Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 4
El anası anaların anası Hürİzad xalam
ОглавлениеBöyük ürəyi vardı desəm, dilini, gözlərini, əllərini, dizlərini incidərəm;
O dil ki, «can» deməkdən yorulmazdı. O dil ki, həmişə haqqa şəhadət verərdi. Yanında bir adam haqqında qeybət edə bilməzdin. Sözünü ağzında yarımçıq qoyar, səni dediklərinə peşiman edərdi.
O gözlər ki, hamıya sevgi ilə baxardı. Gülən gözləri vardı. İçində nə qədər dərdi olsa da, qapıdan girəni gülə-gülə qarşılayardı. Yeddi arxa dönənindən hal-əhval tutmayınca rahat olmazdı. Bir stəkan su da olsa, içirməyincə əl çəkməzdi.
O əllər ki, nəvazişlə tumarlayardı saçlarını, boy-buxununu, fərq qoymazdı qohumusan ya yeddi bu yana yadsan. Yaşının dolu çağında iki odun arasında qaldı. Bir bacısının balaları Çəmənlidə, bir bacısının balaları da Bərdədə, Böyük Qəcər kəndində anadan-atadan yetim qaldılar. Nə qədər əziyyətlər çəkdi, nə qədər əzablara dözdü… Gecə-gündüz kolxoz tarlalarında kətmən vurdu, bir sürü yetimi ayaq üstə qoymaq üçün əlləşdi.
O dizlər ki, heç vaxt, hətta son nəfəsinə qədər taqətdən düşmədi.
El anası idi. Özünün övladı olmadığına ğörə hamını öz övladı hesab edirdi.
Hərbi xidmətdən dönəndə taksini qapısına sürdürmədim. Dedim, yaşlı qadındı, hardadı onda pul-para hər yoldan ötənə verə. Buna görə məni o ki var danladı. Mən ölmüşəm, -dedi, mən sənin anan deyiləmmi? Ürəkli ol, bala!.. Allah, Allah, bu zərif vücud dağ idi, nə idi, söykədik kürəyimizi, yıxılmadıq, ayaqlar altında qalmadıq.
Qaçqınçılıq illərində Ağdamdan tökülüb gələn camaatımızı görəndə yandı-töküldü arvad, bir dəli nərə çəkdi. Davadan 19 yaşlı qardaşı Yaqubun ölüm xəbəri gələndə belə yanğılı ağlamamışdı.
Elin dərdi şam kimi əritdi yazığı. Amma ümidini itirmədi. Ümidini itirən deyildi. Bala, bu tərəqqinin tənəzzülüdü-deyirdi. Su gələn arxa bir də gələr. Beləcə yana-yana yaşadı, yaşaya-yaşaya yandı.
Kamal yas mərasiminin çadırını kiçik ölçüdə qurmaq istəyənlərə belə demişdi: – Ay əzizlərim, siz bilmirsiniz ey, kim ölüb?.. Hürizad ölüb ey, Hürizad!
Yasına Ağdamdan Bakıyacan, Beyləqandan Bərdəyəcən, Ağcabədidən Tərtərəcən millət tökülüb gəldi. Axır günlərində məni çağırıb demişdi ki, ay bala, cənazəmı o biri bacım balaları qaldırar, sən cənazəyə girmə. Cənazəmin önündə şeir deyə-deyə gedərsən. Özünüz aparın, başqalarına əziyyət verməyin. Iki kilometr yolu elə apardıq quş kimi. Nə canı qalmışdı yazığın… Qup-quru qurumuşdu.
Hə, onu demədim axı, «cənazəni özümüz aparaq» deyəndə camaat az qaldı bizi öldürə. Heç yaxına qoymadılar. Amma mən cənazəyə girmədim. Eldən gedən el anasının vəsiyyəini yerinə yetirdim. Qəbristanlığacan onun sevdiyi şeirləri dedim.
«Yoxdu bir kımsə ki, qəmdə edə halımı sual,
Məni-bidil ki, belə bisəri-səhman gəldim».
«Bisəri-səhman» gedirdi. El dərdi başda huş, gözdə yaş qoymamışdı qala. Sonra başdaşına bircə bənd şeir yaza bildik:
Bu da başdaşındakı yazı:
Bizim dərdimizə sən sinə gərdin,
Biz sənin dərdinə nə edə bildik?
Sən bizi böyütdün, boy-buxun verdin,
Biz… ancaq şəklini büyüdə bildik…
Az qala yadımdan çıxmışdı. 2003 – cü ilin fevral ayında Həcc ziyarətində olanda, Kəbədə, sübh namazından sonra adından iki rikət namaz qıldım. Bilmirəm, belə şey olar ya olmaz, amma içimdən gəlmişdi, elədim. Gecə yuxuma girdi. Gənc, gözəl bir görkəmdə gördüm onu. Nə üzündə qırışlar var idi, nə də gözlərində qayğı… Ürəkdən gülürdü. «Səni bacım balalarının hamısının ağsaqqalı elədim». Etiraz elədim. Zülfüqar var, Barat var, Kamal var, mən hara, ağsaqqallıq hara? «Vaxt gələr, bilərsən».
Bərdənin Dəymədağlı kəndinin məzarlığında əsli Çəmənlinin Sarısöyünlü obasından olan bir ana məzarı var. Bura kim ziyarətə gəlsə, ilkin Hürizad xalamın məzarının üstünə gəlir, «fatihə» oxuyub, ruhuna Allahdan rəhmət diləyəndən sonra, öz doğmalarını ziyarət edirlər. El anasına elimizin-obamızın camaatı belə hörmət qoyur.