Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 40

Mənə yüz İl ömür arzula, dostum…

Оглавление

Mənə yüz il ömür arzula, dostum,

Fələk günlərimi bir – bir saymasın.

Qovuşum hər dürlü aydınlıqlara,

Göz görsün,

Qəlb vursun,

Əcəl duymasın.


Mənə yüz il ömür arzula dostum,

Keçdiyim yollara zirvədən baxım.

Çatdırım səsimi neçə mahala,

Gələn nəsillərin əlini sıxım.


Mənə yüz il ömür arzula, dostum,

Görüm insan oğlu qadirdi nəyə?

Görüm, ulduzları necə ram edir,

Hökm edir tufana, selə, küləyə?


Mənə yüz il ömür arzula, dostum,

Doyunca dinləyim kamanı, neyi.

Keçim dəryalardan, ayna sulardan,

Dolanım səmanı, yeddi qat göyü…


Ürəyim vurursa həyat eşqinə,

Azar da, bezar da bəhanədir ki…

Mənə yüz il ömür arzula dostum,

İnsan övladına yüz il nədir ki…

03.10.2018


Gözlərimin işığında. şerlər

Подняться наверх