Читать книгу Dekameron - Джованни Боккаччо - Страница 3

BİRİNCİ GÜN

Оглавление

Dekameronun birinci günü başlanır; müəllif bu adamların nə məqsədlə bir yerə yığışıb söhbət etdiklərini söylədikdən sonra onlar, Pampineyanın başçılığı altında, nə danışacaqlarını bu gün müzakirə edirlər

Əziz xanımlar, mən hər dəfə sizin təbiətcə çox rəhmli olduğunuzu düşünəndə bu qərara gəlirəm ki, bu əsərin müqəddiməsi sizə ağır və iztirablı görünəcəkdir, çünki onun qismətinə düşən – keçmişdə baş verən, görənləri, eşidənləri kədərləndirən taun xəstəliyinin müsibətli xatirələridir. Mən bununla sizi əsəri oxumaqdan çəkindirmək istəmirəm, elə zənn etməyin ki, sonralar da siz iniltilər, göz yaşı içərisindən keçib gedəcəksiniz. Bu dəhşətli başlanğıc sizin üçün, səyyahların qarşısına çıxan sıldırım dağ kimi olacaqdır; dağın dalında füsunkar, gözəl bir tala vardır; dağa çıxmaq, dağdan enmək nə qədər çətin olsa, tala da onların bir o qədər xoşuna gələcəkdir. İfrat şadlığın ardınca kədər gəldiyi kimi, müsibət də sevincin gəlməsi ilə qurtarır, qısa qəmginlikdən (qısa deyirəm, çünki o az sözdə ifadə olunmuşdur) sonra həzz və nəşə başlanır, bunu mən sizə əvvəlcədən vəd etmişdim, belə bir müqəddimədən sonra, əgər xəbərdarlıq etmə-səydim, bunun ola biləcəyini heç kəs gözləməzdi. Düzünü deyim ki, sizi sıldırım cığırlar deyil, başqa yol ilə arzu etdiyim məqsədə layi-qincə gətirib çıxara bilsəydim, məmnuniyyətlə belə də edərdim; lakin o xatirələrə toxunmamaq, sonra oxuyacağınız hadisələrin niyə baş verdiyini, bunun səbəblərini izah etməmək mümkün deyildir, ancaq belə bir izahatdan sonra, sanki zərurət qarşısında qalaraq, yazmağa başlayıram.

Bəli, deməliyəm ki, allah oğlunun insan şəklini aldığı o fəzilətli gündən 1348 il keçəndən sonra, İtaliya şəhərlərinin ən qəşəngi olan şanlı Florensiyaya dəhşətli taun xəstəliyi düşdü. Ulduzların təsiri nəticəsindənmi, ya bizim günahlarımıza görə allahın öz bəndələrinə ədalətli qəzəbi tutduğundanmı, – bundan bir neçə il əvvəl bu xəstəlik şərq əyalətlərində baş vermişdi, o əyalətləri hədsiz-hesabsız adamdan məhrum etdikdən sonra, dayanmadan bir yerdən başqa yerə hərəkət etmiş, dəhşətli halda yayılaraq, gəlib qərbə də çatmışdır. Nə insanla-rın hikmətli tədbirləri, nə ehtiyat üçün görülən sərəncamlar onun qabağını ala bilməmişdir. Bunun üçün xüsusi olaraq təyin edilən adamlar şəhəri zir-zibildən, çirkabdan təmizləmiş, xəstələrin bir yerdən başqa yerə aparılması qadağan edilmiş, insanların səhhətini qorumaq üçün təlimatlar nəşr edilmişdi. Mömin adamların düzəltdiyi dini mərasimlərin və ya başqa yollarla bir neçə dəfə təkrar etdikləri duaların da köməyi olmadı. Təxminən həmin il yaz girəndə xəstəlik dəhşətli və əcaib bir şəkildə öz acınacaqlı təsirini göstərməyə başladı. Şərqdə belə idi ki, burundan qan açılmaq o adamın mütləq öləcəyini göstərirdi. Burada xəstəlik başlananda kişinin və qadının qasığında, ya qoltuğunun altında şiş əmələ gəlirdi; şiş artaraq, – bəzilərində bir az böyük, bəzilərində bir az kiçik olsa da, – alma ya yumurtadan böyük olmurdu; camaat ona gavoccioli (taun şişi) deyirdi. Az vaxtda bu ölüm şişi bədənin başqa yerlərində də görünürdü; sonra xəstəliyin əlaməti dəyişir, bədəndə qara, qara-qırmızı ləgələr əmələ gəlirdi; belə ləgələr çoxlarının qolunda, ombasında, bədəninin başqa yerində nəzərə çarpırdı; bunlar bəzilərində iri və az, bəzilərində xırda və çox olurdu. Şiş də, ləgələr də başlanğıc dövründə, sonra da adamın tez-liklə öləcəyini göstərirdi. Bu xəstəliyə qarşı nə həkimlərin məsləhəti, nə dərmanlar kömək edə bilir, nə də onların bir faydası olurdu, xəstəliyin xüsusiyyətimi belə idi, ya həkimlərmi nadandı (çünki oxumuş həkimlərdən başqa, tibb elmindən xəbəri olmayan, özünü həkim adlandıran çoxlu kişi və qadın meydana gəlmişdi), hər nədənsə, xəstəliyin səbəbi aydın olmadı, buna görə də lazımi dərman tapılmadı: xəstəliyə tutulanlardan çox az adam sağalırdı, qalanları söylədiyimiz nişanələr görünəndən iki gün sonra, bəziləri bir az tez, bəziləri də bir az gec ölürdü; çoxusu nə titrədirdi, nə də onlarda başqa bir əlamət nəzərə çarpırdı. Taun daha çox ona görə yayılırdı ki, sağlam, adamlar xəstələrlə ünsiyyət etdikdə – quru ya yağlı bir şeyi oda yaxın tutduqda alışan kimi, – xəstəlik də onlara keçirdi. Müsi-bətin dəhşəti daha çox burasında idi ki, xəstəlik sağlam adamlara ancaq söhbətlə, ya ünsiyyətlə keçməklə ölümün artmasına səbəb olmurdu; xəstənin toxunduğu ya istifadə etdiyi paltarına, ya başqa şeylərinə sağlam bir adam toxunsaydı, xəstəlik ona da yoluxurdu. Mən bir şey söyləyəcəyəm, bu çox qəribə görünəcəkdir: onu bir çoxları kimi mən də gözümlə görməsəydim, hətta mötəbər bir adamdan eşitsəydim belə o barədə bir şey yazmazdım. Ona heç inanmazdım da. Taunun yoluxması elə idi ki, bu, ancaq adamdan adama keçmirdi; çox vaxt belə şeylər də görmüşdülər; bu xəstəliyə tutulan, ya ondan elən adamın əşyasına insan cinsindən olmayan başqa canlılar toxunduqda, onlar da xəstələnir, az vaxtda ölürdülər. Bunu mən, yuxarıda dediyim kimi, öz gözümlə görüb yəqin etdim: taundan ölən bir yoxsulun cır-cındırı küçəyə atılmışdı; iki donuz təsadüfən ora gəldi, bu cır-cındırı, öz adətlərincə, əvvəl burunları ilə eşələməyə, sonra dişləri ilə didməyə, ağızlarına alıb silkələməyə başladılar; az sonra, zəhərli bir şey yemiş kimi, başları bir az gicəldi, elə oradaca o məşum cır-cındırın üstünə yıxılıb öldülər.

