Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 52

Qapın döyülə

Оглавление

Gecənin birində qapın döyülə —

baxıb görəsən,

qapının ağzında ağappaq adam.

Bir göz baxır sənə oyuq içində,

gələn dərd içində, soyuq içində.

Uzaqlardan gələn yorğun adamın

adı hecalana titrək səsində.

Sənə tanış gələn sönük gülüşü,

o nəm gözlərində ilişib qala,

səni xəyallardan xəyala sala.

Əvvəlki utancaq baxışlarıyla

səpə üst-başına ötən illəri,

oyada yuxulu xatirələri,

titrəyə içinin alt pərdələri…

Buna ürək dözər,

buna can dözər?

Bu təklik içində, sükut içində,

dərdlər öz-özündən alışan ola,

dərdlər bir-biriylə barışan ola.

Kösövü qaralmış, külü ağarmış

həsrətlər içində sənə yol alan,

o əski sevdalı yorğun adamın

üzünə qapılar açıla yenə:

Bir könül qapısı, bir ev qapısı…

15.04.2018

Su üzərində bahar

Подняться наверх