Читать книгу Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə - Страница 41
Sevgİnİn səsİ
ОглавлениеHamıdan sakitdim, saf bir oğlandım.
Başımı aşağı salıb gəzərdim.
Günəşin altında qaralanacan,
günü saatlara düzüb bəzərdim.
Məni aya bölüb böyüdən ilin,
oxşar günlərində heç darıxmadım.
Düşüncəm yerində, ağlım yerində,
sözümdə bir kərə heç karıxmadım.
Sevincli gündüzün, xoş axşamların
günəşi nə gözəl, ayı nə gözəl.
Qayğıdan çox uzaq uşaq çağların
yağışı, payızı, yayı nə gözəl.
Elə ki sən gəldin… hər şey dəyişdi.
Dəyişdi zaman da, dəyişdi an da.
Allanan yanaqla, gülən ürəklə
mənə göz vururdu təzə güman da.
Məhvəri dəyişdi sakit ömrümün,
sükutlu həyatım içdən qaynadı.
Baxdım üz-gözünə, matım qurudu:
İlahi, bu necə gözəl aynadı.
Könül aynasında mən sən olmuşam.
Dəyişib əhvalım, dəyişib halım.
Qayıdım özümə, ya səndə qalım?
Qorxuram olanı əlimdən salım…
Qalmışam bu iki yol arasında.
İçimdən içimə səs pıçıldayır:
«Dözməz bu halına…, dözməz ürəyin.
Qaytar məni geri, qadanı alım».
05.08.2017