Belə və buna oxşar, bundan da dəhşətli hadisələr sağ qalanlarda qorxu və fantaziya əmələ gətirmişdi, Onlar amansız bir məqsədə doğru meyl edirdilər; xəstələrə yaxın durmurdular, onlarla ünsiyyət etmirdilər, əşyalarına toxunmurdular, bununla da xəstəlikdən qorunacaqlarını zənn edirdilər. Bəziləri elə güman edirdi ki, mötədil bir həyat keçirmək, israfçılıqdan çəkinmək bu fəlakətlə mübarizədə adama çox kömək edir; onlar dəstə-dəstə yığışaraq, xəstə olmayan evlərdə gizlənir, qapıları bağlayaraq, başqalarından kənarda yaşa-yırdılar, bu, onların özü üçün daha əlverişli idi. Onlar çox qənaətlə gözəl yeməklər ye-yir, çox qənaətlə də yaxşı şərab içirdilər, israfçılığa yol vermirdilər, heç kəsi özləri ilə danışmağa qoymur-dular, kənardan xəbər tutmaq, ölənlər ya xəstələnənlər haqqında heç bir şey bilmək istəmirdilər, vaxtlarını mümkün qədər musiqi ilə, zövq almaqla keçirirdilər. Bəziləri də tamam başqa fikirdə idi; onlar deyirdilər ki, çox içmək, çoxlu kef çəkmək, nəğmə oxuya-oxuya, zarafatlaşa-zarafatlaşa gəzmək, baş verən hər şeyi lağa qoyub gülmək bu xəstəliyin ən yaxşı dərmanıdır. Dediklərini də bacar-dıqları qədər yerinə yetirirdilər, gecə-gündüz bir meyxanadan başqasına gedir, hədsiz-hesabsız şərab içirdilər; eşitsəydilər ki, bir evdə onların zövqünə, kefinə uyğun şey var, çox vaxt içki məclis-lərini belə evlərdə keçirərdilər. Bunu etmək onlar üçün asan idi, çünki hamı özünü, həm do əmlakını başlı-başına buraxmışdı, sanki onlar daha yaşamayacaqdılar; buna görə də evlərin çoxu hamının malı olmuşdu, kənar bir adam bu evə girsəydi, ondan ev sahibi kimi istifadə edərdi heyvani meylli bu adamlar xəstələrə mümkün qədər yaxın durmurdular. Şəhərimizin bu acınacaqlı, müsibətli vaxtında həm din qanunları, həm də insanların qoyduğu qanunlar hörmətdən və nüfuzdan düşmüşdü, yox olmuşdu, çünki bu qanunlara xidmət edən, onları yerinə yetirən adamlar, başqaları kimi, ya ölmüşdülər, ya xəstə idilər, ya da onların elə az xidmətçisi qalmışdı ki, onlar öz vəzifələrini yerinə yetirə bilmirdilər; buna görə də kimin ağlına nə gəlirdisə, onu da edirdi.

Çoxları yuxarıda dediyim kimi hərəkət etmirdilər, orta bir yol tuturdular: nə birincilər kimi yeməklərini məhdudlaşdırır, nə də ikincilər kimi içkidə və başqa şeylərdə hüduddan kənara çıxırdılar, bu şeylərdən qaydasınca, ehtiyaclarına görə istifadə edirdilər, evlərə girib qapıları bağlamırdılar; bəziləri əlində çiçək, bəziləri xoş qoxulu ot, bəziləri də ətirli şey tutub gə-zirdilər, beyinlərini belə gözəl qoxularla təravətləndirməyi faydalı hesab edirdilər, çünki hava meyitlərin, xəstələrin, dərmanların qoxusundan zəhərlənmişdi, həm də üfunətli görünürdü. Bəziləri də daha amansız hərəkət edirdilər, deyirdilər ki, bu yoluxucu xəstəliyin qabağından qaçmaqdan yaxşı əlac yoxdur, Bəlkə də onlar daha düzgün düşünürdülər. Bir çox kişi və qadın bu fikrə əsaslanaraq, heç bir şeyin qeydinə qalmayaraq, öz şəhərini, evini, yurdunu, qohum-əqrəbasını, əmlakını atıb şəhərin kənarına, özgəsinin, ya da özünün mülkünə getdi, sanki o yerlərdə bu günahkar adamlara allahın qəzəbi tutmayacaqdı, onlar taundan xilas olacaqdı, allah öz qəzəbini şəhər divarları içərisində qalanların üzərinə yağdıracaqdı; onlar elə güman edirdilər ki, şəhərdə heç kəs sağ qalmayacaq, hamı məhv olub gedəcək…

