Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 15
Bir şerin tarixi
Оглавление1978-ci ilin iyul ayında yazılan bu şeri köhnə şer dəftərimdən tapmışam. Tapmışam deyəndə, bir az qəribə olur. Əslində, bu şer həmişə orada olub. Mən nəsə diqqət verməyib, səhifəni çevirmişəm. Bəlkə bu elə o zaman da, indi də mənim əlçatmaz, ünyetməz bir arzum olub ona görə…
Xatirimdə deyil.
Vallah, kimi nəzərimdə tutub yazmışam o da xatirimdə deyil.
Gözlərimi yumub xəyala daldım.
Ey bu sətirləri yazmağa məni həvəsləndirən, ey şer dəftərimdə sakit, səssiz-səmirsiz yaşayan gözəl, ömrümün iyirmi ikinci baharını ələk-vələk elədim, amma səni xatırlaya bilmədim.
Bu şeri paylaşmaq üçün hazırlayanda bəzi sətirləri dəyişdim.
Məsələn, birinci bəndin üçüncü misrası belə idi:
Çöksün utancaqlıq yanaqlarına…
Axırıncı bənd iki variantda idi.
Çox ağrılı sətirlər vardı, rəva görmədim:
…Sonra da ayrılaq!
Üz tutub hərə,
Gedək sən bir yana,
mən də bir yana,
Dönüb şirin – şirin xatırələrə
Səpilək hərə bir evə, ünvana…
Bu bəndin üstündən tamam xətt çəkmişdim.
Amma deyəsən əsil həqiqət elə bu bənddə imiş. Ən azından, ikimiz də başqa ünvanlarda yaşayırıq.
Axırıncı bəndin yeni variantının birinci, ikinci sətri də fərqli idi:
Ayrılıq yaxındı, bəs qəlbimizə,
Neyləyək, qonmasın bir zərrə kədər?..
Yox! Heç nə anlamadım.
Görüşə dəvət etmək istədiyinə ayrılıqdan danışmaq çox qəribədir, deyilmi?
Mənim gəncliyimin qızları, siz bahar nəfəsi kimi ilıq, bənövşə kimi utancaq idiniz. Heç zaman başınızı qaldırıb adamın üzünə baxmazdınız. Söz deyəndə yanaqlarınız lalə kimi qızarardı. Bəlkə də ona görə mənim bu şerim xəyallarımda qurduğum bədii lövhədən başqa bir şey deyildi.
Çox maraqlıdır, bu şer dəftərimə mənim öz xəttimlə yazılmayıb. Bəlkə sən var idin, bu şeri dəftərimə köçürməyi mən səndən xahiş elədim.
Bəlkə bu bir məktub idi?
Göndırilməyən məktub…
Dəftərimdə 40 il sükutla yaşayan şerin adını da belə qoydum: