Читать книгу Parçalanmış Türküstanı gəzərkən - Əli Şamil - Страница 19
ISIK GÖL MƏNİ NƏDƏN KÖVRƏLTDİ?
Karakol şəhəri
ОглавлениеŞəhərin əhalisi 75 min nəfəri keçib. Xalq etimologiyasına görə, buraya gələn ilk türklər əllərini torpağa vuranda əllərinin (qollarının) qara olduğunu görüb buraya Qara qol adını veriblər. Bu o qədər də inandırıcı görünmür. Çünki Isık gölün güney ətrafı, bütövlükdə, qara torpaqdır. Onda gərək sahil boyundakı şəhər və kəndlərin çoxunun adında qara sözü olaydı.
1886-cı ildə buradakı yaşayış məskəninə rus səyyahı, coğrafiyaçısı, bölgənin çar Rusiyası tərəfindən işğal olunması üçün sənədlər hazırlamış Nikolay Prjevalskinin şərəfinə Prjevalski, 1926-cı ildə Lenin adı verilmişdi. 1991-ci ildə Qırğızıstan müstəqilliyini qazanandan sonra şəhərin keçmiş Karakol adı qaytarılmışdı. Şəhərdən Çin Xalq Respublikasının sərhəddinə o qədər də uzaq deyil. Əslində, Karakol şəhəri də Doğu Türküstanın bir parçasıdır.
Doğu Türküstanın Aksu (Ağsu) şəhərinə gedən karvan yolu buradan keçir. Sovetlər Birliyi zamanı sərhədlər möhkəmləndirildiyindən karvan yolu da öz əhəmiyyətini itirib.
Şəhər köhnə Sovet qəsəbələrini xatırladır. Son illər yeni binalar tikilməyə başlayıb. Onların sayı o qədər də çox deyil. Tarixi abidə adına diqqətimi çəkən 1910-cu ildə dunqanların (Çin dilinin bir dialektində danışan dunqanların dindarları müsəlmandır) tikdiyi məscid oldu. Ağacdan, bir mıx belə vurmadan, Çin məbədləri üslubunda tikilmiş bina son illər təmir edildiyindən gözəl görünür.