Müxtəlif fikirlərə düşən bu adamların hamısı ölmürdü, sağ da qalmırdı: hər dəstədən hər yerdə çoxlu adam xəstələnirdi; onlar nə qədər ki xəstələnməmişdilər, öz vəziyyətləri ilə sağlam adamlara nümunə kimi görünürdülər, lakin xəstələnəndə hamı onlardan uzaqlaşırdı. hələ bunu demirik ki, bir şəhərli o biri şəhərliyə yaxın durmurdu, qonşu qonşunun qeydinə qalmırdı, qohumlar nadir halda bir-birinin yanına gedirdi, ya heç getmirdi, ya da uzaqdan-uzağa görüşürdü. Fəlakət kişilərin və qadınların qəlbində elə dəhşət əmələ gətirmişdi ki, qardaş qardaşı, əmi qardaş oğlunu, bacı qardaşı, çox vaxt da arvad ərini atırdı; ağlasığmayan şeylər də olurdu; ata-ana öz uşaqlarına dəyməyə getmirdi, onların dərdinə qalmırdı, sanki bu uşaqlar onlarınkı deyildi. Xəstələnən kişilərə və qadınlara, – bunların da sayı-hesabı yox idi, – ancaq dostları rəhm edib kömək göstərirdi (beləsi də çox az idi); ya da onlara, böyük maaşla cəlb edilmiş, öz xeyirlərini güdən xidmətçilər baxırdı; belələri də get-gedə azalırdı. Bu xidmətçilər xəstəyə baxmağa vərdiş etməmiş kobud adamlardı, özləri də ancaq onu bacarırdılar ki, tələb olunan şeyi xəstəyə ver-sinlər, bir də ki, xəstə ölürkən yanında olsunlar. Onlar bu xidməti yerinə yetirərkən çox vaxt maaşları ilə bərabər, həyatdan da məhrum olurdular. Xəstələrə qonşuları, qohum-əqrəbası, dostları yaxın durmadığından, xidmətçilər də az olduğundan, bu vaxta qədər heç görünməmiş bir adət əmələ gəlmişdi: əsli-nəcabəti olan gözəl xanımlar xəstələnəndə kişilərin qulluğundan çəkinmirdilər, belə qadınlar, xəstəliyin tələbinə görə, bədənlərinin hər yerini ancaq qadınların qarşısında açmaq mümkün olduğu halda, heç utanmadan, bu cavan ya qoca kişilərin qabağında da açırdılar, xəstəlikdən sağalan bu xanımlarda sonralar ismətin az olması da bəlkə bundandı. Bir çoxları da kömək görmədiyi üçün ölürdü, onlara baxan olsaydı, bəlkə də sağ qalardılar. Bu şeylərin nəticəsində, həm də xəstələrə kifayət qədər baxılmadığından, yoluxmanın şiddətindən şəhərdə gecə-gündüz ölənlərin sayı elə çox olurdu ki, bunu heç görmək deyil, elə bircə eşitmək adamı dəhşətə salırdı. Buna görə, sağ qalan şəhər camaatı arasında, sanki məcburiyyət üzündən, əvvəlki adətlərin ziddinə olaraq, bəzi adətlər meydana gəldi. Əvvəllər belə bir adət vardı, bunu indi də görürük: ölən adamın evinə onun qadın qohum-ları, qonşu qadınlar yığışar, mərhuma daha yaxın olan qadınlarla bərabər ağlardılar. Bir tərəfdən də mərhumun evinə onun kişi qohumları, kişi qonşuları, şəhər camaatı və ölən adamın vəziyyətinə görə, rühanilər gələrdi. Yaşıdları onun cənazəsini çiyinlərinə alıb, dəfn məra-simi ilə, dua oxuya-oxuya, şamla mərhumun sağlığında seçdiyi kilsəyə aparardılar. Taun artanda bu şeylərin hamısı, ya çoxusu unuduldu, bunun yerinə yeni qaydalar gəldi. İndi adam keçinəndə çoxlu qadın yığışmırdı, çox vaxt da adam şahidsiz ölürdü. Çox az adam üçün qohum-əqrəbası ürəkdən yanırdı, dərdli-dərdli göz yaşı tökürdü. Bunun əvəzində gülüş zarafat və ümumi şənlik rəvac tapmışdı: bunu sağlam qadınlar çox gözəl mənimsəmişdi; onların çoxu, qadınlara xas olan mərhəmət hissindən uzaqlaşmışdı. Çox az olurdu ki, cənazəni on-on iki qonşu kilsəyə qədər ötürürdü; bunlar da mötəbər və hörmətli vətəndaşlar deyil, qara camaatdan olan, özlərini bekkin adlandıran, göstərdikləri xidmət üçün muzd alan qəbirqazanlar nəsli idi; onlar cənazə götürüləndə gələr, əllərində bir neçə şam ya da şamsız, dörd-beş rühaninin müşaynəti ilə, cəna-zəni tələsə-tələsə, ölən adamın əvvəlcədən seçdiyi kil-sə deyil, çox vaxt yaxınlıqda olan başqa bir kilsəyə aparar, elə həmin bekkinlərin köməyi ilə rast gəldikləri boş qəbrə qoyardılar, rühanilər də özlərini çox uzun, ya təntənəli ölü duası oxumaqla narahat etməzdilər. Qara camaat, bəlkə də orta təbəqənin çox hissəsi daha acınacaqlı vəziy-yətdə idi: ümid ya yoxsulluq çox vaxt onları öz evlərini, qonşularını atıb getməyə qoymurdu; onlar hər gün minlərlə xəstələnirdi, onlara nə baxan, nə də kömək eləyən vardı, elə öz yerlərində ölüb qalırdılar, götürən də olmurdu. Çoxları da küçələrdə gündüz ya gecə ölürdülər. Bəziləri evdə ölsə də, bunu qonşular ancaq çürüyən bədənlərin üfunətindən bilirdilər. Hər yer bu cur ölənlərlə dolu idi. Qonşular ölənlərə acıdıqları kimi, xəstəliyin də yoluxmasından qorxaraq, çox vaxt belə hərəkət edirdilər: onlar ya özləri, ya da hambal tapa bilsələr, hambalların köməyi ilə, meyitləri evdən dartıb çıxarır, qapının qabağına qoyurdular, xüsusilə səhər çağı kim küçədən keçsəydi, hədsiz-hesabsız meyit görərdi. Sonra adamlar təsgörə tapmağa çalışardılar. Bəzən təsgörə çatışmadığından, meyitləri taxta üstünə qoyardı-lar. Çox vaxt bir təsgörədə iki-üç meyit aparardılar. Bəzən bir təsgörəyə ər ilə arvadı, iki-üç qardaşı, ata ilə oğlu qoyar-dılar. Bəzən də elə olurdu ki, iki keşiş, əlində xaç, bir cənazənin qabağında gedəndə, təsgörəçilər iki-üç təsgörəni də daldan gətirər, birinci təsgörəyə qo-şulardılar, bu qayda ilə bir meyiti dəfn etmək fikrində olan keşişlər altı, ya səkkiz, bəzən daha çox meyit basdırar-dılar. Bu zamana göz yaşı tökən, nə şam yandıran, nə də onları müşayiət edən olardı. İş o yerə çatmışdı ki, ölən keçilər haqqında nə qədər düşünürdülərsə, ölən adamlar haqqında da o qədər fikir çəkirdilər. Təcrübə aydın göstərdi ki, nadir halda baş verən xırda itkilər adi vəziyyətdə, hətta ağıllı şəxslərə səbr etməyi öyrədə bilmirsə, böyük müsibətlər dayaz adamları da düşüncəli və laqeyd edir. Yuxarıda dediyimiz kimi, hər gün, hər saat kilsələrə aparılan bu qədər meyit üçün təqdis edilmiş torpaq çatışmadığından, xüsusilə hər kəsin öz ölüsü üçün yer ayırması daha mümkün olmadığından, kilsə yanındakı qəbiristanlıqlar tamam dolduğundan, böyük çuxurlar qazıılır, gətirilən yüzlərlə meyiti, gəmiyə mal yığan kimi, ora yan-yana, üst-üstə qoyurdular, üstünə də, çuxurun qırağına qədər, azca torpaq tökürdülər.

