Читать книгу Parçalanmış Türküstanı gəzərkən - Əli Şamil - Страница 7
ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ?
Viza rejimi Türkmənistana nə qazandırır?
ОглавлениеTürkmənistanda yaşayan azərbaycanlıların sayını dəqiq bilmirəm. Sovet dövründə ərə getmiş azərbaycanlı qızları və onların övladlarını son zamanlar türkmən kimi qeydə alırlar. Azərbaycanda, Türkmənistanda yaşayan, bir-biri ilə qohumluq əlaqəsi olmayanların münasibətləri yaxşı olub. Keçmişdə Azərbaycandan, Qafqazdan, hətta Qarsdan, İğdırdan, Urmiyadan, Təbrizdən və başqa bölgələrdən oxumaq, ticarət və ya müqəddəslərin qəbrini ziyarət etmək üçün Məşhədə, Xarəzmə, Əfqanıstana, Kaşqara, Pakistana, Hindistana getmək istəyənlər Bakıya gəlirmişlər. Buradan da gəmi ilə Qızılsuya – indiki Türkmənbaşı limanına keçib yollarını davam etdirirmişlər.
İndi Türkmənistan rəhbərliyi, sanki suyun başını kəsmiş əjdahaya dönüb. Hünərin var, Türkmənistana get. Ya da Türkmənistandan keçib Özbəkistana, Qazaxıstana, Qırğızıstana, Tacikistana, İrana, Əfqanıstana getmək istə. Ay gedə bildin ha! Mütləq pul verib viza almalısan.
Amma indi vizanı, viza almağı da elə bir problemə çeviriblər ki, gəl görəsən. Buna görə də uzun müddətdir Türkmənistanda yaşayanların əksəriyyəti Azərbaycandakı babalarını, dayılarını, xalalarını və başqa qohumlarını görməyə gələ bilmirlər. Sərt viza rejimindən əziyyət çəkən yalnız azərbaycanlılar deyil. Türkmənlərin bir hissəsi İranda, Özbəkistanda, Əfqanıstanda yaşayır, uzun illərdir ki, onlar da bu əziyyəti çəkirlər.
Almatıda yaşayan Əl-Fərabi Universitetinin professoru İslam Ceminey sentyabr ayında mənə zəng vurmuşdu. Bildirdi ki, universitet onun Türkmənistanda araşdırmalar aparmasına qrant ayırıb. Amma Türkmənistan konsulluğundan viza ala bilmir. Konsulluq tələb edir ki, Türkmənistandakı elmi müəssisələrdən biri ona mütləq dəvət məktubu göndərsin. Türkmənistandakı alim tanışlara zəng vurub xahiş etdim ki, çalışdıqları ali məktəblərin və ya elmi tədqiqat institutlarının rəhbərlərindən məktub alıb İslam Cemineyə göndərsinlər. Sağ olsunlar, sözümü yerə salmadılar, məktub alıb göndərdilər. Heyif ki, bu məktub işə yaramadı. Nə qədər adamın zəhməti hədər getdi. Məktubun hazırlanması, icazə alınması üçün yazışmalar, göndərilməsi o qədər uzun çəkdi ki, qrantın müddəti bitdi və İslam Ceminey Türkmənistana gəlib oradakı əlyazmalar üzərində işləyə bilmədi.
Sovet dövründə isə bu bürokratik əngəllərin heç birinə ehtiyac yox idi. Buna baxmayaraq, Qırğızıstanda, Qazaxıstanda olmağı çox arzulayırdım. Axısqadan, Ermənistandan, Azərbaycanın müxtəlif bölgələrindən oraya sürgün edilənlərlə görüşməyə, material toplamağa can atırdım. Heç bir rəsmi əngəl də yox idi. Buna baxmayaraq, gedə bilməmişdim. Çünki ailə büdcəm bu səfər üçün yetərli deyildi.
Ailədə bir mən idim, bir də xanımım. İkimiz də mətbuatda işləyirdik, maaşımızdan çox qonorar alırdıq. Necə deyərlər, gəlirimiz nazirlərin maaşından yüksək idi. Di gəl ki, heç velosipedimiz də yox idi. Evə mebel, xalça da ala bilməmişdik. Yüksək rütbəli məmurları demirəm, bizdən 4–5 dəfə az maaş alan satıcının, ambardarın, bağça müdirinin, mənzil istismar idarəsi müdirinin və başqa peşə sahibinin isə hər şeyi vardı. Dolanışığı da bizdən qat-qat yaxşı keçirdi.
Türkmənistanın isə hələlik vizanı qaldırmaq fikri yoxdur. Halbuki viza və ya başqa əngəllər bu ölkənin yalnız iqtisadiyyatına deyil, mədəniyyətinə də mənfi təsir göstərir, vətəndaşlarda da bir qorxu, psixoloji gərginlik yaradır.