Читать книгу Dekameron - Джованни Боккаччо - Страница 4

BİRİNCİ GÜN
BİRİNCİ HEKAYƏ

Оглавление

Ser Çappelletto yalan etirafı ilə mömin rahibi aldadıb ölür. Sağlığında alçaq olan bu adam öləndən sonra müqəddəs hesab edilir və San Ciap-pelletto adını alır.

Əziz xanımlar! İnsan hansı işə girişsə, o gərək bu işi bütün varlığı yaradanın ecazkar və müqəddəs adı ilə başlasın. Buna görə, birinci olaraq söhbətə başlamaq mənim üzərimə düşdüyündən, mən də yaradanın gözəl işlərindən birini nəzərə alıb, danışmaq istəyirəm; bunu eşitməklə, qoy bizim ona olan ümidimiz, sarsılmaz bir zəmin üzərində qərar tutmuş kimi, möhkəmlənsin, onun adı hər gün dilimizdə mədh olunsun. Məlumdur ki, bütün zaman daxilində yaşayanlar müvəqqəti və fanidir, onların başı öz-özünə, qəmə, müsibətə, zəhmətə qarışmışdır, onlar hədsiz-hesabsız təhlükəyə məruz qalırlar; tanrı öz xüsusi mərhəməti ilə bizə bu qədər qüvvət və tədbir verməsəydi, biz, bu varlıq içərisində yaşadığımız, onun bir hissəsi olduğumuz halda, bu təhlügələrə nə tab gətirər, nə də onlar-dan canımızı qurtara bilərdik. Elə düşünülməsin ki, tanrının bu mərhəməti bizə tutduğumuz yaxşı işlərə görə verilir və bizim aramızda bərqərar olur; xeyr, tanrının mərhəməti bizə onun şəfqətli olmasına görə, həm də həyatda bizim kimi fani olan, lakin tanrının hökmünü yerinə yetirən, öləndən sonra tanrı ilə bərabər əbədi və müqəddəs olan şəxslərin duasına görə verilir. Onlar öz təcrübə-lərindən bizim zəif olduğumuzu bilirlər; biz onlara bir müdafiəçi kimi müraciət edib yalvarır, dərdimizə əlac edilməsini xahiş edirik, çünki bəlkə də onlar cəsarət edib bizim dualarımızı tanrı kimi bir hakimə yetirə bilərlər. Allahın mərhəmətini biz bir şeydən daha artıq yəqin edirik. Onun nə niyyətdə olması sirrinə biz öz fani nəzərimizlə nüfuz edə bilmədiyimizdən, çox vaxt arada gəzən söz-söhbətə uyaraq, tanrının əzəməti qarşısında elə bir müdafiəçi seçirik ki, o özü tanrı tərəfindən həmişəlik pislənmişdir; buna baxmayaraq, allah, onun üçün sirr deyilən şey yoxdur, – dua edənin nadanlığından, ya pislənməsindən daha çox, onun təmiz ürəklə dua etməsinə diqqət yetirir, onu dinləyir, sanki bu adam onun qarşısında nicat tapmağa layiq görülmüşdür. İndi sizə söyləmək istədiyim hekayədə bu şeylər aydın olacaqdır: mən tanrı hikməti cəhətdən deyil, insan anlayışı nöqteyi-nəzərindən «aydın» deyirəm.