Şəhərdə baş verən bəlanın daha artıq təfsilatına varmadan deməliyəm ki, bu müsibətli zaman bu şəhər üçün ağır olduğu halda, ətraf əyalətə də heç bir şeydə aman vermədi. Qəsrlər hesaba alınmasa (onlar da kiçik şəhərdir), ayrı-ayrı malikanələrdə, çöldə yazıq, zavallı kənd-lilər həkimsiz-davasız, ailələri ilə, gecə-gündüz yollarda, əkin yerlərində, evlərdə insan kimi deyil, heyvan kimi ölürdülər. Heç kəs onların qeydinə qalmırdı. Nəticədə onların da, şəhər camaatı kimi, əxlaqı pözuldu, onlar da daha mal-dövlətlərinin, işlərinin dərdinə qalmadılar; sanki onlar hər gün ölümü gözlədikləri üçün çalışırdılar ki, əllərində olan mal-qaradan, torpaqdan öz əməkləri ilə özlərinə heç bir şey hazırlamasınlar, əldə etdiklərini də hər vasitə ilə məhv etsin-lər. Buna görə də qapılardan qovulan eşşək, qoyun, keçi, toyuq, hətta insana ən sədaqətli heyvan olan it də zəmilərdə başlı-başına dola-şırdı. Zəmilər başlı-başına buraxılmışdı; taxıl yığılmamışdı, heç biçilməmişdi də heyvanlardan çoxunun sanki dərrakəsi vardı; onlar bütün günü doyunca otladıqdan sonra, axşam, qarınları tox, çobansız-naxırsız öz yiyələrinin evinə qayıdırdılar.

Şəhər ətrafındakı əyaləti buraxıb yenə də Florensiyaya qayıtsaq, bundan artıq nə demək olar? Tanrının amansızlığından, ya bəlkə də insanların daşqəlbli olmasından, – qismən taun xəstəliyinin şiddətin-dən, qismən də sağlam adamları bürüyən qorxudan, xəstələrə pis baxıldığından, onların ehtiyacı təmin olunmadığından, – güman edilir ki, Florensiya şəhərinin divarları içərisində mart ilə iyul arasında yüz minə qədər adam ölmüşdür, lakin bu müsibətdən əvvəl, yəqin ki, şəhərdə bu qədər adam yaşadığı heç təsəvvür edilmirdi. Vaxtilə ağalarla, xanımlarla, nökər-naiblə, qul-qaravaşla dolu olan o böyük saraylar, gözəl imarətlər, möhtəşəm binalar tamam boşaldı, içində bircə qulluqçu da qalmadı! Nə qədər adlı-sanlı nəsillər, zəngin miraslar, şanlı mülklər varissiz qaldı! Nə qədər sağlam kişilər, gözəl qadınlar, qəşəng cavanlar səhər öz ailələri ilə, yoldaşları, dostları ilə nahar edər, ertəsi gün də axirət dünyasında əcdadı ilə şam edərdi – bunlar elə adamlardı ki, Halen, Hippokrat, Eskulap onları ən sağlam adam hesab edərdi.

Bu müsibətdən belə uzun-uzadı bəhs etməkdən mən özüm əzab çəkirəm, buna, görə də bu barədə danışılası başqa şeyləri buraxıb, ayrı mətləbə keçirəm. Belə bir vəziyyətdə bizim şəhərimiz tamamilə boşalmaq- dərəcəsinə çatmışdı; bir gün (bunu sonra mən sədaqətli bir adamdan eşitdim), çərşənbə axşamı, səhərçağı, böyük hörmətə layiq olan Santa Mariya Novella məbədində, o vaxtkı müsibətə görə qara paltar geymiş yeddi xanım, allaha ibadət etdikdən sonra, bir yerə yığışdı, onlar bir-biri ilə ya dost, ya qonşu, ya da qohum idilər, heç birinin də yaşı on səkkizdən az deyildi; hamısı da əsli-nəcabəti olan dərrakəli, xoşxasiyyət, təmkinli, mehriban, gözəl xanımlardı. Mən onları öz adı ilə adlandırardım, lakin əlimdə kifayət qədər əsas olduğundan, bunu etmədim: mən istəmirəm ki, onlar, söylədiyi, ya qulaq asdığı hekayə üçün sonralar utanıb xəcalət çəksinlər, çünki icazə, verilən zövq-səfanın hüdud dairəsi indi o vaxta görə çox kiçikdir. Onda, göstərdiyimiz səbəblərə görə, zövq-səfa məsələsi ancaq o yaşlı qadınlar üçün deyil, daha yetkin qadınlar üçün çox sərbəst idi. Həm də mən istəmirəm ki, adamları həmişə yaxşı həyat keçirməsi üstündə məzəmmət edən pa-xıllar nalayiq danışıqları ilə abırlı qadınların təmiz adını ləkələsinlər. Sonralar onların nələr dediyini başa düşmək, sözlərini bir-birinə qarışdırmamaq üçün hər birinə ad vermək fikrindəyəm, bu ad tamamilə, ya qismən onların xasiyyətinə uyğun olacaqdır. Onlardan birincisinə, yaşca o birilərdən böyük olana – Pampineya, ikincisinə – Fyammetta, üçüncüsünə – Filomena, dördüncüsünə – Yemşşya, beşincisinə – Lauretta, altıncısına – Neifild, yeddincisinə – Yeliza deyəcəyik; sonuncuya Yeliza deməyimizin də bir səbəbi vardır. Onlar müəyyən bir məqsədlə deyil, təsadüfi olaraq kilsənin bir tərəfinə yığışıb, halaylama oturdular, bir neçə dəfə ah çəkdikdən sonra «ya ilahi» duasını ötürüb, hal-hazırda cəmiyyəti maraqlandıran müxtəlif məsələlərdən danışmağa başladılar. Bir qədərdən sonra Pampineya dedi:

