üçün sığınacaq tapmaq istədi. Təsadüfən bir ev gördü. Ev divardan bir az qabağa çıxmışdı. Ora getmək, səhər açılana kimi bu çıxıntının altında qalmaq fikrinə düşdü. Ora çatanda, çıxıntının altında bir qapı gördü; qapı bağlı idi. Yan-yörədən küləş yığıb qapı-nın qabağına tökdü, məyus və dərdli halda küləşin üstündə özünə yer elədi, elə bir ucdan da müqəddəs Yuliandan şikayətlənirdi, deyirdi ki, mən sənə gör necə iman bağlamışdım, belə günə düşmək mənə layiq deyildi. Lakin müqəddəs Yulian onu öz himayəsi altına almışdı, çox ləngimədən Rinaldoya yaxşı bir mənzil hazırladı. O qəsrdə dul bir qadın yaşayırdı, dünyada tayı-bərabəri az tapılan bir gözəldi. Markiz Asso onu canından çox istəyirdi, onu burada öz ehtiyacı üçün saxla-yırdı. Xanım həmin evdə yaşayırdı ki, Rinaldo onun çıxıntısı altında özünə sığınacaq tapmışdı. Təsadüfən bundan bir gün markiz gecəni bu qadının yanında qalmaq üçün qəsrə gəlmişdi, gizlincə sərəncam vermişdi ki, qadının evində vanna və axşam yeməyi hazırlasınlar. Hər şey hazır olmuşdu, qadın da markizin gəlməsini gözləyirdi. Birdən qəsrin qapısına xidmətçi gəlib markizə məktub verdi, bunun da nəticəsində markiz qəfildən getməli oldu. Qadına xəbər göndərdi ki, daha məni gözləmə, özü isə dərhal yola düşdü. Qadının ovqatı bir az təlx oldu, bilmədi nə eləsin; bu qərara gəldi ki, markiz üçün hazır-lanan vannada özü çimsin, sonra da axşam çörəyini yeyib yatsın. Gedib vannaya girdi. Vanna qapı ilə yanaşı idi. Zavallı Rinaldo həmin qapının bayır tərəfinə sıxılmışdı. Qadın vannada oturmuşdu, qulağına səs gəldi: kim isə ağlayırdı, leylək dimdiyini tıqqıldadan kimi, o da dişlərini şaqqıldadırdı; qulluqçusunu çağırıb dedi: «Qalx yuxarı, bax gör divarın dalında, qapının qabağında kim var, o nəçidir, orada nə eləyir». Qulluqçu gedib baxdı, hava açıq olduğundan, gördü ki, bir adam oturub, yuxarıda dediyimiz kimi, əynində bircə köynəyi var, ayağı yalındır, özü də tir-tir əsir. Qulluqçu soruşdu ki, sən kimsən? Rinaldo elə titrəyirdi ki, dili söz tutmurdu, güclə sözü sözə calayaraq, kim olduğunu, bura niyə gəldiyini mümkün qədər qısaca dedi; sonra da yazıq-yazıq yalvardı ki, əgər mümkünsə, gecə məni burada soyuqdan ölməyə qoymayın. Qulluqçu bundan yaman mütə-əssir oldu, xanımının yanına qayıdıb, gördüyünü və eşitdiyini ona danışdı. Qadının da o adama yazığı gəldi, yadına düşdü ki, bu qapı-nın açarı var, markiz bəzən oradan gizlincə onun yanına gələrdi. Qulluqçuya dedi: «Get yavaşca qapını aç, axşam yeməyi də var, heç kəs yeməyəcək, yatmağa da yer çoxdur». Qulluqçu öz xanımını belə insanpərvərliyi üçün çox təriflədi, gedib qapını açdı, Rinaldonu içəri saldı, – o, soyuqdan donmuşdu. Qadın onu bu halda görüb dedi; «Əzizim, gir vannaya, o hələ soyumayıb». Rinaldo başqa təklif gözləməyərək, məmnuniyyətlə qadının dediyini elədi, isti onun bədəninə dəyəndə, elə bil ki, ölümdən həyata qayıtdı. Qadın ona, bu yaxında ölən ərinin paltarını verdi. Rinaldo geyindi, paltar onu elə tutdu ki, elə bil onun əyninə tikilmişdi. Rinaldo oturub ev sahibəsinin sərəncamını gözləyir, eyni zamanda allaha və müqəddəs Yuliana şükür edirdi ki, onu arzu etdiyi kimi, belə pis gecədən qurtardılar, fikrində tutduğu belə yaxşı bir sığınacaq yerə gətirib çıxartdılar.

