Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 16
Yaşa belə
ОглавлениеHər şey,
hər şey
boğur səni.
İçindəki adam boğur,
çölündəki adam boğur,
havan boğur, hissin boğur.
Aralıqda o vurnuxan
düşüncələr nələr doğur?
Bir sakitlik olacaqmı
içindəki, çölündəki
bu savaşdan?
Sual yağır yağış kimi.
Ağacdakı yarpaqlar da
baxır sənə baxış kimi:
Səni yoran ağrılara
nə vaxtadək dözəcəksən?
Bilirəm ki,
əvvəl-axır bezəcəksən.
Səni boğan o dərdləri
bir «ah» ilə çıxart getsin.
Ötən ötsün, itən itsin.
Öz-özünü sən boğmasan
kimsə səni boğa bilməz,
səndən səni doğa bilməz.
Yaşamaqçün
doğ özündən təzə adam.
Səni boğan aralıqdan,
qovğalardan
birdəfəlik azad ol tam.
«Yeni həyat,
yeni adam —
bundan sonra
göy doğduğu
bir övladam».
Ya da de ki:
«bu dünyaya tamam yadam»,
ya da çığır için boyu:
«burax məni yolayrıcı,
burax gedim.
Mən də buyam».
Ya da yaşa belə.
Yaşa belə, dözənəcən,
öz-özünü üzənəcən…
30.05.2018