Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 54
Yaman dəyİşmİsən
ОглавлениеYaman dəyişmisən o gündən bəri.
Ala gözlərinə bir həsrət qonub.
Saçının tumarı dəyişib bir az,
əllər sığalını itirib bir az,
üzündə təbəssüm azalıb bir az.
Yaman dəyişmisən o gündən bəri.
Deyəsən bir az da solan kimisən,
bir az da, bir az da dolan kimisən.
Gecən bir xoş sözün səsinə möhtac,
gecən bir öpüşün közünə möhtac,
gecən ehtiyacın özünə möhtac.
Yaman dəyişmisən o gündən bəri.
Yanağın allanmır, gözlərin gülmür,
ürəyin danışmır, ürəyin dinmir.
Qısılıb içinə bir qonaq kimi,
ağıla uduzan bir qınaq kimi.
Yaman dəyişmisən o gündən bəri.
Gözlər gözlədiyi baxışı istər,
əvvəlki, o ərkli çağrışı istər.
Açıb pəncərəni, açıb qapını
közərən ümidə boylanar yenə.
Sənin bu halına dözməz gözlərim:
Mənim baxışlarım dəyişər səni,
üzdə naxışların dəyişər səni,
ürək alqışların dəyişər səni.
Daha dəyişərsən bu gündən belə.
Yaman dəyişmisən, bir bax özünə.
16.06.2017