Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 7
Qoru mənİ
ОглавлениеBu gecə yuxumu ərşə çəkdirən
dərdlər göy əskiyə bükəcək məni.
Tutub öz əlimlə, dırnaqlarımla,
hələ codlaşmamış barmaqlarımla
məni öz qanıma boyuyacaqdı.
Sonra maddım-maddım baxıb üzümə
bu dərdi taleyə bağlayacaqdı.
Qanımı dondurub, səsimi kəsib,
küyümü içimdə saxlayacaqdı.
Arzular qurtarmır, güman yetişmir,
uzanan əlimə ümman yetişmir.
Sən məni dənizin üstünə çıxar,
istərsən yeriyib gedim bu yerdən.
Məni utandırma özüm-özümdən.
Açın bu gecənin qapılarını.
Udacam gecəni hava qarışıq,
bu dəniz qarışıq, səma qarışıq,
ulduzlar qarışıq, o ay qarışıq.
İlahi, sən məni günahdan qoru,
məni utandırma gecə yanında,
bu dəniz yanında, o ay yanında,
məni utandırma Onun yanında.
…qoru bu gecəlik günahdan məni,
qoru bu gecəlik qınaqdan məni.
27.01.2015