Читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli - Страница 21
Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm
Ay İlə söhbət
Оглавление(lirik lövhə)
Səma buludlu olsa da, ondörd gecəlik Ayın ətrafı aydınlıq idi. Amma Ay sürətlə bir topa qara buludlara doğru qaçırdı. Bir azdan Ayın üzünü qara buludlar örtəcəkdi. Fürsəti qaçırmaq olmazdı. Pıçıltı ilə salam verdim.
– Salam, Ay!
– Salam! – Ay gülümsəyərək mənə pıçıltı ilə cavab verdi.
– Sən ucadasan, yanından hər tərəf görünür, de görüm, indi Yerdə nə baş verir?
– Sakitlikdir, hər şey yaxşıdır, hər şey gözəldir.
– Sən nə danışırsan? Demək istəyirsən ki, Yerdə sakitlikdir? Demək istəyirsən ki, bu dəqiqə Yerdə qan tökülmür, meşələr yanmır, insanlar ağlamır, heç kim yalan danışmır, qonşu qonşuya xəyanət eləmir, bütün uşaqların qarnı toxdur? Əzizim, sən mənimlə zarafatmı edirsən?
– Bilirsən, – Ay bir anlığa qaçmağını dayandırıb mənə baxdı, – Buradan insanların öz başlarına açdığı oyunlar o qədər kiçik, mənasız görünür ki, heç o barədə danışmaq belə istəmirəm.
– Bilirsən, Ay, sən də Yerdən çox gözəl görünürsən. Par – par parıldayırsan, amma özün susuz, havasız…
– Özgələrin dərdini çəkmək kimə lazımdır? Nə olsun ki? Gör Yerdə nə qədər ac, susuz insanlar var… Kim onların qeydinə qalır ki? Kimin onlara canı yanır ki? Hər kəs öz kefindədir!
– Yaxşı, de görüm sabah Yerdə vəziyyət necə olacaq, heç olmasa sabah Yerdə əmin – amanlıq olacaqmı?
– Həmişə necə idisə, sabah da elə olacaq…
Ay bu sözləri deyib, bir topa qara buludların arasına girdi.