Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 60

Dənİzİn xatİrəsİ

Оглавление

Bu məsum gecəni, kövrək gecəni,

bir görən oldumu bizdən savayı?

Alıb ulduzların uzaq salamın,

dənizin səsini duyan oldumu?

Bir az rahatlanıb, bir az boşalıb,

röyalar içində batan oldumu?


Üstünə yüyürən ağappaq ləpə

ipək əllərinə gəlib dolacaq.

Sonra da dənizin xəlbət sözünü

sənin qulağına pıçıldayacaq.

Bu məhrəm söhbəti bitirsin deyə,

hələ neçə kərə gedib gələcək,

sözləri birəbir gəlib deyəcək.

Sonra da dənizin köpük havasın

xəstə ürəyimə səpib gedəcək.

Sənin dərd ortağın, o söz sirdaşın

ağaran ləpələr, o ağ ləpələr

sahilə ağ yaylıq sərib gedəcək.

Üstünə yüyürən, üstümə qaçan

o coşan dalğalar, sakit ləpələr

xatirə yazacaq gecə adına,

qumlu sahillərin boz yaddaşına,

qulaq yaddaşına, göz yaddaşına.

Bu gecə ay da yox, ulduzlar, dəniz,

bir də ki, o tənha sahildəki biz.

Əriyən gecədə, sönən gecədə,

bizləri bir yerdə tutan gecədə,

ulduzla, dənizlə qalıb baş-başa,

gəzərik gecəni biz qoşa-qoşa,

gəzərik sahili o baş, bu başa.

Bu gecə ay da yox, ulduzlar, dəniz,

bir də ki, o tənha sahildəki biz…

30.12.2013

Su üzərində bahar

Подняться наверх