Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 14

Olur

Оглавление

Dedim, beşgünlükdü bu qoca dünya,

Üç günü dolaşıq, dumanlıq olur.

Qalır iki günü, – o da ya qismət,

Ya da müvəqqəti sultanlıq olur.


Oturdum cavanlıq taxtı – tacında,

Unutdum acısın, ehtiyacın da.

Keçdi, gözlərimi yumub – açınca,

Bilmədim, zamanı bir anlıq olur.


Nəyindən söz açım keçən illərin?

Gözəl sonalayan, seçən illərin…

Baxmadım dadına şirin dillərin,

Sandım, yaxşılığa yamanlıq olur.


Nə sözüm, söhbətim olmadı karım,

Nə sevdiyim gözəl olmadı yarım…

Qaldı ortalıqda quru vüqarım,

Onun da taleyi gümanlıq olur.


Ay Vahid, qəlbindən götür inadı,

Hicrandı sevginin o biri adı…

Getdi, damağımda qalmadı dadı,

Gül kimi gündüzüm qaranlıq olur…

12.11.2018


Gözlərimin işığında. şerlər

Подняться наверх