– Mənim əziz xanımlarım, yəqin siz də mənim kimi, dəfələrlə eşitmisiniz ki, adamın öz hüququndan ləyaqətlə istifadə etməsi heç kəsə zərər yetirmir. Öz həyatını saxlamaq, qorumaq, mühafizə etmək – dünyaya gələn hər adamın təbii haqqıdır, bu elə həqiqətdir ki, bəzən adam öz həyatını qorumaq üçün təqsiri olmayan başqa bir adamı da öldürmüşdür. Bütün insanların rifahı üçün can yandıran qanunlar buna yol verirsə, onda hamıya, xüsusilə bizə layiq deyilmi ki, heç kəsə zərər yetirmədən ,öz həyatımızı qorumaq üçün əlverişli tədbirlər görək? Mən bizim bu gün səhərki hərəkətimizi, həm də bu günlərdə tutduğunuz işləri düşünəndə, nə barədə və necə söhbət etdi-yimizi fikirləşəndə yəqin edirəm, siz də mənim kimi yəqin edirsiniz ki, bizim hər birimiz özünə bir şey olacağından qorxur. Məni təəccübləndirən bu deyil; məni təəccübləndirən odur ki, biz bir qadın kimi tez mütəəssir olduğumuz halda, qorxduğumuz şeyə qarşı heç bir əks-tədbir axtarmırıq. Mənə elə gəlir ki, biz burada elə bil bir şey üçün yaşayırıq: sanki biz qəbiristanlığa nə qədər meyit aparıldığının şahidi olmaq, ya sayı heç dərəcəsinə enən buradakı rahiblərin müəyyən edilən vaxtda dua oxuyub-oxumadıqlarını eşitmək, öz paltarımızla bura gələn adamlara müsibətimizin keyfiyyətini və kəmiyyətini sübut etmək istəyirik və ya bunu etməyə borcluyuq. Biz buradan çıxanda, meyitlərin və xəstələrin necə aparıldığını, vaxtilə tutduqları pis iş üstündə ictimai qanunlar hakimiyyəti tərəfindən sürgün edilən adamların indi şəhərdə qəzəblə vurnuxduğunu görürük, onlar sanki qanunu ələ salmaq istəyirlər, çünki bu qanunları yerinə yetirən adamların öldüyünü, ya xəstələndiyini bilirlər; görürük ki, şəhərin bekkin deyilən, bizim qanımızı içən tör-töküntü hər yerdə miniklə, ya piyada avara-avara dolaşaraq, bizim əzabımızı artırır, oxuduğu həyasızcasına nəğmələrlə bizi bu müsibət içində məzəmmət edir. Biz ayrı bir şey deyil, ancaq bu sözləri: eşidirik: filankəslər öldülər, filankəslər də ölürlər; biz hər yerdə, – o yerdə ki, adam qalmışdır, – şikayətli ağlayış səsi eşidirik. Evə qayıdanda (bilmirəm sizinlə də belə bir şey olurmu) böyük bir ailədən öz qulluqçumdan başqa ayrı bir adam görmədikdə, bədənim tir-tir əsir, başımın tükləri biz-biz durur, hara getsəm, harada dayansam, onların xəyalı mənim tanıdığım simada deyil, məni vahiməyə salan qorxunc bir şəkildə gözümə görünür; onların nə üçün belə şəklə düşdüyü də məlum deyil. Buna görə mən burada da, başqa yerdə də, evdə də özümü pis hiss edirəm, xüsusilə mənə elə gəlir ki, burada bizdən başqa, bizim kimi, damarlarında qan axan, hazır sığınacaq yeri olan heç kəs qalmamışdır. Mən tez-tez adamlar haqqında (əgər hələ də adam qalıbsa) belə şeylər eşidirdim: onlar abırla abırsızlıq arasında olan fərqə əhəmiyyət verməyərək, ancaq öz ehtiraslarını əsas tutaraq, təklikdə ya cəmiyyət içində gecə-gündüz o şeyləri edirlər ki, bu, onlara daha çox ləzzət verir. Həm də, ancaq sərbəst adamlar deyil, monastırda yaşayanlar da bu fikrə gəlmişlər ki, başqalarının etdiyini onlar da edə bilər, ,bu, onlara da layiqdir, buna görə itaət etmək andını pözaraq, cismani kefə qurşanmışlar, pözğun və əxlaqsız olmuşlar, ümid edirlər ki, bu yol ilə canlarını ölümdən qurtara bilərlər. Əgər vəziyyət belə isə (belə olduğu da göz qabağındadır), onda biz burada nə edirik? Nə gözləyirik? Nəyin arzusundayıq? Niyə biz, şəhərin başqa adamlarına görə, canımıza belə etinasızlıq və laqeydlik göstəririk. Biz özümüzü daha qiymətsizmi hesab edirik, ya da bizim canımız bədənimizə başqalarının canından daha möhkəm zəncirlə bağlanmışdır, bizə zərər yetirə bilən şeylərdən özümüzü qorumağa bizim ehtiyacımız yoxdur? Biz yanılırıq, öz-özümüzü aldadırıq: əgər belə düşünürüksə, bu bizim ağılsız olduğumuzu göstərmirmi? Bunu sübut etmək üçün, o amansız yoluxucu xəstəliyin nə qədər və neçə cavan oğlanlar, qadınlar "apardığını yada salmaq kifayətdir. Biz qorxaqlıq ya qayğısızlıq üzündən düşə biləcəyimiz vəziyyətdən, əgər istəsək, müxtəlif yollarla uzaqlaşa bilərik, buna görə də mən bir şey düşünürəm və bunu yaxşı tədbir hesab edirəm (bilmirəm siz mənim fikrimə şərik olacaqsınızmı): gəlin biz, ölümdən də pis hallardan uzaqlaşmaq üçün necə varıqsa, elə də şəhəri buraxıb, abırla şəhər ətrafındakı malikanələrə gedək, – bizim hər birimizin çoxlu malikanəmiz vardır. Orada heç bir hərəkətlə ağıl dairəsindən kənara çıxmayıb mümkün edə biləcəyimiz əyləncəyə, kefə və şənliyə başlayaq, bunu bizdən əvvəl etmişlər, indi də bir çoxları edirlər. Orada quşlar nəğmə oxuyur, yaşıl dərələr və tənələr, dəniz kimi dalğalanan zəmilər, min cür ağac görünür, səma orada daha aydındır, onun bizə qəzəbi tutsa da, əbədi gözəlliyini bizdən gizlətmir, bunlar bizim şəhərin çılpaq divarlarından çox-çox gözəl-dir. Hava o yerlərdə daha sərindir, belə bir zamanda həyat üçün lazım olan şeylər orada boldur, pis şeylər azdır. Orada kəndlilər şəhər camaatı kimi ölsələr də, xoşa gəlməyən təsirlər az olur, ona görə az olur ki, evlər də, camaat da şəhərdəkinə nisbətən azdır. Bir də ki, biz, əgər yanılmıramsa, heç kəsi atıb getmirik, əksinə, biz özümüzü doğrudan da tərk edilmiş hesab edə bilərik, çünki qohum əqrəba-mızdan ölənlər olmuş, qalanları da ölümdən qorxaraq, bizi fəlakət içində qoyub getmişlər, elə bil ki, biz onlara yadıq. Bu qayda ilə, biz buradan getsək, heç kəs bizi məzəmmət edə bilməz, getməsək, başımıza pis işlər gələ bilər, müsibətə düşərik, bəlkə də lap ölərik. Buna görə siz bu fikri düzgün hesab etsəniz, güman edirəm ki, biz yaxşı və ləyaqətli bir iş tutarıq: qulluqçularımızı çağırarıq, onlara buyruq verərik ki, lazımi şeyləri götürüb, bizim ardımızca gəlsinlər. Şəhərdən gedərik, vaxtımızı bir gün bir yerdə, o biri gün başqa yerdə keçirərik, vaxta görə könlümüz istəyən kimi əylənərik, kef çəkərik; tanrının bu müsibətə necə əncam çəkəcəyini görənə kimi (ölüm bundan tez üstümüzü almasa), bu qayda ilə yaşayarıq. Yaddan çıxarmayın ki, bizim buradan abırla çıxıb getməyimiz, bir çoxlarının burada qalıb nalayiq şəkildə vaxt keçirməsindən çox yaxşıdır.

