Читать книгу Dekameron - Джованни Боккаччо - Страница 7

BİRİNCİ GÜN
DÖRDÜNCÜ HEKAYƏ

Оглавление

Bir rahib ağır cəzaya layiq olan günah iş tutur, öz abbatını məharətlə belə bir günaha salaraq, cəzadan canını qurtarır

Filomena öz hekayəsini qurtarıb susduqdan sonra, onun yanında oturan Dioneo, qoyulmuş qaydanı bildiyindən, kraliçanın xüsusi əmrini gözləmədən sözə başladı: – Sevimli xanımlar, əkər mən sizin fikrinizi düzgün başa düşmüşəmsə, biz bura ona görə yığışmışıq ki, söylədiyimiz hekayə ilə bir-birimizi əyləndirək. Bunun üçün mən güman edirəm ki, qoyduğumuz qaydanın əleyhinə getməmək şərti ilə, bizə icazə verilmişdir, – bunu kraliça özü bizə dedi, – elə bir hekayə danışaq ki, bu, hekayə söyləyənin rəyincə, bizi daha çox əyləndirsin. Biz Ciannotto di Çivinyinin gözəl məsləhəti ilə Avra-amın öz ruhunu necə xilas etdiyini, Məlhisedekin özünü itirməyərək, dövlətini Səlahəddinin hiyləsindən qoruduğunu eşitdik. Mən də, məzəmmət ediləcəyimi gözləmədiyim üçün, bir rahibin bicliklə özünü ağır cəzadan necə qurtardığını sizə qısaca danışmaq istəyirəm.

Lunicyanda, buradan çox da uzaq olmayan bir vilayətdə, bir monastır vardı. Bu monastır müqəddəs şeyləri və rahiblərinin sayı ilə indikindən daha zəngin idi. Monastırda o biri rahiblərlə bərabər cavan bir rahib da yaşayırdı. Nə pəhrizlər, nə ibadətdə keçən yuxu-suz gecələr onun qüvvəsini azalda bilmirdi, təravətini soldurmurdu. Bir gün günorta vaxtı bütün rahiblər yatanda, o öz kilsəsinin ətrafında, tənha bir yerdə gəzirdi. Birdən çox gözəl bir qız gördü. Bəlkə də o, bir kəndlinin qızı idi, çölü gəzə-gəzə yemlik yığırdı. Elə o saat rahibi şiddətli ehtiras hissi bürüdü, yaxınlaşıb qızla söhbətə başladı. Oradan-buradan danışa-danışa axırda gizlincə razılığa gəl-dilər, rahib qızı öz hücrəsinə apardı, heç kəs də bunu, görmədi. O, şiddətli ehtirasa qapılaraq, çox da ehtiyat, göstərmədən qızla kef edirdi; bu zaman abbat yuxudan ayılıb, səssizcə hücrələrin qabağın-dan keçirdi, rahiblə qızın içəridən gələn səsini eşitdi. Səsi daha yaxşı eşitmək üçün yavaşca hüçrənin qapısına yanaşıb, qulaq asmağa başladı. İçəridə qadın olduğunu aydına başa düşdü. O da həvəsə gəldi, qapını açdırmaq istədi, sonra ağlına başqa şey gəldi, otağına qayıdıb, rahibin hücrədən çıxmasını gözlədi. Rahib da o qızla böyük kef və ləzzətə qapılsa da, ehtiyatını əldən qoymurdu; dəhlizdən gələn ayaq səsini eşidib, qapının deşiyindən baxdı, abbatın durub qulaq asdığını gördü, hiss elədi ki, hücrədə qız olduğunu o duya bilər. Rahib bu iş üstündə ona böyük cəza veriləcəyini başa düşdüyündən, çox qəmgin oldu, lakin dərdini qıza bildirmədi, bu işdən xilas olmaq üçün elə o saat düşünməyə başladı. Birdən onun ağlına qəribə bir biclik gəldi, bu da onu birbaş istədiyi məqsədə aparıb çıxartdı. Özünü qıza elə göstərdi ki, guya onunla kifayət qədər əylənmişdir. Ona dedi: «Gedim baxım görüm, sən buradan necə çıxasan ki, heç kəs görməsin; mən qayıdana kimi sakit otur». Rahib hücrədən çıxıb qapını bağladı, birbaş abbatın otağına getdi, bütün rahiblər kimi, açarı ona verib, sakitçə dedi: «Messere, mənim tapşırığımla doğranan odunların hamısını bu gün səhər macal tapıb daşıtdıra bilməmişəm, ona görə, sizin icazənizlə, meşəyə gedib odunu daşıtdırmaq istəyirəm». Abbat rahibin işindən düzgün xəbər tutmaq üçün hələ də onun hərəkətindən rahibin xəbəri olmadığını güman edərək, belə bir təsadüfə sevindi, açarı məmnuniyyətlə ondan alıb, getməsinə icazə verdi. Rahib gedəndən sonra fikirləşdi ki, necə hərəkət etsəm daha yaxşı olar: gedib bütün rahiblərin yanında hücrəni açıb, onu ifşa edimmi, – sonra elə olmasın ki, rahibi cəzalandıranda mənim tədbirimdən narazı qalsınlar, ya da əvvəlcə qızdan işin necə olduğunu öyrənimmi? O elə arvad, ya elə adamın qızı ola bilər ki, onu bütün rahiblərə göstərib utandırmaq yaxşı düşməz. O belə bir qərara gəldi: əvvəl gedib görüm o kimdir, sonra da müəyyən bir nəticəyə gəlim. Yavaş-yavaş hücrəyə sarı gedib qapını açdı, içəri girib yenə də qapını bağladı. Qız abbatı görüb yaman təşvişə düşdü, biabır olacağından qorxaraq, ağlamağa başladı. Abbat ata da onun cavan, gözəl bir qız olduğunu görüb, qocalığına baxmayaraq, cavan rahib kimi vəcdə gəldi, öz-özünə düşündü: «Niyə mən, əlimə fürsət düşdüyü halda, bu şeydən dadmayım? Adam istəsə, dilxorluq, qan-qaralığı həmişə onun üçün hazırdır. Bu, gözəl qızdır, dünyada heç kəs onun burada olduğunu bilmir; mənə kef vermək üçün onu yola gətirə bilsəm, başa düşmürəm, niyə axı bunu eləməyim? Bunu kim biləcək? heç kəs heç vaxt bunu bilməyəcək. Gizlin günahın da ki, yarısı bağışlanır. Belə fürsət bəlkə də bundan sonra heç əlimə düşməyəcək, allah ki bir adama nemət göndərdi, ondan istifadə etməkdə, mənim zənnimcə, böyük hikmət vardır». O öz-özünə belə deyib, bura nə niyyətlə gəldiyini tamam unudaraq, qıza yaxınlaşdı, yavaşca ona təsəlli verməyə başladı, xahiş etdi ki, ağlamasın. Danışa-danışa o yerə gəlib çatdı ki, öz arzusunu açıb qıza dedi; qız da dəmirdən, daşdan deyildi, çox asanlıqla abbatın təklifinə razı oldu. Abbat qızı qucaqlayıb çox-çox öpdükdən sonra rahibin yatağına qalxdı, öz mübarək vücudunun köklük məziyyətini, həm də qızın çox cavan olduğunu nəzərə alıb, ya bəlkə də çox ağır olduğundan qıza ziyan yetirə biləcəyindən qorxub, qızın üstündə uzanmadı, onu öz üstünə qoyub, xeyli vaxt onunla kefə baxdı.