Deyirlər ki, varlı və adlı-sanlı tacir Muşyatto Fransezi kavaler olduqdan sonra, papa Bonifatsinin dəvəti və təhriki ilə fransız kralının qardaşı Torpaqsız Karl ilə bir yerdə Toskanaya getmək istəyəndə görür ki, işləri bəzi yerdə yaman dolaşmışdır, – tacirlərin işində belə hallar az olmur, – onları tezliklə düzəldib yoluna qoymaq asan olmayacaq, bu qərara gəlir ki, işlərini idarə etməyi bir neçə adama tapşırsın. O bütün işlərini sahmana salsa da, bir məsələdə şübhəli qalır: haradan elə adam tapsın ki. bir neçə burqundiyalıdan borcunu ala bilsin?! Bu şübhə əsassız deyildi. Muşyatto bilirdi ki, burqundiyalılar çox dalaşqan, yaramaz, sözlərinin üstündə durmayan adamlardır; o elə bir hiyləgər, xain adam təsəvvür edə bilmirdi ki, onu arxayınlıqla burqundiyalıların hiyləgərliyinə, xainliyinə qarşı qoya bilsin. Bu məsələ haqqında çox düşündü, axırda onun yadına pratolu ser Çepparello adlı bir adam düşdü. Çepparello Parisdə tez-tez onun yanına gələrdi. O balacaboy bir adamdı, təmiz geyinərdi. Fransızlar Çepparello sözünün mənasını bilmədiklərindən, elə zənn edirdilər ki, bu elə onların dilində olan chapel, yəni çələng deməkdir, buna görə ona capello deyil, Ciappelletto dedilər, çünki yuxarıda qeyd etdiyimiz kimi, onun boyu balaca idi. Hər yerdə onu Çappelletto adı ilə tanıyırdılar. Amma çox az adam onun Çepparello olduğunu bilirdi. Bu Çappelletto özü notarius idi; onun yazdığı əqdnamələrdən (belə, əqdnamələr az idi) bircəsi saxta olmasaydı, bunu o özü üçün böyük rüsvayçılıq hesab edərdi. O, yaxşı pul alıb doğru əqdnamə yazmaqdansa, pulsuz saxta əqdnamə yazmağı üstün tutar, bunu həvəslə yazardı. Xahiş edildi, edilmədi, yalandan məmnuniyyətlə şahid durardı. O zaman Fransada and içməyə çox inanardılar, Çappelletto üçün yalandan and içmək su içmə kimi şeydi. Hansı bir işdə onu çağırıb tələb etsəydilər ki: vicdanla düzünü de, o belə işlərin hamısını dələduzluqla udardı. Dostlar, qohumlar, tanışlar arasında nifaq, ədavət, qalmaqal salmağa çalışar, bundan həzz alardı; onun bu hərəkətləri nə qədər çox bədbəxtliyə səbəb olsaydı, bundan bir o qədər xoşlanardı. Onu adam öldürməyə, ya başqa pis bir işdə iştirak etməyə çağırsaydılar, məmnuniyyətlə gedərdi, bundan boyun qaçırmazdı, çox vaxt da özü adamları məm-nuniyyətlə vurub şikəst edər, öldürərdi, heç şeyin üstündə allahı, müqəddəs adamları yaman söyərdi, çünki çox acıqlı idi. Kilsəyə getməzdi, kilsə mərasimi və ayinlərini pis-pis sözlərlə ələ salardı, güya onların heç bir əhəmiyyəti yox imiş. Lakin meyxanalara və başqa nalayiq yerlərə həvəslə gedərdi. İt selbə xoşlamadığı kimi, onun da qadınlardan xoşu gəlməzdi; bunun əksini təşkil edən yaramazlıqdan, başqa əxlaqsız adamlardan daha çox həzz alardı. Mömin bir adam sakit vicdanla sədəqə verən kimi, o da belə sakit vicdanla oğurluq edər, adam söya bilərdi. Yaman qarınqulu idi, əyyaşdı, bu, çox vaxt onun özünə zərər yetirərdi, onu rüsvay edərdi; yaman da qumarbazdı, kartbasandı, aşıqatandı. Onun üçün daha niyə söz sərf edək? Ondan pis adam bəlkə heç dünyaya gəlməmişdi. Messer Muşyattonun tutduğu mövqeyi və nüfuzu uzun zaman bu adamın pis fırıldaqlarının üstünü örtmüşdü, buna görə Çappellet-tonun çox vaxt təhqir etdiyi adamlar da, təhqir etməkdə davam etdiyi məhkəmə də onu cəzasız buraxardı. Messer Muşyatto ser Çepparel-lonun həyatına yaxşı bələddi, buna görə Çepparello yadına düşəndə, xəyalına gəldi