Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 10
Nüvədİyə Üştübündən baxan dost…
ОглавлениеNüvədiyə Üştübündən baxan dost,
Gözlərinin didəsinə qurbanam.
Düşmənlərə əsir olan bu kəndin
Xəzan düşən vədəsinə qurbanam.
O yamaclar ürəyimi oxlayır,
Güllərini yağı düşmən qoxlayır…
Mənim ayaq izlərimi saxlayır,
Dərəsinə, təpəsinə qurbanam.
Nüvədi kəndi
Qulağıma dərdli gəlir avazı,
Qismətimdən necə olum irazı,
Mənsiz axıb yorğun düşən Arazın,
Dalğasına, ləpəsinə qurbanam.
Bir addımdı bu tayımdan o taya,
Namərd düşmən hasar çəkib araya…
Qanad açıb qonaydım bir qayaya,
Kəkliklərin nəğməsinə qurbanam.
Vətən, Vətən həsrətindən dağlıyam,
Vahidinəm, əli – qolu bağlıyam,
Bəlkə sənə ürəyimi yolluyam?
Həzin, həlim nəfəsinə qurbanam!
10.11.2018