Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 28
Aşıq Haşım Qubalıya
ОглавлениеYenə axşam düşür qoca dağlara,
Günəşdən əlimi üzürəm, aşıq.
Amma ümidim var gələn sabaha,
Zülmətdə nurunu sezirəm, aşıq!
Açılmır nə sazın, nə sözün baxtı,
İndi müğənnilər zəbt edib taxtı…
Sözlərin nur kimi qəlbimə axdı,
Elə bil, göylərdə süzürəm, aşıq.
Sən haqqı nahaqqa verməzsən heç vaxt,
Sənətin yolunda gedirsən sərvaxt.
Yollara çıxmazsan vaxtsız, baxtabaxt,
Mən səni şam ilə gəzirəm, aşıq.
Hünərdi əldə saz girmək meydana,
Qoşma, təcnis demək mərdi – mərdana…
Sənin tək aşığı doğmaz hər ana,
Demə, yoruluram, bezirəm, aşıq.
Vahidin qələmi itidir hələ,
Bağlayıb könlünü şerə, qəzələ.
Allahın yolunda cani-dil ilə,
Mən də hər çətinə dözürəm, aşıq.
27.10.2018