ki, dələduz burqundiyalıların qabağına çıxarmaq üçün elə belə adam lazımdır. Onu çağırtdırıb dedi: «Ser Çappelletto, sən bilirsən ki, mən buradan tamam gedirəm, ancaq mənim yalançı burqundiyalılarla həll olunmamış məsələm var: onlar mənə pul borcludurlar, bu borcu almaq üçün səndən münasib adam görmürəm. İndi sənin bir işin yoxdur, bunu boynuna götürsən, söz verirəm ki, məhkəmənin sənə olan münasibətini yaxşılaşdıraram, nisyədən yığdığın pulun da xeyli hissəsini sənə verərəm». Ser Çappellettonun doğrudan da işi yox idi, həm də bu dünyanın nemətlərindən çox da zəngin deyildi. Uzun zaman onun köməyi və sığınacağı olan adamın buradan gedəcəyini görüb, bəlkə də zərurət qarşısında qalaraq, o saat razı oldu, dedi ki, məmnuniyyətlə bu işi yerinə yetirər. Bununla da söhbəti qurtardılar. Ser Çappelletto messer Muşyattonun vəkalət-naməsini, həm də kral tövsiyənaməsini alıb, messer Muşyattodan sonra Burqundiyaya getdi. Burqundiyada onu tanıyan yox idi. O öz təbiətinin əksinə olaraq, yumşaqlıqla və dostcasına nisyəni yığmağa və başqa işlərini görməyə başladı, sanki axıra yaxın o öz xasiyyətini büruzə verməmək fikrində idi. Ser Çappelletto sələmçiliklə məşğul olan iki florensiyalı qardaşın evində qalırdı. Onlar messer Muşyat-toya görə ona hörmət edirdilər. Ser Çappelletto öz işi ilə məşğul ikən xəstələndi. Florensiyalı qardaşlar dərhal həkim dalınca adam göndərdilər, həm də ona baxmaq üçün adam çağırtdırdılar, onun sağalmasından ötrü lazım olan hər şeyi elədilər. Lakin bunun köməyi olmadı, çünki ser Çappelletto qocalmışdı, özü də pözğun həyat keçirmişdi; onun halı gündən-günə xarablaşırdı, həkimlər deyirdilər ki, ,bu xəstəlikdən o sağalmayacaq. Florensiyalı qardaşlar bundan çox qəmgin oldular. Bir gün onlar ser Çappellettonun yatdığı otağın yanında belə söhbət edirdilər: «Biz nə edək? Bu, əngəl işdir: xəstə adamı evdən qovmaq böyük biabırçılıq olardı, həm də bunu başqa cür başa düşərlər, biz onu yaxşı qəbul etdik, sonra da həkim gətirtdik, ona baxmaq üçün adam tutduq, – bunu hamı görmüşdü. İndi də birdən görəcəklər ki, ölüm halında olan bu adamı evdən qovuruq, axı bu vəziyyətdə o bizə heç bir pislik edə bilməzdi. Həm də o elə əclaf adamdır ki, günahlarını etiraf etməyəcək, dini ayini yerinə yetirmə-yəcək. Belə ölsə, heç bir kilsə onun cənazəsini. qəbul etməyəcək, onu it kimi çalaya atacaqlar. Günahlarını etiraf etsə də, onun o qədər dəhşətli günahı var ki, bu etirafın heç əhəmiyyəti olmayacaq, çünki elə bir rahib, ya keşiş tapılmaz ki, onun bu günahlarını bağışlat-mağa razı olsun. Günahları bağışlanmadığından, onu hər halda çalaya atacaqlar. Şəhər camaatı sələmçilik peşəsi üstündə həmişə bizi yamanlayır; bunu mürüvvətsiz bir iş hesab edirlər, əllərinə fürsət düşsə, bizim var yoxumuzu talan etməkdən də çəkinməzlər. Belə bir hadisə baş versə, onlar bizim üstümüzə qalxıb, çığıra-çığıra deyəcəklər: «Bu Lombardiya köpəklərinə aman. verməyin, onları kilsəyə də qoymayın!» Sonra evimizin üstünə cumacaqlar, bəlkə dövlətimizi qarət etdilər, bizi lap öldürə də bilərlər. Hər halda ser Çappelletto ölsə, bizim üçün pis olacaq».