O biri xanımlar Pampineyanı dinlədikdən sonra onun məsləhətini bəyəndilər, həm də dediklərinə qüvvət vermək üçün necə gedəcəkləri haqqında öz aralarında danışmağa başladılar, elə bil ki, buradan çıxan kimi yola düşəcəkdilər. Lakin çox düşüncəli bir qadın olan Filomena dedi: – Pampineyanın söylədiyi çox yaxşı sözdür, ancaq siz çox tələsirsiniz, belə tələsmək olmaz. Unutmayın ki, biz qadın xeylağıyıq, aramızda elə bir qadın yoxdur ki, o, qadınların ancaq öz ağlı ilə yaşamasının, kişilərin nəzarəti olmadan öz işlərini yoluna qoymasının nə demək olduğunu bilməsin. Biz qadınlar dalaşqanıq, qorxağıq, hər şeyə şübhə edirik; buna görə də mən çox qorxuram ki, özümüzə başqa bir rəhbər götürməsək, bizim bu cəmiyyətimiz çox tez dağılar; bu da bizim şərəfimizə böyük xələl gətirər. Buna görə, işə başlamazdan əvvəl yaxşı fikirləşmək lazımdır.– Yeliza dedi ki, doğrudur, kişi qadının başçısıdır, kişilərin rəhbərliyi olmadan bizim, başladığımız işlər çox az halda yaxşı nəticə verir. Biz axı belə kişini haradan tapaq? Hamımız bilirik ki, bizim qohum-əqrəbanın çoxu ölmüşdür, sağ qalanlar da dəstə-dəstə yığışıb başqa yerlərə qaçırlar, onların harada olduğunu da bilmirik; onlar da bizim qaçdığımız şeydən qaçırlar. Kənar adamı dəvət etmək yaxşı olmaz, buna görə, əgər işimizin yaxşı getməsini istəyiriksə, elə bir yol tapmalıyıq ki, sonra şənlik və dinclik axtardıgımız yerdə biabır olub xəcalət çəkməyək.

Xanımlar bu qayda ilə söhbət edərkən, kilsəyə üç cavan oğlan girdi, bunlardan ən cavanının yaşı iyirmi beşdən az olmazdı; nə zamanın müsibəti, nə dostlarının, ata-analarının, qohumlarının ölümü, nə də ölüm qorxusu onların qəlbində sevgi odunu nəinki söndürməmişdi, bunu heç soyutmamışdı da. Onlardan birinin adı Pamfilo, ikincisinin adı Filostrato, üçüncüsünün də adı Dioneo idi. Onlar şən, güşad və oxumuş adamlardı. İndi isə, belə bir ümumi qarışıqlıq içində, ən böyük təsəlli olaraq, öz sevgililərini axtarırdılar, onları da təsadüfən bu yeddi xanımın içərisində tapdılar. O biri xanımların da bir neçəsi gənclərdən bəzisinin qohumu çıxdı. Xanımlar onları daha əvvəl gördülər, buna görə Pampineya gülümsəyərək dedi: – Tale bu ağıllı və ləyaqətli gəncləri bizim yanımıza göndərməklə, görünür, işimizdə bizə kömək etmək istəyir; onlar bizim rəhbərimiz və xidmətçimiz olar,– əgər biz onları bu vəzifəyə götürməkdən imtina etməsək. – Utandığından Neifilanın üzü qızardı, çünki o, cavanlardan birini sevirdi; dedi ki: – Aman allah, Pampineya, bir fikirləş gör nə deyirsən! Mən yəqin bilirəm ki, onlardan heç birinə yaxşı sözdən başqa ayrı söz demək olmaz, mən onları bundan da böyük işə yararlı hesab edirəm, elə düşünürəm ki, onların məclisi ancaq bizim üçün deyil, bizdən daha gözəl, daha ləyaqətli qızlar üçün xoş və hörmətli bir məclis olardı. Bu qızlardan bəzisini onlar sevirlər, bu, hamıya məlumdur. Qorxuram ki, onları özümüzlə götürsək, nə bizim, nə onların təqsiri olmadan, bizim haqqımızda pis-pis sözlər yayılsın, ya da bizi məzəmmət eləsinlər. – Onda Filomena dedi: – Bunun heç bir əhəmiyyəti yoxdur, biz namusla yaşayaq, heç bir vicdan əzabı çəkməyək, qoy nə deyirlər desinlər, tanrı və həqiqət bizi müdafiə edər. Onlar getməyə razılıq versə, biz doğurdan da, Pampineya kimi, deyə bilərik ki, tale bizə kömək etmək istəyir.

