Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 20

Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
Doğrudanmı qocalıram

Оглавление

Hərdənbir adamın ürəyi istəyir ki, keçdiyi həyat yoluna nəzər salsın, onun gözəl anlarını yenidən yaşasın, Tanrının verdiyi fürsətləri əldən buraxmasın. Amma kədərli anlarımı təzədən yaşamaq istəməzdim. İstəməzdim, yenə də incə səslə deyilən «yox» cavablarından təsirlənib, çıxıb gedim. Nədənsə, o zamanlar anlamırdım ki, əsil «hə» cavabları elə bu cür olur.


Aydın, ata, Valeh


Şərqdə deyirlər ki, insanın yaşadığı illər onun var – dövlətidir. Mən altmış ildir, bu var – dövləti yığıram. Mən, özümün ağarmış saçlarımı, alnımdakı qırışları çox sevirəm. Mən, qışda bahar haqqında düşünürəm, baharda qışın bəm – bəyaz qarı üçün darıxıram. Şairlərin kədərli şerlərini çox sevirəm. Mən bir şeyi anladım ki, kədər insanı şair edir, rəssam edir. Kədər insanın qəlbini gözəlləşdirir, ruhunu cavanlaşdırır. Mənə elə gəlir ki, dünyanın ən gözəl şerləri şairin kədərli anlarında yazılır, ən gözəl tablolar rəssamların kədərli anlarında çəkilir. Mənə elə gəlir ki, bülbüllər də ən gözəl nəğmələrini kədərli anlarında oxuyurlar.


Yaşlanan qadınlar mənim içimdə bir kədər doğurur. Nədənsə, qocalmağı qadınlara yaraşdıra bilmirəm. Qocalan qadınlar mənə susuz səhranı andırır. Bu səhrada gül – çiçək bitmir, bu səhra yolçuları cəzb eləmir, onlar başlarını aşağı salıb, bu susuz səhranı sürətlə ötüb keçməyə çalışırlar.


Anamın yavaş – yavaş qocaldığını görmək ağır dərd idi. Amma, yazıq qocalmağa imkan tapmadı. İndi düşünürəm ki, kaş qocalaydı, kaş saçları bəm – bəyaz olana qədər yaşayaydı, kaş gözləri ağı qaradan seçməyənə qədər yaşayaydı. Mən, onun dayağı olardım, mən onun əlləri, qolları olardım, mən onun zəifləmiş ayaqları olardım, mən onun nurunu itirmiş gözləri olardım…


Dünən bacım rayondan gəlmişdi. Baxıram üzünə, qocalmağa macal tapmayan anamın cizgilərini görürəm. Həmənki qırışmış alın, həmənki yorğun əllər, həmənki solğun bəniz, zamanın naxış saldığı həmənki üz…

Allah, Allah, zaman bizim başımıza nə oyun açır.

Qirx iki ildir, onu görmürəm. Dünən yuxuma girmişdi. Heç dəyişməmişdi. Həmişəki kimi gənc, həmişəki kimi gözəl…

Əllərindən tutdum:

– «Gözlərimə inana bilmirəm, bəs deyirlər sən qocalmısan?»

– «Mən həmən adamam, özümü elə hiss edirəm ki, elə bil on beş yaşındayam. Amma insanlar mənim içimdəki məni görmürlər».

– «Hə, hə, sən doğrudan da heç dəyişməmisən. Həmin isti əllər, həmin şux baxışlar, həmin gözəl camal…»

– «Mən sənin içindəki əbədibahar sevgi ilə yaşayıram. Mən sənin ürəyindəyəm. Mən sənin ürəyindəki mənəm.»

– «Görəsən, səni dünya gözü ilə görmək mənə qismət olacaqmı?»

– «Nəyinə lazımdı məni görmək? Məni görüb kədərlənməkmi istəyirsən? Lazım deyil. Sənin ürəyindəki mən, sənə daha əzizdi.»

Bütün bunları niyə danışıram? Doğrudanmı, mən də qocalıram?

Bakı ş.

18.06.2016

Hər şey yaxşıya doğru

Подняться наверх