Yuxarıda dediyim kimi, ser Çappelletto, onların söhbət etdiyi yerdən uzaqda deyildi, bir də ki, xəstələr çox vaxt yaxşı eşidirlər; ser Çappelletto deyilən sözlərin hamısını eşitdi, bu iki qardaşı yanına çağırtdırıb dedi: «Mən istəmirəm ki, siz mənim üçün narahat olasınız və mənim ucbatımdan zərər çəkəsiniz. Mən sizin söhbətinizi eşitdim. Əminəm ki, iş sizin güman etdiyiniz kimi olsa, elə sizin düşündü-yünüz şeylər də baş verəcək. Amma belə olmayacaq. Sağlığımda mən allahı o qədər təhqir etmişəm ki, ölüm ayağında, cəmisi bir saatın içində bunu eləsəm də, günahım bundan nə artacaq, nə də əskiləcək. Buna görə sərəncam verin, mənim yanıma müqəddəs, yaxşı, – əgər beləsi varsa, – bir rahib gətirsinlər. Qoyun mən bildiyimi eləyim: sizin də işinizi, öz işimi də elə düzəldərəm ki, razı qalarsınız». Florensiyalı qardaşlar buna böyük ümid bəsləməsələr də, bir monastıra gedib, evlərində xəstə yatan bir lombardiyalının günaһını bağışlatmaq üçün müqəddəs, ağıllı bir rahib istədilər, onlara, öz һəyatı ilə başqalarına nümunə ola bilən, Əһdi-ətiqi və Əһdi-cədidi yaxşı bilən, bütün şəһər əһlinin böyük və xüsusi һörmətini qazanmış müqəddəs, çox möһtərəm, qoca bir rahib verdilər. Florensiyalı qardaşlar rahibi evlərinə gətirdilər. Rahib, ser Çappellettonun yatdığı «otağa girib, xəstəyə yaxınlaşdı, açıq qəlblə ona təsəlli verdi, sonra onun son etirafından nə qədər keçdiyini soruşdu. Ser Çappelletto ömründə günahlarını etiraf etməmişdi. Dedi ki: «Ata, adətən mən һəftədə һeç olmasa bir dəfə, elə һəftə də olardı ki, bir neçə dəfə günaһımı etiraf edərdim, ancaq indi bir һəftədir xəstələnmişəm, keşişin yanına etirafa getməmişəm, xəstəlik mənim başıma belə müsibət gətiirib!» Rahib dedi: «Yaxşı eləmisən, oğlum, sonralar da belə edərsən: görürəm ki, mən səndən az söz soruşmalı olacağam, az şey də eşidəcəyəm, çünki sən tez-tez gedib günaһlarını etiraf etmisən». Ser Çappelletto dedi: «Elə söylə-məyin, müqəddəs ata, mən günahlarımı tez-tez etiraf etsəm də, anadan olan gündən ta indiyə kimi işlədiyim günaһların bağışlanmasını nəzərdə tutmuşam; buna görə, şərafətli ata, xaһiş edirəm, məndən һər barədə elə müfəssəl soruşun ki, elə bil mən ömrümdə günaһlarımı etiraf etməmişəm. Xəstə olduğuma baxmayın: mən, xilaskarımın öz qiymətli qanı ilə satın aldığı ruһumu məһv edə bilən bir iş tutmaqdansa, cismimə xətər yetirməyi üstün tuturam». Bu söz müqəddəs atanın çox xoşuna gəldi, onun mömin olmasına bir sübut kimi göründü. O, ser Çappellettonun belə adam olduğunu ürəkdən təqdir etdi, ömründə onun bir qadınla günaһ iş tutub-tutmadığını soruşdu. Ser Çappelletto aһ çəgörək dedi: «Bu barədə һəqiqəti açıb sizə söyləməyə utanıram, çünki şöһrətpərəstlik günaһına düşməkdən qorxuram». – Qorxma de, de, һələ һeç kəs günaһını etiraf edəndə, ya başqa bir vəziyyətdə һəqiqəti söyləyəndə günaһa batmamışdır». Ser Çappelletto bu sözü eşidəndə dedi: «Siz ki məni bu barədə əmin edirsiniz, onda qoy deyim: mən anamın bətnindən necə bakir çıxmı-şamsa, elə də bakir qalmışam». Rahib dedi: «Qoy allaһ səni öz pənaһında saxlasın! Sən bununla yaxşı iş tutmusan, xüsusilə sən ona görə təqdirəlayiqsən ki, əgər istəsəydin, bunun əksini bizdən və ümumiyyətlə müəyyən əһdlə bağlı olan adamlardan daһa böyük sərbəstliklə edə bilərdin». Sonra rahib ondan, acgözlük günaһı ilə allahı qəzəbləndirib-qəzəbləndirmədiyini soruşdu. Ser Çappelletto dərindən aһ çəkib, belə cavab verdi: «Bəli, qəzəbləndirmiıəm, özü də bir neçə dəfə. Çünki mən hər il, mömin adamlar kimi, bütün pəһrizləri saxlasam da; һəftədə heç olmasa üç dəfə ancaq çörək yeyib; su içməyə adət eləsəm də, suyu, şəraba böyük həvəs göstərən şəxslər kimi, xüsusilə ibadətə ya ziyarətə gedib yorulandan