Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 19
Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
Ananın öz övladlarına məktubu
ОглавлениеBalalarım!
Əgər Allah qismət eləsə, elə bir gün gələr, görərsiniz ki, mən qocalıram, sözlərim, hərəkətlərim sizə qəribə gəlir, yaşlanıb ağlını itirən, deyingən bir qarıya çevrilirəm, onda bir anlığa ürəyinizin səsinə qulaq verib, səbirlə məni anlamağa çalışın.
O zaman ki, yediyim yemək titrək əllərimdən düşüb yaxama dağılar, o zaman ki, paltarlarımı geyinməyə gücüm qalmaz, mənim indi edə bilmədiklərimi sizə necə təmkinlə öyrətdiyimi yadınıza salaraq, siz də təmkinlə mənə yardım edin.
Əgər məndən xoşunuza gəlməyən qoxu hiss etsəniz məni danlamayın, sizdən qoxu gəlməsin deyə sizi necə yuyundurduğumu, necə tər – təmiz paltarlar geyindirdiyimi yadınıza salın.
Elədiyim hərəkətlərin sizin məntiqinizə sığmadığını görsəniz mənə gülməyin, mənim itən yaddaşım, getdikcə zəifləyən gözüm olun.
Əgər bu dünyada necə yaşamağın qaydalarını sizə mən öyrətdimsə, indi siz mənə necə yaşamağın yollarını öyrədə bilərsinizmi? Beşikdən qiyamətəcən necə yaşamalı olduğunuzu mən sizə öyrətmişdim axı…
Mənimlə söhbət edərkən asta – asta danışmağımdan, bəzən söhbətlərmin ardını gətirə bilmədiyimdən, bir zamanlar mənimlə dərdini – sərini bölüşdürən insanların adını unutmağımdan sinirlənib məni danlamayın. Unutmayın ki, bu dəqiqələrdə məni xoşbəxt edən sizə nə isə danışmağım yox, sizin mənim yanımda olmanız, mənim dediklərimə qulaq vermənizdir.
Əgər sizinlə bir yerə gedəndə ayaqlarım yer tutmasa, tez – tez yorulub dayansam səbirli olun, məni tələsdirməyin, əlimdən tutun, mənə dayaq olun. Yadınıza salın, mən sizin ayaq tutub yeriməniz üçün əllərinizdən tutub yıxılmağa qoymamışam. Əlimdən tutub mənə yeriməkdə kömək edərkən utanmayın…
Unutmayın ki, çox tez bir zamanda sizin özünüzün də əlinizdən tutub, sizə yardım edən bir ələ ehtiyacınız olacaq.
Unutmayın ki, mən sizin kimi həyata doğru yox, artıq ölümə doğru gedirəm, mən ölümü bir qurtuluş kimi gözləyirəm, ona görə də mənimlə birgə olun. Birgə olun ki, sonra yadınızda öz ananızı xatırlaya biləcək bir şey qalsın.
Əgər bir səhvimi görsəniz üzə vurmayın, mən nə etmişəmsə sizin yaxşılığınız üçün etmişəm.
Mənim ağır günlərimdə sizin mənə edəcəyiniz ən mühüm yaxşılığınız mənim nöqsanlarımı əfv etmənizdir. Məni əfv edin ki, Allah da sizi əfv eləsin.
Unutmayın, sizin təbəssümünüz həmişə mənə qol – qanad verdiyi kimi indi də mənə qol – qanad verir. Gülümsər çöhrənizi məndən əsirgəməyin, eşidirsiniz, gülümsər çöhrənizi məndən əsirgəməyin. Siz doğulanda mən sizinlə idim, mən öləndə siz də mənim yanımda olun, məni çiyninizdə apararkən müvəqqəti ağırlıqdan üzülməyin, bu sizin mənə etdiyiniz son yaxşılığınızdır, şikayətlənməklə onu qaraltmayın.
Bir gün, bu məktubumu oxumaq üçün öz övladlarınıza verin.
Sizi dərin məhəbbətlə sevən ananız…
Allah sizı qorusun.
Ananın məktubunu qələmə aldı Vahid Çəmənli
17.06.2016
Bakı şəhəri