Читать книгу Mən sadə yolçuyam - Vahid Çəmənli - Страница 14

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR
Vahid Çəmənli
Söhrab Tahİr

Оглавление

Söhrab Tahir

4 may unudulmaz şairimiz Söhrab Tahirin xatirə günüdür. Bu kədərli gündə şairimizlə bağlı bir xatirəmi

bölüşmək istəyirəm.

1969 – ci ilin qış ayları idi. Onda mən 7 – ci sinifdə oxuyurdum. Dərsin qızğın çağında, o zaman məktəbimizin direktor müavini olan Kamil müəllim dalımca uşaq göndərib, məni müəllimlər otağına çağırdı. Mən müəllimlər otağına daxıl olanda dostum, 7 «B» sinfində oxuyan Əliyev Allahverəni də orada gördüm.

Kamil müəllim bizə bildirdi ki, saat 2 – də kəndimizin klubunda Məmməd Araz və Söhrab Tahirlə görüş olacaq. Bu görüşdə siz də iştirak edəcəksiniz. Ona görə də sizə şairlərin bir şerini əzbərləmək tapşırılır.


Kamil müəllim şairlərin şerlərini bizə təqdim edib, dərsdən azad etdi.

Məktəbimizin gözəl bir bağı vardı. Allahverənlə şerləri əzbərləmək üçün həmin bağa getdik. Çox maraqlıdır, mən də, Allahverən də hər iki unudulmaz şairlərin şerlərini əzbərlədik.


Söhrab Tahirin şeri indiyəcən yadımdadır:

Orda ki, göm – göydür suların üzü,

Orda ki, qızarır səhərin gözü,


Orda ki, otlardan qopur şəlalə,

Orda ki, sünbülə sarmaşır lalə,


Orda ki, əməkçi insan çalışır,

Orda ki, zəhmətə insan alışır,


Orda axtarsanız taparsız məni,

Oradır ilhamın, sözün vətəni.


Orda şer də var, sənət də vardır

Orda sənətkara hörmət də vardır.


(Yaddaşımda bu şer belə qalıb. – V.Q.)


O görüşdə Söhrab Tahir də, Məmməd Araz da çox təsirli çıxışlar etdilər.

Bəlkə də o zaman çoxları Söhrab Tahirin cənubi Azərbaycandan olduğunu bilmirdi. Ona görə də camaat çox diqqətlə qulaq asır, o taylı soydaşlarımız haqqında maraqlı söhbətlər eşitmək istəyirdi. Söhrab müəllim danışdıqca gözləri parıldayır, səsi titrəyirdi. Bu xatirələr yaddaşımdan silinsə də, şairin anası Nəsibə xanımla bağlı danışdığı xatirəni heç zaman unutmadım.

Şair deyirdi ki, anam məni əzizləyəndə, mənə «mənim sol gözüm» deyərdi. Gənc yaşlarımda anamdan ayrı düşdüm. Uzun müddət üzünə, səsinə həsrət qaldım. Gedirdim Astaraya, yana – yana baxırdım Astaraçayın o tayaına, ürəyim qubar edirdi.


Söhrab Tahir və Nəsibə xanım


Uzun müddətdən sonra anamla telefonla danışmaq üçün icazə aldım. Xəttin o biri başında «kimdir» deyə soruşan anama, – «sənin sol gözündür» – deyə cavab verdim. Burada şairin səsi qırıldı. Boğazına tıxanan qəhəri udmaq üçün dayanıb, zala göz gəzdirdi. İnsanların çoxu için – için ağlayırdı.

O görüşə qədər mən elə bilirdim ki, Azərbaycanı ikiyə bölən çay təkcə Araz çayıdır. Sən demə daha bir ayrılıq çayı – Astara çayı da var imiş.


Fədakar şair də yana – yana deyirdi:


Mənim qollarımı iynə – sap edin,

Tikin Astaranı biri-birinə…


Ruhunuz şad olsun, şair! Müstəqilliyə qovuşmağımızı görməyi cənabi – Haqq Sizə nəsib etdi! Qaldı Astaranı, Culfanı bir – birinə tikmək…

Biz də qollarımızı iynə – sap etdik, Şair!

04.05.2019

Mən sadə yolçuyam

Подняться наверх