sonra, çox ləzzətlə və һəvəslə içərdim. Kənd arvadlarının çöldən yığib gətirdikləri yaşıl bitkilərdən һazırlanan salata da tez-tez iştaһım olardı; bəzən yeməklər mənə, öz möminliyinə görə mənim kimi pəһriz saxlayan adamların, mənim fikrimcə, duymalı olacağı ləzzətdən daһa artıq ləzzət verərdi». Rahib onun bu sözlərinə belə cavab verdi: «Oğlum, bunlar təbii şeydir, yüngül günaһdır, mən istəmirəm ki, sən bunlarla öz vicdanını naһaq yerə naraһat edəsən. Hər adama, o necə müqəddəs olsa da uzun zaman ac qaldıqdan sonra yemək; yorğunluqdan sonra da su ləzzətli görünər». Ser Çappelletto etiraz etdi: «Ata, bunu təsəlli üçün mənə söyləməyin; siz də, mən kimi, bilirsiniz ki, allaһ naminə görülən bütün işlər təmiz və nöqsan-sız olmalıdır; belə һərəkət etməyənlər günaһ iş tuturlar». Rahib bu sözdən mütəəssir oldu: «Sənin belə düşündüyünə çox sevinirəm; sənin təmizliyin; təmiz vicdanlı olmağın mənim çox xoşuma gəlir. De görüm, sən lazım olandan artıq çox pul arzusunda olmaqla, bir şeyə həddindən artıq һəvəs göstərməklə pulpərəstlik günaһına batmamısan ki?» Ser Çappelletto buna belə cavab verdi: «Ata, bu sələmçilər evində yaşamaqla, istəmirəm ki, siz mənim һaqqımda başqa fikirdə olasınız; mənim onlarla һeç bir əlaqəm yoxdur, hətta bura ona görə də gəlmişəm ki, onları utandırım, bu murdar peşədən uzaqlaşdırım, – allaһ məni bu һala salmasaydı, elə bəlkə də buna müvəffəq olardım. "Bilirsinizmi, atam mənə yaxşı var-dövlət qoyub gedib; bunun yarısından çoxunu o, öləndən sonra sədəqə verdim, sonra da dolanmaq üçün, һəm də tanrı dilənçilərinə kömək etmək üçün az-az alver eləməyə başladım; bir qədər pul qazanmaq istəyirdim, һəmişə də qazancımı allaһın bəndələri ilə bölüşdürürdüm: yarısını onlara verirdim, yarısını da öz eһ-tiyacıma sərf edirdim. Yaradan da buna görə mənə elə kömək elədi ki, işim yaxşıdan da yaxşı oldu». Rahib: «Yaxşı iş tutmusan, oğlum – dedi. – Sən tez-tez qəzəblənirdinmi?» Ser Çappelletto dedi: «Əfsus ki, bunu etiraf etməliyəm, tez-tez qəzəblənirdim. Axı, adamların hər gün yaramazlıq etdiyini, allaһın buyruğundan çıxdığını, allaһın cəzasından qorxmadığını görüb kim qəzəblənməz? Cavanların pis-pis işlər tutduğunu, and içib andlarını pözduğunu, meyxanalarda düşüb qaldığını, kilsəyə qədəm qoymadığını, allaһın yolundan çox dünya yolu ilə getdiyini görəndə, ürəyimdə belə arzu doğurdu: yaşamaqdan ölmək yaxşıdır». Rahib: «Oğlum, – dedi, – bu, müqəd-dəs qəzəbdir, bundan ötrü səni günahkar hesab etmərəm. Amma, bəlkə, qəzəb səni adam öldürməyə, birisini təhqir etməyə, bir başqa-sını incitməyə vadar etmişdir?» Ser Çappelletto buna etiraz etdi: «Aman allah, siz gərək ki, müqəddəs adamsınız, amma belə şeylər danışırsınız! Sizin adını çəkdiyiniz bu şeylərdən bircəsini eləmək heç mənim ağlıma da gəlməmişdir, belə olmasaydı, allah uzun zaman məni öz pənahında saxlardımı? Belə şeyləri ancaq quldurlar, xəbis adamlar eləyə bilər. Mən hər dəfə təsadüfən belə adamlardan birini görəndə deyərdim: «Çıx get, qoy allah səni düz yola gətirsin!» Rahib bunu eşidəndə dedi: «Oğlum, allah sənə nicat versin, de görüm, bir adamın üzünə yalandan şahid durmusanmı, qeybət eləmisənmi, özgənin malını zorla əlindən almısanmı?» – «Bəli, messere, mən özgəsinin qeybətini eləmişəm. Mənim bir qonşum vardı, heç nəyin üstündə tez-tez arvadını döyərdi. Bir gün mən arvadın qohumlarına bu adam haqqında qeybət elədim, arvada mənim çox