O biri qızlar bu sözləri eşitdikdən sonra sakit oldular. Hamının razılığı ilə bu qərara gəldilər ki, cavan oğlanları çağırıb, öz fikirlərini onlara desinlər, xahiş etsinlər ki, iltifat buyurub onlarla bərabər yola çıxmağa razı olsunlar. Qərardan sonra bircə kəlmə də söz söyləmə-dilər, Pampineya yerindən qalxıb, cavanlara sarı getdi. Cavanlar ayaq üstə durub, onlara baxırdılar. Pampineya oğlanlardan birinin qohumu idi. Cavanları açıq ürəklə salamlayaraq, öz fikrini söylədi, hamının adından xahiş etdi ki, təmiz və qardaşcasına bir niyyətlə onlarla getməkdən imtina etməsinlər. Cavanlar əvvəl elə bildilər ki, onları ələ salırlar, lakin Pampineyanın ciddi danışdığını yəqin etdikdən sonra razı olduqlarını həvəslə bildirdilər, işi ləngitməmək üçün, yola çıxmaqdan ötrü nə edəcəklərini danışıb müəyyən etdilər. Onlar bütün lazım olan şeyləri hazırlamaq buyruğunu verdilər, getmək istədikləri yerə xəbərdarlıq etmək üçün qabaqcadan adam göndərdilər, özləri də ertəsi gün səhər, çərşənbə günü, dan yeri ağaranda, xanımlar bir neçə qulluqçu ilə, üç cavan oğlan da üç xidmətçi ilə şəhərdən çıxıb, yola düşdülər; iki mildən çox yol getməmiş, əvvəlcə razılaşdıqları və ilk dəfə qalacaqları yerə gəlib çatdılar. Bu yer yoldan bir az kənarda, kiçik bir tənənin üstündə idi və ürəkaçan yaşıl kollarla, bitkilərlə dolu idi. Tənənin başında gözəl bir imarət yüksəlirdi. Onun qəşəng salonları, otaqları, açıq eyvanları, böyük və gözəl həyəti vardı, gözəl şəkillərlə zinətləndirilmiş bu salonlar və otaqlar həm ayrılıqda, həm də ümumilikdə çox qəşəngdi. Hər tərəfdə talalar, gözəl bağlar, sərin sulu quyular, yaxşı şərabla dolu zirzəmilər vardı. Şərablar mötədil va təvazökar həyat keçirən xanımlardan daha çox, şərabdan başı çıxan kişilərə yaraşırdı. Xanımlar və cavan oğlanlar gəlib hər yeri təmiz gördülər, bu onların çox xoşuna gəldi. Yataqlar hazırlanmışdı, hər tərəfə, ilin bu vaxtında bitən çiçək və qamış döşənmişdi. Hamı gəlib oturandan sonra, guşadlığı və məzəli danışığı ilə başqalarından fərqlənən Dioneo xanımlara dedi: – Bizim hamımızı bura biz kişi-lərin zirəkliyindən daha çox, sizin ağlınız gətirmişdir. Bilmirəm siz öz fikirlərinizdə nə edəcəkdiniz, mən isə öz fikirlərimi, bir qədər əvvəl sizinlə bərabər şəhərdən çıxanda, şəhər qapılarının o tərəfində qoydum. Buna görə ya mənimlə bərabər şənlik etməyə, qəhqəhə ilə gülməyə, nəğmə oxumağa hazırlaşın (əlbəttə, sizə layiq olan şəkildə), ya da məni buraxın, bədbəxtlik üz verən şəhərə, öz fikirlərimin yanına gedim. – Pampineya da gülə-gülə ona dedi, – sanki o da fikirlərini özündən rədd etmişdi: – Dioneo, sən çox gözəl dedin; biz günlərimizi şən keçirəcəyik, biz başqa səbəbə görə qəm-qüssədən qaçıb bura gəlməmişik. Mənim başladığım söhbət nəticəsində belə xoş bir məclis düzəldi, lakin hədd-hüdud bilməyən şeylərin ömrü az olduğundan, mən istərdim ki, bizim şənliyimiz uzun zaman davam etsin, buna görə, zənnimcə, biz mütləq bir şeylə razı-laşmalıyıq: aramızda bir nəfər başçı olmalıdır, biz ona, bir rəis kimi, hörmət etməliyik, onun sözünə qulaq asmalıyıq, onun da bütün fikri, ancaq bizim şən yaşamağımıza doğru yönəldilməlidir. Lakin bu işin həm yükünü, həm də hörmətin ləzzətini duymaq üçün, seçilən adama da heç kəsin həsəd aparmaması üçün, elə güman edirəm ki, bizim hər birimiz, növbə ilə, hər gün, bu yükü, həm də şərəfi öz üzərinə götür-məlidir. Birinci başçı qoy bizim hamımız tərəfindən seçilsin; o birilər, axşam yaxınlaşanda, o gün başçılıq edən adamın mülahizəsi ilə təyin edilməlidir. Təyin edilən adam hər şeyi düzəldib yoluna qoymalı, başçı olduğu gündə bizim qalacağımız yeri, dolanacağımızı özü istədiyi kimi müəyyənləşdirməlidir.

Pampineyanın bu sözü hamının son dərəcə xoşuna gəldi, o, bir səslə, ilk gün üçün sədr seçildi. Filomena söhbət zamanı bir neçə dəfə eşitmişdi ki, dəfnə ağacı yarpaqları hörmət əlamətidir, kim ona layiq görülsə, böyük şərəfdir; buna görə tez dəfnə ağacına sarı yüyürdü, bir neçə xırdaca budaq qoparıb, gözəl bir çələng hördü, gətirib Pampineyanın başına qoydu. O vaxtdan, bu on adamın məclisi davam edənə qədər bu çələng hər gün kral hakimiyyəti, başçılıq əlaməti oldu.

