Читать книгу Parçalanmış Türküstanı gəzərkən - Əli Şamil - Страница 11
ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ?
Ata-Beyit memorial kompleksi
ОглавлениеAzərbaycanda repressiya qurbanlarının harada güllələndiyi dəqiq bilinmir. Repressiya qurbanları haqqında ciddi muzey, ümumi bir abidə də yoxdur. Memorial təşkilatı isə repressiya illərində Moskvada kimin harada güllələndiyinin siyahısını hazırlayıb və onu da internet saytında yerləşdirib. Qırğızlar da bizim günümüzdədir. Onlar da 1930-cu illərdə kimin harada güllələndiyini dəqiq bilmirlər. Sovetlər Birliyi çökəndə yaşlı bir çoban 1930-cu illərdə şəhərdən aralıdakı köhnə kərpic zavodunda gecələr güllə səsləri eşitdiyini söyləyib. Onun dediyini yoxlamaq üçün zavodda qazıntı aparıblar. 150-dən çox insan cəsədinin qalığını aşkara çıxarıblar. Bu qənaətə gəliblər ki, repressiya qurbanlarının bir hissəsi köhnə kərpic zavodunda güllələnib.
Həmin yer Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanında təsvir etdiyi Ata Beyitə uyğun olaraq "Ata-Beyit" adlandırıldı. Orada repressiya qurbanlarına xatirə abidəsi ucaldılıb və muzey yaradılıb. Çingiz Aytmatov da repressiya qurbanı olan atasına hörmət və repressiya qurbanlarına sayğı əlaməti olaraq, öləndə "Ata-Beyit" də dəfn edilməsini vəsiyyət edib. Onun istəyi yerinə yetirilib. İndi "Ata-Beyit" də həm repressiya qurbanları üçün, həm də Çingiz Aytmatov üçün abidələr ucaldılıb. Ora qırğız xalqının müqəddəs ziyarətgahına çevrilib.
Xatirə kompleksindəki abidələri istedadlı heykəltaraş və memarlar yaratdığından olduqca təsirlidir. Repressiya muzeyi kiçik və sadə olsa da, təsirlidir. Köhnə kərpic zavodunda qazıntı aparılarkən tapılan, güllələnənlərin paltarları, salamat qalmış şəxsi əşyaları orada nümayiş etdirilir. Muzeyi ziyarətə gələn kövrək qəlbli insanlar göz yaşlarını saxlaya bilmirlər.