yazığım gəlirdi: o adam hər dəfə içib sərxoş olanda arvadını allah bilir necə kötəklərdi». Rahib sözünə davam etdi: «Yaxşı, sən bayaq dedin ki, tacir olmusan, bir adamı aldadıb eləməmisən ki? – Axı tacirlər aldadırlar.» Ser Çappelletto ona belə cavab verdi: «Bu barədə təqsirkaram, ancaq bilmirəm kimi aldatmışam. Birisi satdığım mahudun pulunu gətirmişdi, mən də pulu saymamış daxıla qoydum. Bir aydan sonra gördüm ki, orada lazım olandan artıq dörd xırda pul vardı. O adamı görmədiyim üçün pulu bir il saxladım, onu sahibinə qaytarmaq istəyirdim. Sonra onun pulunu allah yolunda payladım». Rahib dedi ki: «Bunun elə bir əhəmiyyəti yoxdur, pulu paylamaqda sən yaxşı iş görmüsən». Müqəddəs ata ondan daha çox şeylər soruşdu, o da hamısına belə cavablar verdi. Rahib onunla işini qurtarmaq istəyirdi ki, ser Çappelletto dedi: «Messere, mənim bir günahım da var, bunu sizə söyləməmişəm». Rahib soruşdu ki: «Nədir?» O da cavab verdi ki: «Yadımdadır, bir gün mən, bazar gününə lazım olan hörməti yaddan çıxarıb, şənbə günü, saat doqquzdan sonra qulluqçuya dedim ki, evi süpürsün». Rahib dedi: «Oğlum, bunun elə bir əhəmiyyəti yoxdur». Ser Çappelletto dedi: «Yox, bunun elə bir əhəmiyyəti yoxdur deməyin, çünki bizim allahımız bu gün dirilmişdir». Onda rahib dedi: «Sən daha bir iş tutmamısan ki?» Ser Çappelletto: «Bəli, messere, tutmuşam, – deyə cavab verdi. – Bir gün fikrim özümdə olmayıb, allahın kilsəsinə tüpürmüşəm». Rahib gülümsədi: «Oğlum, bundan ötrü narahat olmaq lazım deyil, biz rahiblər hər gün ora tüpürürük». Ser Çappelletto: «Çox pis də iş tutursunuz, – dedi, – müqəddəs məbədi xüsusilə təmiz saxlamaq lazımdır, çünki orada allaha nəzir gətirirlər». Sözün qısası, belə şeylərdən rahibə çox danışdı, axırda da ah çəkməyə, dərdli-dərdli ağlamağa başladı, – o istədiyi vaxt bunu çox gözəl eləyə bilirdi. Müqəddəs ata soruşdu: «Oğlum, sənə nə oldu?» Ser Çappelletto belə cavab verdi: «Kül mənim başıma, messere, mənim bir günahım qalıb, bu barədə heç tövbə eləməmişəm, çünki bunu söyləməyə çox xəcalət çəkirəm, yadıma düşəndə həmişə ağlayıram, necə ki, özünüz görürsünüz. Mənə elə gəlir ki, bu günah üstündə allah mənə rəhm etməyəcək». Rahib dedi: «Oğlum, sən nə danışırsan? İnsanların bütün günahı, ya da qiyamət qopana qədər edəcəkləri bütün günahlar bir adamın simasında toplansaydı, o adam da sənin kimi peşman olub tövbə etsəydi, – allahın şəfqəti, mərhəməti o qədər böyükdür ki, – o adam bunları etiraf etsəydi, allah öz mərhəməti üzündən bu günahların hamısını bağışlardı. Buna görə də qorxma, de». Lakin ser Cappelletto hələ də hönkür-hönkür ağlayırdı: «Ata, əfsus ki, mənim günahım çox böyükdür, sizin duanız kömək etməsə, allahın bunu bağışlayacağına çətin inanıram». Rahib: «Qorxma, söylə, – dedi, – səndən ötrü allaha dua edəcəyimə söz verirəm». Ser Çappelletto elə hey ağlayırdı, heç bir şey demirdi, rahib da ona öyüd-nəsihət verirdi. Ser Çappelletto hönkür-hönkür çox ağladı, rahibi intizarda qoydu, axırda dərindən ah çəkib dedi: «Ata, siz ki məndən ötrü allaha dua edəcəyinizə söz verirsiniz, onda bu günahımı açıb sizə deyim: bilirsinizmi, mən balaca uşaq olanda bir gün anamı söymüşəm!» Bunu deyib, o yenə də hönkürtü ilə ağladı. Rahib: «Oğlum, – dedi, – belə günah sənə dəhşətli görünür? İnsanlar bütün günü küfrbazlıq edirlər, allah da öz küfrbazlığında tövbə edənləri məmnuniyyətlə bağışlayır, elə güman edirsən ki, o