Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 28
Özgə şəhərdə
ОглавлениеÖzgə şəhərdə yaşamaq nə gözəl.
Özgə şəhərin gülləri də fərqli,
quşları da, ağacları da,
binaları da, adamları da…
Adam özünü və sevdiyini yaxşı tanıyır özgə şəhərdə.
Doğma şəhərin doğma küçələrindən,
sənə baxan pəncərələrdən, tanış adamlardan çəkinirsən,
sıxılırsan…
Özgə şəhərlərdə tək ay tanış, bulud tanış,
günəş tanış, yağış tanış, külək tanış, sən tanış…
Bir də bizi tək buraxmayan qaranlıq gecələr tanış.
Qarış bu şəhərin adamlarına, qaynayıb qarış.
Dodaqların bizi unutduğu, qulaqların sakit qaldığı
bu yerlər necə də gözəl.
Gizlində dediyimizi aşkarda deyəcəyik,
və bütün küçələri qol-boyun gəzəcəyik.
Hələ insanların gur olduğu yerlərdə şəkil də çəkdirəcəyik.
Sonra, uzandığımız çəmənlikdə, pilləkənlərdə
göyərçinlər yaxın gəlib qonacaq əllərimizə,
qumru quşları baxışlarıyla məktub göndərəcək məndən sənə.
Hər anımızı kadra alacağıq;
baxıb gülən gözlərimizi, heç unudulmayacaq o günlərimizi.
Əl-ələ tutub qaçacağıq meydan, küçə boyunca,
kefini çıxaracağıq bu günlərin doyunca.
Sevib sevildiyi qədərdi bir insan ömrü.
Boşaldığın, dolduğun, sənin sən olduğun,
gecəsi gündüzündən,
gündüzü gecəsindən uzun
özgə şəhərdə yaşamaq necə də gözəl.
Çox gözəl.
17.01.2018