Pampineya kraliça olduqdan sonra hamının susmasını tələb etdi, üç cavan oğlanın xidmətçilərini, özünün də dörd qulluqçusunu çağırtdırdı, ümumi sakitlik içində dedi: – Bizim cəmiyyətin nizam-intizam və zövq-səfa məsələsində necə müvəffəqiyyət əldə edib abırla yaşaması, arzu etdiyimiz qədər davam etməsi üçün ilk dəfə, sizə nümunə olaraq, bu tədbiri görürəm: birinci, Dioneonun xidmət-çisi Parmenonu yavər təyin edirəm, nökər-naiblə, yemak işləri ilə o məşğul olmalıdır. Pamfilonun xidmətçisi Siris qoy bizim xərclə-rimizə baxsın, xəzinədarımız olsun, Parmenonun əmrini yerinə yetirsin. Tindaro da Filostratonun və o birisi iki oğlanın otaqlarına baxmalıdır, bu da o zaman olmalıdır ki, onun yoldaşları öz vəzifələ-rini yerinə yetirdiklərindən, bu işlə məşğul ola bilməyəcəklər. Mənim qulluqçum Miziya və Filomenanın qulluqçusu Liçiska həmişə mətbəx işi görəcək, Parmenonun tapşırdığı xörəkləri diqqətlə hazırlayacaqlar. Lauretta ilə Fyammettanın qulluqçuları Kimera və Stratiliya, mənim əmrimə əsasən, xanımların otaqlarını yığışdıracaq, harada olsaq, oranın təmizliyini gözləyəcək. Ümumiyyətlə, bizə hörmət bəsləyən adamlara bizim belə bir tələbimiz var, onlara öz arzumuzu bildiririk: kim hara getsə, haradan qayıtsa, nə eşitsə, nə görsə, bizə kənardan şad xəbərdən başqa ayrı bir xəbər gətirməsin. – Pampineyanın verdiyi bu qısa əmr hamının xoşuna gəldi. Sonra o ayağa, qalxıb, fərəhlə dedi: – Burada yaxşı bağlar, talalar, gözəl yerlər var; qoy hamı kefi istədiyi kimi gəzib-dolansın, ancaq saat üç olan kimi hər kəs qayıdıb öz yerinə gəlsin, elə olsun ki, sərinkən nahar edə bilək.

Yeni kraliça bu şən cəmiyyəti buraxdıqdan sonra cavanlar və gözəl xanımlar xoş şeylərdən danışa-danışa, qopardıqları budaq-lardan çələng hörə-hörə, ürəkaçan nəğmələr oxuya-oxuya bağda gəzdilər. Kraliçanın müəyyən etdiyi vaxtda evə qayıtdılar, əmin oldular ki, Parmeno doğrudan da öz vəzifəsini can-başla yerinə yetirmişdir, çünki aşağı mərtəbənin salonuna girəndə gördülər ki, stollara ağappaq süfrələr salınmışdır, qədəhlər gümüş kimi parılda-yır, hər yer meşə gavalısı çiçəkləri ilə doludur. Kraliçanın əmri ilə əl yumağa su verdilər, əllərini yuduqdan sonra hamı gedib Parmeno-nun təyin etdiyi yerdə oturdu. Yaxşı hazırlanmış xörəklər, əla şərab gətirdilər. Üç xidmətçi vaxt itirmədən, dinməz-söyləməz süfrə başındakı adamlara qulluq etməyə başladı. Hər şey yaxşı olduğun-dan, səliqə ilə düzəldiyindən, hamı daha artıq nəşələndi; xoş zarafatla, gülə-gülə nahar elədilər. Süfrəni yığışdırdıqdan sonra kraliça buyruq verdi ki, çalğı alətlərini gətirsinlər. Bütün xanımlar və gənclər oynaya bilirdi, bəziləri də çalmağı, oxumağı bacarırdı. Kraliçanın əmri ilə Dioneo rubabı, Fyammetta violanı götürdü, yaxşı bir oyun havası çaldılar. Kraliça qulluqçuları nahar eləməyə gön-dərdi, o biri xanımlar və iki cavan oğlanla dairə vurub, yavaş-yavaş dövrələmə rəqs etməyə başladı. Rəqsi qurtardıqdan sonra gözəl, şən nəğmələr oxudular. Bu qayda ilə vaxtlarını keçirdilər, kraliça öz mülahizəsinə görə, dincəlmək vaxtının gəldiyini görüb, hamını azad etdi. Cavanlar öz otaqlarına getdilər. Onların otağı xanımların otağın-dan kənarda idi. Gəlib gördülər ki, qəşəng yataqlar hazırlanmışdır, otaqlar, salon kimi, gül-çiçəklə doludur. Xanımlar da gedib paltar-larını çıxardılar, uzanıb dincəldilər.

Saat doqquz olan kimi kraliça yerindən qalxdı, o biri xanımları da, cavanları da oyatdı, dedi ki, gündüz çox yatmaq zərərdir. Sonra hamısı hündür, yaşıl otlu talaya getdi; buraya gün düşmüşdü. Xəfif, xoş külək əsirdi, hamı kraliçanın əmri ilə yaşıl ot üstündə dövrələmə oturduqdan sonra kraliça dedi: – Görürsünüz ki, gün hələ çox yuxarı-dadır, hava da bərk istidir, zeytun ağaclarından ancaq cırcıramaların səsi gəlir. Belə istidə bir yerə getmək, heç şübhəsiz, axmaqlıq olardı. Bura sərindir, yaxşıdır, şahmatımız, damamız var, kimin könlü hansını istəyirsə, oynayıb əylənə bilər. Lakin mənim fikrimə şərik olmaq istəsəydiniz, biz günün isti vaxtını şahmat ya dama oyunu ilə deyil, hekayə söyləməklə keçirərdik, çünki oynayanlardan bəzisinin istər-istəməz ovqatı təlx olacaq, o biriləri də, ya oyuna baxanlar da elə bir ləzzət almayacaqlar, amma bir nəfər hekayə söyləsə, hamını əyləndirə bilər. Sizin hər biriniz bir hekayə söyləyənə kimi gün qüruba enər, hava sərinləşər, biz də könlümüz istəyən yerə gedib əylənə bilərik. Mənim təklif etdiyim şey xoşunuza gəlsə (mən sizin arzunuzu yerinə yetirməyə hazıram), biz belə də edərik; gəlməsə, onda qoy axşama kimi hərə öz istədiyini eləsin. – Xanımlar da, kişilər də hekayə söyləməyin tərəfdarı oldular. Kraliça dedi: – Bu ki sizin xoşunuza gəldi, mən belə bir qərara gəlirəm: bu birinci gündə hər kəs nəyi münasib gördü, o barədə sərbəst danışa bilər. – Sonra sağ tərəfində oturan Pamfiloya sarı dönüb, hekayə söyləməyi ondan xahiş etdi. Pamfilo əmri eşidib, hamının diqqəti qarşısında sözə başladı.

Dekameron

Подняться наверх