səni bağışlamayacaq? Ağlama, sakit ol; səni əmin edirəm: əgər allahı çarmıxa çəkənlərdən biri sən olsaydın, o səni bağışlardı, çünki, görürəm, tutduğun işdən sən nə qədər peşmansan». Ser Çappelletto dedi: «Ata, təəssüf ki, bunu siz deyirsiniz! Mənim əziz anam məni doqquz ay gecə-gündüz öz bətnində saxlamışdır, qucağında da yüz dəfədən artıq gəzdirmişdir. Anamı söyməklə pis iş tutmuşam, bu, çox böyük günahdır! Siz məndən ötrü allaha dua etməsəniz, o mənim günahımdan keçməyəcək». Rahib ser Çappellettonun deməyə daha sözü qalmadığını görüb, onu müqəddəs bir adam hesab edərək, xeyir-dua verdi, çünki o, ser Çappellettonun söylədiklərinin doğru olduğuna tamamilə inanırdı. Ölüm ayağında olan bir adamdan belə sözləri eşidəndə kim inanmazdı? Rahib axırda dedi: «Ser Çappelletto, allahın köməyi ilə siz tezliklə sağalacaqsınız, amma birdən, işdir, allah sizin xeyir-dua almış, hazırlanmış ruhunuzu öz yanına çağırsa, onda bizim monastırda dəfn olunmağınızı düzgün hesab etməzsinizmi?» Ser Çappelletto ona cavab verdi ki: Bəli, messere, mən də ayrı yerdə dəfn olunmağımı arzu etməzdim, siz də axı məndən ötrü dua edəcəyinizə söz vermisiniz, hələ burasını demirəm ki, mən həmişə sizin cəmiyyətə xüsusilə sədaqətli olmuşam, Buna görə də, sizdən xahiş edirəm, qayıdan kimi sərəncam verin, hər səhər mehrabdan təqdis etdiyiniz İnsanın öz vücudundan mənə təbərrük gətirsinlər. Mən buna layiq olmasam da, sizin icazənizlə arzu edirəm ki, mənim üzərimdə kilsə mərasimi icra edilsin, sonra da müqəddəs yağsürtmə ayininə layiq görülüm, qoy günah içində yaşadıqdan sonra heç olmasa bir xristian kimi ölüm». Müqəddəs rahib buna fərəhlə razı oldu, ser Çappelletto onu belə niyyətdə olmasına görə təriflədi, sonra da dedi ki, gedən kimi sərəncam verərəm, bunun hamısını edərlər. Belə də elədilər.

Florensiyata qardaşlar şübhələnmişdilər ki, birdən ser Çappelletto onları aldadar, buna görə xəstənin yatdığı otağın arakəsməsi dalında gizlicə qulaq asmağa başladılar: buradan ser Çappellettonun rahibə söylədiyi sözləri yaxşı eşitmək və anlamaq olardı. Onlar ser Çappel-lettonun öz günahlarını necə etiraf etdiyini eşidəndə az qalırdı qəhqəhə ilə gülsünlər. Bir-birinə deyirdilər: «Belə də adam olar? Nə qocalıq, nə xəstəlik, nə ölüm, nə allah qorxusu, heç bir şey onu öz günahlarından, yaşadığı kimi də ölmək istəməsindən ayıra bilmədi, axı o, vur-tut bir saatdan sonra allahın məhkəməsi qarşısında duracaqdı!» Monastırda basdırılacağını eşidəndə daha onun fikrini çəkmədilər. Bundan az sonra ser Çappelletto üçün kilsə mərasimi, sonra da, halı lap xarablaşanda, bədəninə müqəddəs yağsürtmə ayini icra edildi. O öz günahlarını nümunəvi surətdə etiraf etdiyi gündə, axşamdan bir az keçəndən sonra öldü. Florensiyalı qardaşlar mərhumun öz pulu ilə ona layiq dəfn hazırlığı gördülər, bütün lazım olan şeyləri düzəltdilər, adam göndərdilər ki, rahiblər, adət üzrə, axşam gəlsinlər, bütün gecəni yatmayıb, dua eləsinlər, səhər də dəfndə olsunlar. Ser Çappellettonun öz günahlarını etiraf etdiyi mömin rahib onun öldüyünü eşidib monastır başçısı ilə danışdı, zəngləri çaldırdı, monastırın bütün rahiblərinı yığdı, ser Çappel-lettonun, etdiyi etirafa görə, necə müqəddəs adam olduğunu onlara danışdı, ser Çappellettonun müqəddəsliyi naminə allahın çoxlu möcüzə göstərəcəyinə ümid etdiyini söylədi, onun cənazəsini lazımi şərəf və ixlaskarlıqla götürməyin vacibliyini