Rahib meşəyə getməmişdi, dəhlizdə gizlənmişdi. Abbatın hüc-rəyə girdiyini görən kimi ürəyi sakit oldu, güman etdi ki, onun nəzərə aldığı məsələ baş tutacaqdır. Sonra abbatın içəridən qapını bağladığını görüb, qət etdi ki, iş onun düşündüyü kimi olacaqdır. Gizləndiyi yerdən çıxıb, yavaşca hücrəyə yaxınlaşdı, qapının deşiyindən baxaraq, abbatın bütün dediklərini eşitdi, nələr etdiyini gördü. Nəhayət, abbat qızla kifayət qədər əyləndiyini nəzərə alıb, hücrədən çıxdı, qızı içəridə qoyub, qapını bağladı, öz otağına getdi. Bir az keçəndən sonra rahibin ayaq səsini eşitdi, meşədən qayıt-dığını zənn edərək, qərara gəldi ki, onu bərk danlasın, dama saldırsın, ələ keçən ova ancaq özü sahib olsun. Rahibi çağırtdırıb, onu acıqlı-acıqlı bərk danladı, əmr etdi ki, onu aparıb dama salsınlar. Rahib elə o saat etiraz etdi, dedi ki: «Messere, mən müqəddəs Benedikt cəmiy-yətində hələ təzəyəm, onun bütün xüsusiyyətlərini öyrənə bilməmi-şəm, siz də hələ macal tapıb mənə anlada bilməmisiniz ki, rahib gərək arvada pəhriz kimi, gecə ibadəti kimi baxsın. İndi bunu mənə deyəndən sonra, sizə söz verirəm ki, bu dəfə məni bağışlasanız, daha belə günah iş tutmaram, həmişə sizin elədiyiniz kimi, necə ki görmü-şəm, elə də edərəm». Abbat arif adamdı, o saat başa düşdü ki, rahib məsələni duymuşdur, hətta onun etdiklərini də gözü ilə görmüşdür. Tutduğu işdən vicdan əzabı çəkərək, rahibə cəza verməyə utandı, çünki belə cəzaya rahib kimi, o özü də layiqdi. Onun günahından keçdi, özünə də bərk tapşırdı ki, gördüklərini heç kəsə deməsin. Rahiblə bərabər qızı ehtiyatla hücrədən çıxarıb, yola saldı. Sonra onların qızı dəfələrlə hücrəyə gətirdiyini də güman etmək olar.

Dekameron

Подняться наверх