Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 6
Kİmsəsiz evlər
Оглавлениеİlahi, bu evdə kim qalacaq, kim?
Bu evin yükünü kim qaldıracaq?
Çəkib öz içinə dərd havasını,
bu sönmüş ocağı kim yandıracaq?
Üşüyən sobada dərdli kösövlər,
qırılan, yarımçıq ömür kimidi.
Qaralmış divarı bağrına basan,
kövrək xatirələr kömür kimidi.
Sahibin axtaran bir qara xəyal
qulaq kəsilibdi yel sorağına.
Dikib gözlərini qəriblər kimi
bağlı qapıların lal dodağına.
Yiyəsiz evlər də adam kimidi,
bir ev də beləcə yetim qalacaq.
İsti nəfəslərə möhtac evlərin,
həsrətdən içini torlar alacaq.
İlahi, bu evdə kim qalacaq, kim
Sükutda boğulan zaman içində.
Dərdi özü boyda nəm çəkən evlər,
intizar içində, güman içində.
03.02.2014