rahiblərə başa saldı. Kilsə başçısı və sadəlövh rahiblər buna razı oldular. Axşam ser Çappellettonun meyiti olan yerə getdilər, bütün geçəni təntənəli ölü duası oxudular, səhər də, ayinlərində cübbə və hərmani, əllərində kitab və xaç, dua oxuya-oxuya cənazənin ardınca getdilər, böyük hörmət və təntənə ilə onu kilsəyə apardılar. Şəhər əhalisi də, – kişilər və qadınlar, – onların ardınca gedirdi. Cənazəni kilsəyə qoyanda, ser Çappellettonun öz günahlarını etiraf etdiyi müqəddəs ata mehrabın qabağında durub, ser Çappellettonun həyatından qəribə şeylər danışdı, onun pəhriz saxlamasından, bakirliyindən, sadəliyindən, məsumluğundan, müqəddəsliyindən vəz etməyə başladı, eyni zamanda dedi ki, ser Çappelletto tövbə edə-edə, göz yaşı tökə-tökə ən böyük günahının nədən ibarət olduğunu etiraf etdi, mən də güclə onu başa saldım ki, allah onun günahını bağışlar. Sonra müqəddəs ata onu dinləyənlərə müraciət edərək, məzəmmətlə dedi: «Amma siz allahın lənətinə gəlmişlər, allahı, onun anasını və bütün cənnət mələklərini heç nə üstündə pisləyirsiniz!» O, ser Çappellettonun yaxşı və təmizqəlbli bir adam olmasından daha çox şeylər danışdı. Kənd camaatı onun sözlərinə tamamilə inanırdı, o öz moizəsi ilə ora yığışan adamların başını elə ixlaskarlıq fikirləri ilə doldurdu ki, dua mərasimi qurtaran kimi hamı dəhşətli halda bir-birini basa-basa meyitin üstünə cumub, onun əllərini, ayaqlarını öpməyə başladı; əynindəki paltarını tikə-tikə eləyib götürdülər; kimin əlinə paltarın xırdaca bir parçası keçmişdisə, o özünü xoşbəxt sayırdı, hamının onu öz gözü ilə görməsi, ona baxması üçün cənazəni bütün günü elə o vəziyyətdə saxlamalı oldular. Qaranlıq düşəndən sonra onu təkiyələrdən birində, mərmər məqbərədə ehtişamla dəfn etdilər. Ertəsi gün camaat yavaş-yavaş ora gəlməyə, şam qoymağa, ibadət etməyə, nəzir deməyə, arzularının yerinə yetirilməsi üçün mumdan qayırılmış şeylər asmağa başladı. Onun müqəddəsliyi haqqında söz-söhbət hər yerə yayıldı, müsibətə düşən bir adam daha başqa müqəddəs şəxslərin deyil, onun üstünə gəlirdi. Ona San Ciappelletto adı verdilər. İddia edirdilər ki, allah onun xatiri üçün möcüzələr yaratmışdır, ixlaskarlıqla onun yanına gələnlər üçün də hər gün möcüzə göstərir.

Bax, pratolu ser Çappelletto belə yaşamış, belə də ölmüşdür, necə ki siz eşitdiniz, elə də müqəddəs olmuşdur. Mən onun allah qarşı-sında xoşbəxt ola bilməsi və buna layiq görülməsi imkanını inkar etmirəm, çünki o, cinayətkar və yaramaz bir həyat keçirmiş olsa da, axırda elə tövbə etmişdir ki, bəlkə allahın ona rəhmi gəlmiş, onu öz cənnətinə qəbul etmişdir. Ancaq bu bizim üçün sirdir. Gözümüzlə gördüklərimizi nəzərə alanda, mən iddia edirəm ki, o, gərək cənnətə getməyəydi, lənətə gəlib iblisin caynağına düşəydi. Bu məsələdə biz, allahın bizə olan böyük mərhəmətini dərk edə bilərik, çünki allah bizim səhvlərimizi deyil, etiqadımızın təmizliyini nəzərə alır, dost sandığımız düşmənini onun mərhəməti qarşısında vasitəçi etsək də, bizi gözdən qoymur, sanki bizim götürdüyümüz bu vasitəçi həqi-qətən müqəddəs adamdır. Buna görə, onun mərhəmətinin bizi bu şən cəmiyyətdə indiki müsibət içində sağ-salamat saxlaması üçün ona şükürlər edək, çünki onun naminə biz bura yığışmışıq; ona pərəstiş edək, öz ehtiyaclarımızı ona həvalə edək, möhkəm əmin olaq ki, o bizim sözümüzü eşidəcəkdir. – Pamfilo bunu deyib susdu.

Dekameron

Подняться наверх