Читать книгу Parçalanmış Türküstanı gəzərkən - Əli Şamil - Страница 3

TÜRKÜSTAN YAŞANTILARI

Оглавление

Bir zamanlar yer üzünün böyük bir coğrafiyasına hakim olmuş, çoxlu sayda imperatorluqlar, dövlətlər, xaqanlıqlar yaratmış türklərin tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, gələnəkləri, çağdaş həyatı ilə bağlı məsələlərin araşdırılması, təhlil edilməsi, çeşidli yönlərdən dəyərləndirilməsi olduqca əhəmiyyətlidir. Ancaq nə yazıqlar ki, bunca zəngin tarix yaratmış türk soyunun yüzillər boyu özünə qarşı sərgilədiyi biganəlik bu gün də davam etməkdədir.

Türk xalqlarının ağrılarını, dərdlərini öz araşdırmalarında daim gündəmə gətirən Əli Şamilin “Parçalanmış Türküstanı gəzərkən” adlı kitabı böyük zəhmət hesabına yaranmış bir əsərdir. Çünki bu kimi əsərlər sadəcə kitabxanalarda, arxivlərdə, bəlli qaynaqlar əsasında yazılmır, tarixinə, soykökünə sevgi, özəl bilgilərə yiyələnmək ehtiyacı doğurur, həmçinin tədqiqat obyektinə çevrilən hadisələrin canlı şahidi olmaq tələb olunur.

Onu da qeyd etmək lazımdır ki, bu kitab müəllifin Türk dünyasının çeşidli problemlərinə həsr olunmuş ilk əsəri deyildir. Belə ki, araşdırıcının qələminə məxsus “Tanıdığım insanlar” (2000), “Dastanlaşmış ömürlər” (2001), “Quzey Kıbrıs” (2001), “Aşıq İsgəndər Ağbabalı” (2006),“Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı” (2011), “Krım sevgisi” (2012), “Axısqalı Xəstə Hasan” (2012), “Türkçülüyün qurbanları” (2013), “Colan türkmanları” (2014), “Qaşqaylar və onların folkloru” (2020) və digər kitablarının, xeyli sayda məqalələrinin mühüm bir qismi eyni ahəngə söykənməkdədir. Araşdırıcının başqa mövzularda yazdığı əsərlərinin sətirləri arasında da türklüklə bağlı məqamlar yer almaqdadır.

Şübhəsiz ki, kitaba “Parçalanmış Türküstanı gəzərkən” adı təsadüfi seçilməmişdir. Müəllif bu adı bilərəkdən başlığa çıxarmaqla bir zamanlar qüdrətli bir imperiyanın sərhədlərinə sığınaraq dünyada söz sahibi olan Türküstan xalqlarının bu gün ayrı-ayrı dövlətlərə bölünməklə əski qüdrətin və hökmranlığın itirilməkliyini, bunun yaratdığı və yaşatdığı faciələri önə çəkmək istəmişdir.

Kitabda müəllifin Türk dünyasının bütün bölgələri haqqında deyil, Orta Asiya coğrafiyasında – Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda düzənlənən uluslararası elmi simpoziumlarda, konfrans və forumlarda iştirakı ilə bağlı təəssüratları, burada görüşdüyü insanlar, səfər boyu qarşılaşdığı hadisə və əhvalatlar, bəhs olunan ölkələrin tarixi, bu günü, mədəniyyət abidələri, yaradıcı şəxsiyyətləri haqqında yazılar yer almışdır.

Sirr deyildir ki, bu gün dünyada səyahət ədəbiyyatına digər elmi-publisistik mətnlərlə müqayisədə daha çox maraq göstərilir. Bunun səbəbi səyahət yazılarının oxunaqlılığı ilə məhdudlaşmır, bəlkə, daha çox oxucuların almaq istədikləri bilgilərin, təəssüratın uydurma deyil, doğru, canlı müşahidə məhsulu olmasına ehtiyacından qaynaqlanır.

