Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 42
Qaldı
ОглавлениеÜyütdüm günləri dəyirman kimi,
Qaldı, baş aparan çax-çaxı qaldı
Nə umdum, ömrümə yazıldı nələr?
Dilimdə gileyi, ah-vahı qaldı.
Əkdiyim ağaclar vermədi bəhər,
Üzdü boğazımı acı bir qəhər…
Bu günü yaşadım elə bir təhər,
Üzun bir gecəsi, sabahı qaldı.
İstədim söz satam, alan olmadı,
Ciblərim boş qaldı, kalan olmadı.
Vallahı, bir qazanc-filan olmadı,
Borclarım uzun bir siyahı qaldı.
Vahid, ağ günlərim dara çəkildi,
Üstünə kədərli qara çəkildi…
Sevincli günlərim hara çəkildi?
Əlimdə çox ağır günahı qaldı.
28.07.2018