Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 4
Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
Əlvİda, dostum Yusİf Məmmədov
ОглавлениеYusif Məmmədov
Bu gün çox acı bir xəbər eşitdim. Əvvəlcə inanmadım. Sənə zəng elədim. Telefonun çağırdığını eşidəndə bir azca ürəkləndim. Bax, indi telefonu qaldıracaqsan, həmişəki kimi «Hə, Vahid» -deyəcəksən. Sənin təmkinli səsini eşidib, gülə-gülə, -sənin haqqında danışılan xəbərdən xəbərin varmı, -deyə soracağam. Sonra da deyəcəm ki, narahat olma, uzun yaşayacaqsan. Amma heç kim telefonu qaldırmadı. Bir neçə dəfə zəng elədim. Uzuz-uzadı cavabsız çağrılar məni nigaran etdi. Axı sən belə iş tutmazdın. Əllərim əsə-əsə mesaj yazdım: -Hacı, necəsiniz?
Yenə üzücü sükut. Sonra cavab mesajı: -Vahid dayı, mənəm, Zərifədi. Atam rəhmətə gedib. Desəydilər Kür çayı geri axar, inanardım. Desəydilər səmadakı bütün ulduzlar yerə tökülər, yer göylərə çıxar, inanardım. Desəydilər okeanların suyu quruyar, yenə inanardım. Bircə sənin ölümünə inanmazdım. Sən, -bütün həyatı boyu sağlam həyat tərzi sürən, heç vaxt səhhətindən zərrə qədər də olsa şikayətlənməyən Yusıf Məmmədov, -necə ölə bilərsən axı…
Sən demə Allahın öz qanunları varmış, sən demə yüz ildə bir dəfə ağac da atəş açarmış, sən demə milyon ildə bir dəfə Tanrı sap-sağlam, qocaman bir palıd ağacını da qurudarmış. Sən demə…
Sevimli nəvələrin ilə
Bu yazını sənin dəfn mərasimindən sonra yazıram. Səninlə həyatın yollarında birgə addımladığımız son 29 il bir sinema lenti kimi gözlərimin önündən keçib gedir. İlk tanışlığımız, sonra birgə işlədiyimiz, sonra ayrı-ayrı yerlərdə işləsək də, tez-tez görüşdüyümüz xoşbəxt çağlar, Kəbə-Məkkə yollarına birgə çıxdığımız günlər, gecə Mina dağında bir odeyala büründüyümüz gecələr, Həcəri-Əsvədi öpərkən bir ayaq üstündə qaldığım zaman son anda mənə doğru uzanan əllərin, qurban kəsib sonuncu tikəsini uşaq evlərinə göndərməyin, -hamısı, hamısı qəlbimdə həm şirin, həm da ağrılı bir xatirəyə çevridi. Sənə həmişə zarafatla 301-ci spartanlı deyirdim. Həyat tərzin əsil spartanlıların həyat tərzi kimi idi. Heç vaxt özünü əzizləməzdin, heç vaxt tənbəllik eləməzdin. İstər qar, istər yağış, istər tufan, -heç nə səni səhər saat 7-00-da səhər idmanından saxlaya bilməzdi. Bu idman ən azı iki saat çəkərdi. Bu iki saat ərzində bir dəfə də olsun şikayətlənməzdin, yoruldum deməzdin. Hətta 64 yaşında da daş kimi əzələlərini görənlərheyran qalardı. Sənə Tanrı çox yumşaq qəlb vermişdi. Hər hansı bir xoş xəbər eşidəndə gözlərin yaşarardı, üzünü yana çevirib, isti göz yaşlarını silərdın. Amma uşaq evlərində atasız uşaqlara yardım edəndə, sənə həsrətlə baxan uşaqlara tərəf çevrilməzdin. Bir dəfə səbəbini soruşanda dedin ki, çörək vermək ayrıdı, ümid vermək ayrı. Mən onlarıa çörək verə bilərəm, amma ümid verə bilmərəm. Onların onsuz da yaralı olan qəlblərinə daha bir yaramı vurum? İnanırsınız, bu məni qane etdi.
Sən çox gözəl təşkilatçı idin. Ülvi müəllimlə birgə rəhbərlik etdiyiniz Karate fedarasiyasının qazandığı uğurlardan gecə-gündüz danışsaq, qurtarmaz. Hələ gənc yaşlarından bu fedarasiyada söz sahibi idin. Sənin şərəfinə neçə dəfə Azərbaycan bayrağı qaldırıldı, neçə dəfə zəfər himnimiz səsləndi. 7-ci dan qara kəmər sahibi idin. Bu, yüz milyonlarla insanlardan yalnız birinə nəsib olur. Son zamanlar yarışılara hakimlik edirdin. Bu sahədə də uğurun ən yüksək pilləsinə qalxdın. Beynəlxalq dərəcəli hakim idin. Hamı səni ən oyektiv hakim kimi tanıyır, verdiyin qərarla razılaşırdılar. Sənin ədalətli hakimliyin də, idman zəfərlərin kimi Azərbaycan idmanına böyük şöhrət gətirirdi. Əllərindən tutub, idmanın sirrlərini öyrətdiyin gənclər öz əzmkarlığı ilə hamıdan seçilirdi. IV İslam Oyunlarında zəfər qazanan karateçi idmançılarımızın arasında sənin də layıqli payın var. Bu gün səninlə vidalaşdıq. Yaşadığın evdən Qurd qapısınacan uzanan qəm karvanına baxdıqca, kövrəlirdim. İnana bilmirdim… İnana bilmirdim ki, sən həyatda yoxsan. Məni ən çox ağrıdan amillərdən biri də canın qədər sevdiyin oğlun Emilin Bakıda olmaması idi. Bəli, bu məni ağrıdırdı. Ata oğul çiynində getməlidir. Təəssüf ki, Emil bu şərəfli yükə, bu qəm yükünə öz çiyinlərini verə bilmədi. Bu, məni hələ çox ağrıdacaq.
İnanmaq olmur ki, bu sənin üzündəki son təbəssümdür!
Son zamanlar özünə ev tikirdin. Amma taleyin qismətii başqa imiş. O, sənə soyuq, dar məzar hazırlayırmış. Eybi yox, canın qədər sevdiyin vətən torpağıdır.
Əlvida, əziz dostum Yusif Məmmədov! Rahat uyu, Cənabi-Haqq son mənzilini nurla doldursun.
P.S. Deməyə bilmərəm. Sənin ölüm xəbərini yayan KİV-nin qərəzli yazılarını həzm edə bilmirəm. Doğrudur, sən IV İslam oyunlarındaki qələbəni restoranda qeyd edərkən dünyanı dəyişmisən. Amma, məlumatı yayanlar, onu oxuyan insanlarda belə bir fikir formalaşırdılar ki, guya sən kef məclisində yeyib-içəndən sonra bu hadisə baş verib. Bu cür söz dəllalarına demək istəyirəm ki, sən yüksək intizama malik bir idmançı idin. Heç vaxt siqaret çəkməzdin, spirtli içkilər qəbul eləməzdin. Belə məlumat yaymaq istəyənləri də öz vicdanı ilə baş-başa qoyuram
Bakı
25 may 2017-ci il