Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 17
Şərİət, Tərİqət, Mərİfət, Həqİqət
ОглавлениеGözümü açandan Allah adına,
Azan, oruc gördüm, ibadət gördüm
Bu yolun yolçusu olan hər kəsin,
Qəlbini, könlünü çox rahat gördüm.
Nə qədər əziyyət çəksələr, yenə,
Gördüm hər çətinə gərirlər sinə…
Elimdə, obamda İmam Hüseynə,
Dərin sevgi gördüm, məhəbbət gördüm.
Donmadı soyuqda, şaxtada, qarda,
Fidanlar gül açdı bir ilk baharda…
Haqqın aşiqidi dostum Vüqar da,
Onda hikmət gördüm, mərifət gördüm.
Neçə sevdalara düşsə də başım,
İçimdə üsyan var haqsıza qarşı…
Ürfan məclisində olmadım naşı.
Dostlardan etibar, kəramət gördüm.
Ay Vahid, Haqq ilə bir tut dilini,
Tanrım abad etsin cənnət elini…
Çəmənlidə bitən çəmən gülünü,
Ömrümə ən şirin mükafat gördüm.
07.11.2018