O da bəllidir ki, ənənəvi səyahət yazıları adətən gerçəkliklərlə yanaşı, yazıçı təxəyyülündən gələn əlavələrlə süslənir, bəzənir, bədiiləşdirilir. Əli Şamilin səfər təəssüratları isə mövcud səyahət yazılarından xeyli dərəcədə fərqlənir. Müəllifin fakt və hadisələrə dərindən bələdliyi, təsvirlərdə detallara varmaq meyli yazılara özəllik qazandırır. Qarşı tərəfdən, kitabda toplanan yazılar səfər təəssüratı, yol qeydləri kimi düşünülsə də, janrın hüdudlarına, sərhədlərinə sığmır. Belə ki, müəllifin türk coğrafiyasına səfərləri elmi istiqamətlidir, başqa deyimlə, türkoloji yolçuluq bağlamında, uluslararası simpozium, konfrans və forumlara qatılış fonunda qazanılan təəssüratlardır. Ona görə də kitabda dünyanın bir çox görkəmli elm xadimlərinin Türk dünyasına yönəlik ayrı-ayrı problemlər barədə təəssüratlarını, fikir və mülahizələrini də öyrənmək mümkündür. Həmçinin müəllifin ixtisasca jurnalist olması onun yazılarına peşəkarlığını xeyli dərəcədə şərtləndirir.

“Parçalanmış Türküstanı gəzərkən” kitabında diqqəti çəkən məqamlardan biri də ayrı-ayrı yazıların bütün yönlərilə maarifçilik missiyasını gerçəkləşdirmək məramına söykənməsidir. Burada əsarət tarixi yaşamış, uzun illər məqsədyönlü şəkildə aparılmış əritmə siyasəti nəticəsində soyu, kökü unutdurulmuş türk xalqlarını tanıma və qarşılıqlı şəkildə tanıtma vəzifəsi ön sırada gəlir.

Kitabın mühüm özəlliklərindən biri müəllifin gəzdiyi, gördüyü yerləri, araşdırıb aşkara çıxardığı həqiqətləri, doğulub boya-başa çatdığı yurd yerləri ilə əlaqəli şəkildə təqdim etməsidir. Bu, dolayısı ilə yazarın içərisində yaşadığı toplumu mənsub olduğu türk soyunun bir parçası kimi təqdim etmək niyyətindən irəli gəlir. Həmçinin yazı prosesində Türk dünyasının ortaq dəyərlərinin qabardılması fonunda toplumun qan bağlarının, vahid köklərinin olduğuna ağırlıq verilməsi, qurtuluş və nicat yolunun bütövlükdən keçdiyinin vurğulanması diqqətçəkicidir.

Kitab mənim üçün bir də ona görə maraq doğurur ki, Əli Şamilin müxtəlif dönəmlərdə gerçəkləşdirdiyi səfərlərin bəzilərində ona yoldaşlıq etmiş, müəllifin öz işinə nə qədər həssaslıqla yanaşdığının, incə görüm və müşahidə qabiliyyətinin, çoxlarına adi gələ biləcək ən xırda detalları necə mənalandırdığının şahidi olmuşam.

Kitab mədəniyyətin siyasətə yönəlik missiyasını özündə əks etdirən bu sözlərlə tamamlanır: “Avropa Birliyi modeli özünü doğruldursa, niyə Türk xalqlarının birliyi ideyasına şübhə ilə baxılsın?” Bizcə, yazılan mətnin məğzi və mahiyyəti bu cümlədə ifadə olunur.

İnanırıq ki, Əli Şamilin özünəxas üslubda qələmə aldığı “Parçalanmış Türküstanı gəzərkən” kitabı yalnız mütəxəssislərin deyil, geniş oxucu auditoriyasının diqqət və marağını çəkəcək, ədəbi tənqid tərəfindən layiqincə dəyərləndiriləcəkdir.

Vaqif Sultanlı,

Bakı Dövlət Universitetinin professoru,

filologiya üzrə elmlər doktoru

Parçalanmış Türküstanı gəzərkən

Подняться наверх