Ev sahibəsi bir az dincəldikdən sonra otaqlardan birində buxarını yaxşı yandırtdırdı, sonra ora keçib o adamın halını soruşdu. Qulluqçu ona belə cavab verdi: «Madonna, o geyinib, qəşəng də kişidir, özü də, deyəsən, mərifətli adamdır». Ev sahibəsi dedi: «Get onu çağır bura, qoy gəlib ocağın yanında qızınsın, yeməyini də yesin, bilirəm ki, o, axşam çörəyini yeməyib». Rinaldo otağa girib qadını görəndə zənn etdi ki, o, yüksək aristokrat qadınlardandır, onu çox hörmətlə salamladı, yaxşılığına görə ona bacardığı qədər minnətdarlıq elədi. Qadın Rinaldonu görəndə və söylədiklərini eşidəndə əmin oldu ki, o, doğrudan da, qulluqçunun dediyi kimidir; onu sevinclə qarşıladı, buxarının qabağında, və yanında oturtdu, başına gələn əhvalatı, bura necə gəlib çıxdığını soruşdu. Rinaldo nə olmuşdusa hamısını qayda ilə ona danışdı. Rinaldonun xidmətçisi qəsrə gələndə qadın ondan bəzi şeylər eşitmişdi, buna görə də Rinaldonun sözlərinə tamamilə inandı, dedi ki, sənin xidmətçin barədə eşitmişəm, səhər onu çox asanlıqla tanmaq olar. Süfrə açıldı, Rinaldo əllərini yudu, ev sahibəsinin arzusu ilə onunla süfrə başında oturdu. Rinaldo ucaboylu, gözəl, xoşsifətli, zərif ədalı, gəncliyin orta dövrünü keçirən bir adamdı. Qadın Rinaldonu bir neçə dəfə gözdən keçirdi, onu çox bəyəndi; o, ürəyinə yatdı; markiz gecə onun yanında qalacaqdı, bu, onda şəhvət hissi oyatmışdı. Onlar süfrə başından qalxdılar. Qadın gedib öz qulluqçusu ilə məsləhətləşdi, dedi ki, markiz məni aldatdı, indi mən taleyin göndərdiyi bu nemətdən istifadə etsəm necə olar? Qulluqçu xanımının fikrini anladı, onu başa saldı ki, bu nemətdən istifadə et. Qadın Rinaldonu buxarının yanında qoyub getmişdi, geri qayıdanda ona ehtirasla baxıb dedi: «Siz nə fikrə getmisiniz, Rinaldo? Yoxsa onun dərdini çəkirsiniz ki, atınızı, əyninizdən çıxarılan pal-paltarınızı geri qaytara bilməyəcəksiniz? Kefinizi pozmayın, ürəyi-nizi açıq eləyin, elə bilin ki, öz evinizdəsiniz. Hələ görün nə deyirəm: sizi rəhmətlik ərimin paltarında görəndə, mənə elə gəldi ki, o özü gəlib, bu axşam bəlkə yüz dəfə istəmişəm ki, sizi qucaqlayıb öpüm. Qorxmasaydım ki, bundan sizin xoşunuz gəlməz, yəqin elə belə də elərdim». Rinaldo bu sözləri eşidib, qadının gözlərindəki parıltını görəndə (axmaq deyildi ki!) qollarını açıb ona yaxınlaşdı, dedi: «Madonna, fikirləşəndə ki, ancaq sizin sayənizdə mən bundan sonra da özümü dirilər arasında hesab edəcəyəm, təsəvvür edəndə ki, siz məni nədən xilas etmisiniz, mənim tərəfimdən ədəbsizlik olardı ki, çalışıb sizin könlünüz istəyənə əməl eləməyim! Buna görə də məni qucaqlamaq və öpmək arzusunu yerinə yetirin, mən də sizi istədiyim-dən artıq qucaqlayıb öpərəm». Daha söz söyləməyə ehtiyac qalmadı. Qadın şəhvət içində alışıb-yanırdı, elə o saat Rinaldonun qucağına atıldı, özünü ehtirasla ona sıxaraq, bəlkə min dəfə onu öpdü, Rinaldo da elə o qədər onu öpdü: sonra Rinaldonun qucağından çıxdı və onlar yataq otağına getdilər, elə o saat da yatağa girdilər. Səhər açılana kimi bir neçə dəfə öz şəhvətlərinin odunu söndürdülər. Dan yeri ağaranda, ev sahibəsinin arzusu ilə, yataqdan qalxdılar. Bundan heç kəsin xəbər tutmaması üçün qadın Rinaldoya köhnə paltar verdi, pul kisəsini də pulla doldurdu, ondan xahiş etdi ki, bunu heç kəsə söy-ləməsin, öz xidmətçisini tapmaq üçün hansı yol ilə getməsini də göstərdi, onu gəldiyi qapıdan da bayıra buraxdı. Hava işıqlaşandan sonra qəsrin qapıları açıldı, Rinaldo da, uzaqdan gəlmiş bir adam kimi, qəsrə girdi, öz xidmətçisini orada tapdı. Çamadandakı paltarını çıxarıb əyninə geydi, xidmətçinin atına minmək istəyəndə sanki möcüzə baş verdi: dünən axşam onu soyan, bundan az sonra da başqa bir cinayət üstündə ələ keçən o üç qulduru qəsrə gətirdilər. Quldur-ların etirafına əsasən, Rinaldonun atını, paltarını, pulunu özünə qaytardılar, o, iki corabbağından başqa heç bir şey itirmədi, – onların necə olduğunu quldurların özü də bilmirdi. Rinaldo allaha və müqəd-dəs Yuliana şükürlər edərək ata mindi, sağ-salamat evinə qayıtdı, quldurları da ertəsi gün havanı təpikləməyə göndərdilər.

Dekameron

Подняться наверх